12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiva edir.
Konstitusiya hər bir müstəqil dövlətin hüquqi təməli, siyasi və ictimai həyatının əsas istiqamətlərini müəyyən edən ali hüquqi sənədidir. Dövlətin idarəçilik sistemi, hakimiyyət orqanlarının səlahiyyətləri, vətəndaşların hüquq və vəzifələri, cəmiyyətlə dövlət arasındakı münasibətlər məhz Konstitusiya ilə tənzimlənir. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu mühüm hadisə Azərbaycan xalqının öz dövlətinin gələcəyini müəyyən etmək, milli maraqlarını qorumaq və hüquqi dövlət quruculuğunu təmin etmək istiqamətində atdığı tarixi addım kimi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri müstəqil dövlətin hüquqi bazasının yaradılması, dövlət idarəçiliyinin yeni prinsiplər əsasında qurulması və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi idi. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan mürəkkəb siyasi, iqtisadi və ictimai vəziyyət, dövlət idarəçiliyindəki çətinliklər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ərazi bütövlüyümüzə yönəlmiş təhdidlər və digər problemlər müasir tələblərə cavab verən yeni Konstitusiyanın qəbulunu zəruri edirdi. Belə bir şəraitdə Azərbaycan dövlətçiliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi, qanunun aliliyinin bərqərar olunması və müstəqil dövlət institutlarının formalaşdırılması əsas prioritetlərə çevrilmişdi.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlandı. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin yaradılması, milli maraqların qorunması və hüquqi islahatların aparılması yeni Konstitusiyanın hazırlanması üçün zəruri şərait formalaşdırdı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil etmişdir.
2 iyun 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya yaradılmış və həmin komissiyaya Heydər Əliyev rəhbərlik etmişdir. Konstitusiya layihəsinin hazırlanması zamanı beynəlxalq hüququn ümumtanınmış prinsipləri, demokratik dövlətçilik təcrübəsi, insan hüquqlarının müdafiəsi mexanizmləri və Azərbaycan xalqının tarixi dövlətçilik ənənələri nəzərə alınmışdır. Geniş müzakirələrdən sonra hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq referendumuna çıxarılmış və xalqın iradəsi ilə qəbul edilmişdir. Bu hadisə müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu tarixində fundamental əhəmiyyətə malik olmuş, ölkənin gələcək inkişafı üçün möhkəm hüquqi zəmin yaratmışdır.
Azərbaycan Respublikasının Konstitusiyası özünün məzmunu, hüquqi mahiyyəti və müəyyən etdiyi prinsiplərlə müasir demokratik dövlət quruculuğunun fundamental əsaslarını formalaşdırır. Konstitusiya preambulasında Azərbaycan xalqının dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətini inkişaf etdirmək, qanunun aliliyinə əsaslanan hüquqi və dünyəvi dövlət qurmaq, insanların layiqli həyat səviyyəsini təmin etmək kimi ali məqsədləri bəyan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hüquqi və siyasi sisteminin əsaslarını müəyyən etməklə yanaşı, cəmiyyətin bütün sahələrində hüquqi münasibətlərin tənzimlənməsi üçün fundamental baza rolunu oynayır.
Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarına xüsusi yer ayrılması ölkəmizin demokratik dövlət quruculuğu istiqamətində seçdiyi inkişaf yolunun mühüm göstəricisidir. Konstitusiyanın III fəsli əsas insan və vətəndaş hüquq və azadlıqlarını, habelə onların təminatlarını əhatə edir. Bu hüquqlar şəxsi, siyasi, iqtisadi, sosial və mədəni hüquqları özündə birləşdirir. İnsan hüquqlarının müdafiəsi dövlətin əsas vəzifələrindən biri olmaqla, bütün dövlət qurumlarının və vəzifəli şəxslərin fəaliyyətində rəhbər tutulmalı olan prinsipdir.
Xüsusilə vurğulanmalıdır ki, Konstitusiya insan hüquqlarını yalnız bəyan etmir, həm də onların müdafiəsi üçün hüquqi mexanizmlər müəyyənləşdirir. Məhkəmələrə müraciət etmək, hüquqi müdafiədən istifadə etmək və qanunla nəzərdə tutulmuş digər vasitələrdən yararlanmaq bu mexanizmlərin mühüm tərkib hissəsidir. Konstitusiyanın 60-cı maddəsində hüquq və azadlıqların inzibati və məhkəmə təminatı təsbit olunmuşdur. Bu norma hər bir şəxsin hüquqlarının müdafiəsi baxımından mühüm hüquqi təminatdır.
Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyəti orqanlarının yaradılması, fəaliyyət istiqamətləri, səlahiyyətləri və qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. Milli Məclisin qanunvericilik fəaliyyəti, Prezidentin dövlət başçısı kimi səlahiyyətləri, Nazirlər Kabinetinin icra hakimiyyəti sistemində rolu, məhkəmə hakimiyyətinin müstəqilliyi və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti Konstitusiyanın müvafiq müddəaları ilə tənzimlənir.
Konstitusiya dövlət idarəçiliyində hüquqi müəyyənliyi təmin etməklə yanaşı, hakimiyyət orqanlarının öz səlahiyyətlərini aşmasının qarşısını almağa xidmət edən mühüm hüquqi çərçivə yaradır. Bu baxımdan, dövlət orqanlarının fəaliyyətində Konstitusiyanın müddəalarına əməl olunması, qəbul edilən qərarların qanunvericiliyə uyğunluğu və vətəndaşların müraciətlərinə qanun çərçivəsində baxılması hüquqi dövlət quruculuğunun əsas şərtlərindəndir. Konstitusiyanın aliliyi prinsipi bütün normativ hüquqi aktların ona uyğun olmasını tələb edir. Bu isə hüquq sisteminin vahidliyini və hüquqi münasibətlərin sabitliyini təmin edən əsas amillərdəndir.
Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması fundamental konstitusion məqsədlər kimi təsbit edilmişdir. Ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması dövlətin əsas vəzifələrindən biri olmaqla, milli təhlükəsizliyin, sabitliyin və gələcək inkişafın hüquqi təminatını təşkil edir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş suverenliyin tam bərpası tədbirlərindən sonra ölkənin bütün ərazilərində dövlət suverenliyinin bərpa olunması müasir Azərbaycan tarixinin mühüm hadisələridir. Bu yeni reallıqlar şəraitində Konstitusiyanın dövlət suverenliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi, qanunun aliliyinin bütün ölkə ərazisində tətbiqi və dövlət institutlarının fəaliyyətinin təşkili baxımından əhəmiyyəti daha da aktuallaşmışdır.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yaradılması, iqtisadi və sosial həyatın bərpası da müstəqil dövlətin konstitusion əsasları çərçivəsində həyata keçirilir. Bu baxımdan, Konstitusiya yalnız dövlətin hüquqi idarəçilik sənədi deyil, həm də ölkənin suveren inkişafının və gələcək nəsillər üçün davamlı dövlətçilik ənənələrinin təminatıdır.
Azərbaycan Respublikasında noyabrın 12-si Konstitusiya Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin 1996-cı il noyabrın 1-də imzaladığı Fərmanla müəyyən edilmişdir. Hər il qeyd olunan bu tarix müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, xalqın dövlətçilik iradəsini və Konstitusiyanın cəmiyyətin həyatındakı əhəmiyyətini bir daha xatırladır.
Pərvanə Vəliyeva, Milli Məclisin deputatı