12 noyabr 2026 21:00
89

İrəvan-Tehran məkrli ortaq təxribatının növbəti nümayişi...

“İstədiyiniz qədər dağlara xaç qoyun. Göyüzünə hər baxdığınızda hilalı görəcəksiniz.”
Aliya İzzetbekoviç

Zaman-zaman Azərbaycanın mədəni irsinin, tarixi mənsubiyyətinin dəyişdirilməsi və mənimsənilməsində Ermənistan-İran işbirliyinin şahidi oluruq. Uzun illərdən bəri iki ölkənin Cənubi Qafqazda Azərbaycana qarşı mədəni-tarixi, diplomatik, hərbi, təhlükəsizlik, informasiya xarakterli ortaq təxribatları rəsmi Bakı tərəfindən kəskin etirazla qarşılanıb.

Bu günlərdə İrəvanda Azərbaycanın tarixi-mədəni abidələrindən olan, 1776-cı ildə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirilmiş Göy Məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adı verilməsi, Ermənistanda  işgüzar səfərdə olan İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi şairin adının əks olunduğu lövhənin açılışını etməsi Azərbaycanın mədəni-tarixi irsinə qarşı növbəti fars-erməni təxribatının əyani sübutudur.

İranın Ermənistandakı səfirliyinin məlumatına əsasən, növbəti mərhələdə məscidin mərasim zalında Çarentsin büstünün quraşdırılması nəzərdə tutulur. Həmçinin Azərbaycanın orta əsrlər memarlıq ənənəsini, dini-sosial həyatını və etnik-mədəni kimiliyini özündə əks etdirən Göy məsciddə fars şairi Firdovsinin “Şahnamə” əsərinin erməni dilinə tərcüməsinin təqdimat mərasimi də baş tutub.

Bütün bunlar Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, politoloq və ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycanın mədəni-tarixi abidələrinin erməniləşdirilməsi və farslaşdırılması, eləcə də siyasi-ideoloji məqsədlər üçün istifadə edilməsi kimi qiymətləndirilib. Artıq məsələ ilə bağlı hər iki ölkəyə etiraz bildirilib.

 Ötən əsrdə məqsədyönlü deportasiyalar, köçürülmələr və etnik təmizləmələr siyasəti nəticəsində beynəlxalq müstəvidə monoetnik dövlət kimi səciyyələndirilən, təcavüzkar Ermənistan həm öz ərazisində-tarixi Qərbi Azərbaycanda, həm də təxminən 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı tarixi torpaqlarımızda yüzlərlə məscidi, tarixi abidəni və qəbirstanlığı dağıdanda özünü müsəlman dünyasına “İslam təəssübkeşi” kimi tanıtmağa cəhd edən İranın susmasını, necə deyərlər, hətta əl altından İrəvana dəstək verməsini hamımız yaxşı xatırlayırıq. İrəvandakı Göy məscidin Tehran rəsmiləri tərəfindən İran mədəni irsinin  bir hissəsi kimi təqdim edilməsi, 2019-cu ildə  o vaxt işğal altında olan Şuşadakı Yuxarı Gövhər Ağa məscidində Ermənistan tərəfinin və İranın “PartSaman Jahan” memarlıq şirkətinin birgə layihəsi əsasında təmir işlərinin aparılması, işğal dövründə dövründə Qarabağdakı tarixi və dini abidələrin mənşəyinin dəyişdirilməsi və ya farslaşdırılması Azərbaycan tərəfindən dəfələrlə gündəmə gətirilib. Onu da qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra Azərbaycan memarları tərəfindən Yuxarı Gövhər Ağa məscidinin ilkin memarlıq üslübu və tarixi görkəmi bərpa olunub.

Bütün bunların fonunda erməni-fars ortaq təxribatı ilə ilkin memarlıq xüsusiyyətləri və tarixi-memarlıq üslubu farslaşdırılan, turistlərə, əcnəbi qonaqlara “fars məscidi” kimi təqdim olunan Göy məscidin mərasim zalına erməni şairi, 1915-ci ildə Qafqaz Cəbhəsində vuruşmaq üçün Rus ordusuna bağlı olan 6-cı erməni könüllü hərbi dəstəsində Osmanlıya qarşı vuruşan Yeğişe Çarentsin-Yeğişe Abgari Soğomonyanın adının verilməsi növbəti Tehran-İrəvan ortaq təxribatı deyilsə bəs nədir?!  Erməni-fars işbirlikçiləri onu da unutmamalıdırlar ki, Azərbaycanın mədəni-tarixi irsinin ən parlaq nümunələrindən olan, Səfəvi dövlətinin memarlıq xüsusiyyətlərini özündə bariz şəkildə nümayiş etdirən, vaxtilə müsəlman azərbaycanlıların ibadətxanası kimi fəaliyyət göstərən Göy məscidin mərasim zalına həcv yanrında yazılan” Nairi  ölkəsi” ( “Yergir Nairi”) əsərinin müəllifi, dinsiz-imansız bolşeviklərin atəşli müdafiəçisi Yeğişe Çarentsin adının verilməsi heç nəyi dəyişməyəcək. Bəs Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq iddiası harada qaldı?

Şübhəsiz, Tehran-İrəvan təxribatçılarının indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsini silmək, onları hədəfə almaq cəhdləri tarixin və xalqımızın yaddaşı qarşısında aciz qalacaq.

Vaxtilə Bosniya və Hersoqovinanın əfsanəvi lideri, gənclik illərindən başlayaraq həyatını öz xaqlının milli və dini haqları, ölkəsinin müstəqillyininin və ərazi bütünlüyünün qorunması uğrunda yorulmaz mübarizəyə həsr edən, bu ölkənin ilk Prezidenti, Balkanlarda müavimət hərakatını rəmzi olaraq beynəlxalq aləmdə “Bilgə kral” olaraq yad edilən, siyasətçi-filosof Aliya İzzetbekoviç deyirdi: “İstədiyiniz qədər dağlara xaç qoyun. Göyüzünə hər baxdığınızda hilalı görəcəksiniz.”  Zulmə qarşı daim mətinliyi və mənəvi dürüstlüyü ilə seçilən, ədalətdən və müharibə əxlaqından bir an belə geri addım atmayan Aliyə İzzətbekoviç savaşın ən qarışıq, kəskin anlarında belə əsgərlərinə deyirdi: “Düşmənlərinizin uşaqlarına, qadınlarına və ibadətxanalarına toxunmayın”...

 Zahid Rza, “İki sahil”