11 noyabr 2026 22:43
78

Venesuela 10 ildən sonra ilk dəfə neft avadanlıqlarını ABŞ-yə təmirə göndərib

Venesuela 10 ildən artıq müddətdən sonra ilk dəfə texniki xidmət göstərilməsi üçün ABŞ-yə neft avadanlıqları göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi sərəncamında olan sənədə istinadən məlumat yayıb.

Bundan əvvəl ölkə sanksiyalar və maliyyə çatışmazlığı səbəbindən avadanlıqları təmir etdirə bilmirdi.

Venesuelanın dövlət neft şirkəti Petroleos de Venezuela SA-nın (PDVSA) rəhbəri Ektor Obreqon oktyabrın sonunda dörd qaz generatorunun və altı kompressorun Hyustondakı Siemens Energy texniki xidmət mərkəzlərinə göndərilməsi üçün icazə sənədlərini imzalayıb.

Məlumatlı mənbənin agentliyə bildirdiyinə görə, avadanlıqlar çərşənbə günü səhər Hyustona göndərilib. Təmir işləri başa çatdıqdan sonra onlar Marakaybo gölü ərazisində quraşdırılacaq.

Təmirin dəyəri təxminən 46 milyon dollar qiymətləndirilir. İşlərin başa çatdırılması üç-altı ay çəkəcək.