Ukrayna Prezidenti Volodimir Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə danışıb.
“İki sahil” xəbər verir ki, bu barədə Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşım edib.
Zelenski diplomatik vəziyyət, Əbu-Dabidə keçiriləcək görüşə hazırlıq və ərzaq təhlükəsizliyi məsələlərinə toxunub.
“Diplomatiyadakı vəziyyət barədə məlumat verdim. Əbu-Dabidə keçiriləcək görüşün gündəliyində olan hər bir məsələ üzrə fəal hazırlıq aparırıq. Ukrayna tərəfinin yanaşması hər zaman konstruktivdir və Rusiyadan da gərginliyin azaldılması istiqamətində addım atmağa eyni hazırlıq tələb olunur.
Cənab Baş nazir dəfələrlə, o cümlədən Rusiyanın rəhbərinə də bildirib ki, indi müharibəni davam etdirmək deyil, ona son qoymaq vaxtıdır.
Hindistanın öz addımları və digər liderlərlə dialoqu vasitəsilə müharibənin başa çatmasını yaxınlaşdırmağa necə töhfə verə biləcəyini müəyyənləşdirməsi vacibdir. Bu istiqamətlərdən biri ərzaq təhlükəsizliyi ola bilər. Hindistan ərzaq dəhlizlərinin fəaliyyətinin qurulmasında vasitəçi kimi çıxış etməyə hazırdır və bu istiqamətdə səylərin davam etdiriləcəyinə ümid edirik.
Bu və digər ikitərəfli məsələlərlə bağlı komandaların əlaqədə qalması barədə razılığa gəldik”, - deyə Zelenski bildirib.