İqtisadçı: 2027-ci ildə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan altı sosial islahat paketi həm əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, həm də iqtisadiyyatın dayanıqlı inkişafına xidmət edəcək
Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini sosial müdafiənin gücləndirilməsi, vətəndaşların rifahının yüksəldilməsi və layiqli həyat şəraitinin təmin olunması təşkil edir. Bu məqsədlə son illərdə əhalinin gəlirlərinin artırılması, əməkhaqqı və pensiyaların yüksəldilməsi, sosial təminat mexanizmlərinin genişləndirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilib. Sosialyönümlü siyasətin davamı olaraq 2027-ci ildə də genişmiqyaslı sosial paketin reallaşdırılması nəzərdə tutulur.
Maliyyə naziri Sahil Babayevin Milli Məclisin komitələrinin birgə iclasında səsləndirdiyi məlumata görə, növbəti il üçün nəzərdə tutulan sosial paketin maliyyə təminatı artıq dövlət büdcəsində ehtiyat vəsait kimi müəyyənləşdirilib. Konkret artımların istiqaməti və məbləği isə müvafiq sərəncam və fərmanlar imzalandıqdan sonra bəlli olacaq.
Əvvəlki illərdə həyata keçirilən sosial islahatlar çərçivəsində minimum əməkhaqqı 130 manatdan 400 manata, minimum pensiya isə 116 manatdan 320 manata çatdırılıb. Sosial paketlərin əhatə dairəsinin 2-3 milyon nəfər arasında dəyişməsi bu tədbirlərin geniş əhali kütləsini əhatə etdiyini göstərir. Növbəti il üçün nəzərdə tutulan yeni paketin də sosial müdafiə mexanizmlərinin gücləndirilməsinə, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin artırılmasına töhfə verəcəyi gözlənilir.
Bəs, sözügedən sosial paketin iqtisadi baxımdan əhəmiyyəti nədən ibarətdir və bu addım əhalinin sosial rifahına necə təsir göstərə bilər?
Sosial xərclər iqtisadi modelin prioritetini göstərir

İqtisadçı Emin Qəribli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, 2027-ci ildə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan altı sosial islahat paketi həm əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, həm də iqtisadiyyatın dayanıqlı inkişafına xidmət edəcək: “Bildiyimiz kimi, gələn il sosial müdafiə xərcləri 18,7 milyard manat təşkil edəcək ki, bu da dövlət büdcəsi xərclərinin 44,2 faizinə bərabərdir.
2027-ci ildə pensiyaların indeksasiyası da nəzərdə tutulur. İlkin hesablamalara əsasən, pensiyaların təxminən 7,5 faiz artırılması gözlənilir. İnflyasiyanın 4 faiz səviyyəsində proqnozlaşdırıldığını nəzərə alsaq, pensiyaların artım tempi inflyasiya səviyyəsini üstələyir. Bu isə pensiyaçıların nominal gəlirlərinin artması ilə yanaşı, real alıcılıq qabiliyyətinin də yüksəlməsinə imkan yaradacaq.
Ümumilikdə, büdcə göstəriciləri sosial istiqamətə ayrılan vəsaitlərin əhəmiyyətli olduğunu göstərir. Məsələn, müvafiq xərclərin 9,3 faiz artaraq 9,3 milyard manata çatacağı proqnozlaşdırılır. Bu kimi göstəricilər Azərbaycanın iqtisadi modelinin sosialyönümlü xarakterini bir daha nümayiş etdirir”.
Əhalinin gəlirləri artır, iqtisadi fəallıq genişlənir
İqtisadçı qeyd etdi ki, dünyada iqtisadi dəyişkənliyin və qeyri-müəyyənliyin artdığı bir dövrdə dövlətin sosial baxımdan həssas əhali qruplarına dəstək göstərməsi xüsusi əhəmiyyət daşıyır: “Bununla yanaşı, sosial ödənişlərin artırılması əhalinin alıcılıq qabiliyyətini gücləndirir, istehlak xərclərinin və daxili tələbin artmasına şərait yaradır. Daxili tələbin genişlənməsi isə öz növbəsində iqtisadi fəallığa və iqtisadi artıma müsbət təsir göstərir.
Hesab edirəm ki, Azərbaycanda həyata keçirilən bu istiqamətli islahatlar və formalaşmış iqtisadi model öz nəticəsini verir. Xüsusilə dünyada baş verən prosesləri və mövcud iqtisadi tendensiyaları nəzərə aldıqda, belə bir şəraitdə dövlət dəstəyinin əhəmiyyəti daha aydın görünür. Son onilliklərdə iqtisadiyyatda liberallaşma meyilləri ön plana çıxsa da, hazırkı qlobal şəraitdə dövlətin iqtisadi və sosial proseslərdə rolu yenidən aktuallaşıb. Avropa ölkələrinin təcrübəsi də göstərir ki, qiymətlərin, xüsusilə enerji daşıyıcılarının bahalaşması sosial narazılıqların artmasına səbəb ola bilir”.
E. Qəribli diqqətə çatdırdı ki, digər tərəfdən, sosialyönümlü siyasəti yalnız birbaşa büdcədən ayrılan sosial müdafiə vəsaitləri ilə məhdudlaşdırmaq düzgün olmazdı. Təhsil və səhiyyə sahələrinə yönəldilən xərclər, bu istiqamətlərdə həyata keçirilən islahatlar da sosial xarakter daşıyır. Bütün bunlar əhalinin rifahının yüksəldilməsi və qarşıya qoyulan sosial-iqtisadi məqsədlərə nail olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Nigar Orucova, “İki sahil”