Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa mətbuatında, Avropa İttifaqının 27 ölkəsində yayımlanan tanınmış informasiya portalı – EU Reporter–də “A reliable cooperation from the “Contract of the Century” adlı məqaləsi dərc olunub.
“İki sahil” xəbər verir ki, məqalədə dördüncü sənaye inqilabının yaratdığı yeni texnoloji çağırışlar, dəyişən iqtisadi-siyasi güc balansının ölkələrin daha çevik və əhatəli xarici siyasət aparmasını zəruri etdiyi və bu məcrada, Azərbaycan Respublikasının son illərdə Avropa qitəsi ölkələri ilə, o cümlədən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə hər zaman qarşılıqlı hörmət və etimad üzrərində qurulan münasibətinin xüsusi strateji önəm daşıdığı diqqətə çatdırılır.
Belə ki, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə, o cümlədən daimi siyasi dialoq, güclü iqtisadi gündəm və intensiv mədəniyyət və təhsil mübadilələri də daxil olmaqla yüksək səviyyədə əməkdaşlığın mövcud olduğu vurğulanır. Bu əməkdaşlığın ən parlaq səhifəsi Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə açılıb. Həmin tarixi neft sazişinin icrasında Böyük Britaniya şirkətlərinin, xüsusilə də əsas əlaqələndirici operator qismində çıxış edən British Petroleum (BP) şirkətinin rolu danılmazdır.
Deputat qeyd edir ki, bu günlərdə bu dərin tarixi təməl üzərində qurulan ikitərəfli əlaqələrimiz keyfiyyətcə tamamilə yeni – Strateji Tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Cari ilin 12 noyabr tarixində Dublin şəhərində Avropa Siyasi Birliyinin 9-cu Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış "Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" dövlətlərarası münasibətlərin tarixində yeni bir dönüş nöqtəsi oldu.
Eyni zamanda, M.Əfəndiyev Bəyannamənin siyasi və beynəlxalq hüquqi əhəmiyyətinə toxunaraq 2025-ci il 8 avqust tarixli Vaşinqton Bəyannaməsinin önəminin qeyd olunması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sülh addımlarının alqışlanması və Böyük Britaniyanın Cənubi Qafqazda davamlı sülhə verdiyi ardıcıl dəstəyin regionumuzun gələcək təhlükəsizliyi baxımından olduqca mühüm olduğunu bildirir. Sənəd özündə ikitərəfli əməkdaşlığın üç əsas strateji istiqamətini müəyyənləşdirir: müdafiə və təhlükəsizlik; ticarət, investisiya və yaşıl enerji keçidi; təhsil, elm və rəqəmsal transformasiya.
Sonda deputat İmzalanmış Bəyannamənin həm iki ölkə xalqlarının rifahına, həm də bütövlükdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəyini qeyd edir.
Həmin məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:
Bu ilin 10 ayında əlilliyi olan 130 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib
Xəzərin Azərbaycan sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunub