11 noyabr 2026 09:00
126

Sarsılmaz qardaşlıq

Qardaş Türkiyə bu gün nəinki regionda baş verən siyasi və geosiyasi proseslərdə, eyni zamanda, qlobal miqyasda mühüm qərarların qəbulunda söz sahibi olan dövlətlərdən biridir. Türkiyənin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi gücünün artması, regional və dünya siyasətində mövqelərinin möhkəmlənməsi, şübhəsiz ki, Azərbaycanı da sevindirir. Çünki Azərbaycan üçün Türkiyənin güclənməsi həm də türk dünyasının güclənməsi, ortaq maraqlarımızın və milli mənafelərimizin daha etibarlı müdafiəsi deməkdir.

Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri arasında nadir nümunə hesab olunur. Bu münasibətləri yalnız diplomatik əlaqələr, siyasi əməkdaşlıq və iqtisadi tərəfdaşlıq çərçivəsində dəyərləndirmək mümkün deyil. Bizi birləşdirən ortaq tarix, etnik köklər, dil, din, mədəniyyət və mənəvi dəyərlərdir. Bu bağlılıq zamanın sınaqlarından keçərək daha da möhkəmlənib. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin söylədiyi "Bir millət, iki dövlət" kəlamı Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ifadə edən tarixi bir prinsipə çevrilib.

44 günlük Vətən müharibəsi iki qardaş ölkə arasındakı birliyin və həmrəyliyin nə qədər möhkəm olduğunu bütün dünyaya bir daha nümayiş etdirib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işinə açıq və birmənalı dəstəyini ifadə edib.
Müharibədən sonra, 2021-ci il iyunun 15-də Şuşada imzalanan tarixi Şuşa Bəyannaməsi isə iki dövlət arasındakı münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəldib. Bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, regional təhlükəsizlik, qarşılıqlı müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm hüquqi-siyasi zəmin yaradıb. Şuşa Bəyannaməsi həm də dünyaya ünvanlanmış mühüm mesaj olub: Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin yanında olacaq, ortaq maraqlarını birlikdə qoruyacaq.

Lakin iki qardaş dövlət arasında mövcud olan bu sarsılmaz münasibətlər, təbii ki, hamını sevindirmir. Azərbaycan-Türkiyə birliyinin yaratdığı güclü siyasi və geosiyasi reallıqlar bəzi dairələri ciddi şəkildə narahat edir. Məhz buna görə də zaman-zaman iki ölkənin münasibətlərinə kölgə salmaq, xalqlarımız arasında süni narazılıq yaratmaq, ortaq maraqlarımıza zidd olan fikirləri gündəmə gətirmək cəhdləri müşahidə olunur. Belə qüvvələr müxtəlif mövzulardan istifadə edərək Azərbaycanı əsassız ittihamlarla hədəfə almağa çalışırlar. Xüsusilə onlar Azərbaycan-İsrail münasibətlərini məqsədli şəkildə təhrif edir, ölkəmizin Fələstin məsələsindəki mövqeyini şübhə altına almağa cəhd göstərirlər. Halbuki Azərbaycanın xarici siyasəti müstəqil milli maraqlara, qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır. Deməli, ölkəmizin müxtəlif dövlətlərlə əməkdaşlığını bir-birinə qarşı qoymaq və bundan siyasi manipulyasiya vasitəsi kimi istifadə etmək cəhdləri heç bir məntiqə sığmır. Dini məsələlər üzərindən ölkəmizə qarşı populist və məsuliyyətsiz ittihamlar səsləndirmək, reallığı təhrif etməklə ictimai rəyə təsir göstərməyə çalışmaq qəbuledilməzdir.

Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyəti və bu birliyin sarsılmazlığı hər iki ölkənin dövlət başçılarının çıxışlarında dəfələrlə ifadə olunub. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada keçirilən görüşlərdən sonra mətbuata bəyanatında bu məsələyə xüsusi toxunaraq bildirib ki, iki xalq və iki lider heç kimə imkan verməz ki, onların arasına girsin, yaxud şəxsi maraqları naminə birliklərinə, qardaşlıqlarına və həmrəyliklərinə kölgə salsın.

Dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyini və qardaşlığını sarsıtmaq istəyənlərin heç vaxt öz arzularına çatmayacağını da xüsusi vurğulayıb. Prezident İlham Əliyevin sözləri ilə desək: "Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". Şübhəsiz, bu fikirlər iki ölkə arasındakı münasibətlərin hansı möhkəm təməl üzərində qurulduğunu aydın şəkildə göstərir. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycan-Türkiyə münasibətlərini "sönməz məşəl" adlandıraraq Türkiyənin və türk millətinin hər zaman Azərbaycanın yanında olacağını, ölkəmizin sevincini də, kədərini də bölüşəcəyini bəyan edib. Bu, sadəcə, diplomatik ifadə deyil, Türkiyənin Azərbaycana münasibətdə dəyişməz siyasi iradəsinin və qardaşlıq mövqeyinin təzahürüdür.

Prezident Rəcəb Tayyib Ərdoğan Qarabağda aparılan quruculuq və bərpa işlərindən danışarkən bu istiqamətdə Azərbaycanın səylərini yüksək qiymətləndirib. Yeri gəlmişkən, Türkiyə dövlətinin dəstəyi ilə Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzinin və Ağıllı Tingçilik Mərkəzinin yaradılması iki ölkə əməkdaşlığının yeni nümunəsi kimi diqqət çəkir. Bu, işğaldan azad olunmuş ərazilərin ekoloji bərpasına və yaşıllaşdırılmasına mühüm töhfə verir. Türkiyənin Qarabağ və Şərqi Zəngəzurda təhsil infrastrukturunun qurulmasına verdiyi dəstək də xüsusi əhəmiyyət daşıyır. Ərdoğan Ağdamda 14 500 kvadratmetr sahəni əhatə edən, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlandığını və onun növbəti il istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib.  Bütün bunlar bir daha göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri möhkəm tarixi təmələ, qarşılıqlı etimada və ortaq strateji maraqlara əsaslanır. Bu münasibətləri kənar qüvvələrin təxribatları, əsassız ittihamları və siyasi manipulyasiyaları ilə zəiflətmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə birliyinin təməli möhkəmdir, məşəli də daim yanacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”