Vətən! Hər kəs bu barədə danışır. Bəs, bu ifadə altında hansı məqamlar gizlənir, haradır sənin Vətənin? Dünyaya göz açdığın yer, yoxsa uşaqlığının- həyatının ən qayğısız anlarını yaşadığın ölkə? Bəlkə, qocalığını qarşılayacağın məmləkətdir? Yox, Vətən nə doğulduğun yer, nə də yaşadığın ölkədir.
Vətən sənin bir hissəndir. O yerdir ki, yaşının hansı çağında olmağından asılı olmayaraq, həmişə ora qayıtmağa can atırsan. Çünki o yerlərdə torpaq gül qoxuludur, insanları azaddır, gülərüzlüdür, səmimidir... Ancaq Vətəndə insan özünü əsl mənada vətəndaş kimi hiss edə bilir. Harada yaşamağından asılı olmayaraq Vətənə insan başqa sevinc və qürurla qayıdır. Ancaq onun uğrunda qəhrəman və şəhid olmağı özünə fəxr bilir və bildilər də... Torpaq, uğrunda ölən varsa Vətəndir.
70 il sovet imperiyasının tərkibində yaşamağa məhkum olunsa da, xalqımızın içində həmişə müstəqillik, azadlıq istəyi olub. Lakin içimizdəki o azadlıq qığılcımları ötən əsrin əvvəllərində daha da alovlandı.
Tariximizə əbədi həkk olunan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc vətəndaşlara qarşı misli görünməmiş dəhşətli qırğın törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsəd öz haqlı tələblərini irəli sürən Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında məhv etmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, neçə-neçə ailələri başsız qoysa da, yüzlərlə ocağın işığını həmişəlik söndürsə də, fəqət istəyinə nail ola bilmədi. Müstəqillik istəyini, milli qürurumuzu qırmağı bacarmadı. Belə ki, yanvarın 20-dən paytaxtda fövqəladə vəziyyət elan edildi. SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19:27-də Azərbaycan Televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişlərinin yayımı dayandırıldı. Gecə saatlarında isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan paytaxt Bakıya və bəzi rayonlarımıza bəzilərinə yeridilərək, əliyalın dinc əhalini qətlə yetirdi, yüzlərlə insan yaralandı və itkin düşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması xəbəri isə əhaliyə yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Artıq həmin saatlarda öldürülən günahsız vətəndaşların sayı yüzü ötmüşdü. Xalqımızın tarixinin şərəfli səhifəsini yazdığı o günləri ürək ağrısı ilə xatırlasaq da Azərbaycanın müstəqilliyinə gedən yolun başlanğıcı olduğu hər birimizdə qürur hissi yaradır.
Ölkədə olmamasına baxmayaraq, Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan bu hadisəyə elə ilk qiyməti müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev verdi. Ulu Öndər Moskvada xüsusi nəzarət altında olmasına rəğmən, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə ciddi etirazını bildirdi. Ümummilli lider Heydər Əliyev faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Faktların dili ilə əsl həqiqət beynəlxalq ictimaiyyətə bəyan edildi. Daha sonra ümummilli lider Heydər Əliyevin 1994-cü ildə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı Fərmanında Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis həmin ilin martın 29-da 20 Yanvar faciəsi ilə bağlı qərar qəbul etdi.
Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozuldu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılan ən səthi təhqiqatlarda belə öz təsdiqini tapıb.
Son 14 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın iqtisadi və siyasi mövqeyinin daha da möhkəmləndirilməsini şərtləndirdi. Azərbaycan həqiqətləri əsaslı şəkildə dünyaya çatdırıldı. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda təbliği istiqamətində gördükləri işlər də danılmazdır. Qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondu və onun xarici ölkələrdəki nümayəndəlikləri, eləcə də səfirliklərimiz həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir-birindən əhəmiyyətli tədbirlər həyata keçirirlər.
Bu il xalqımız 20 Yanvar hadisələrinin 27-ci ildönümünü qeyd edir. Yalnız həmin gün deyil, təqvimin hər günü Vətən, torpaq uğrunda şəhid olmuş qəhrəman övladlarımızın igidliyini, fədakarlığını məhəbbətlə xatırlayaraq, onların əziz xatirəsini böyük ehtiramla yad edirik.
Günel Eyyubova, “İki sahil”