18 noyabr 2026 20:58
112

Paşinyan yeni Konstitusiya üzrə referendumda vətəndaşların dəstəyini gözləyir

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya üzrə keçiriləcək referendumda vətəndaşların böyük əksəriyyətinin onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.

“İki sahil” Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə parlamentdə hökumət saatı zamanı danışıb.

"Referendumun yekunlarına görə Ermənistan vətəndaşlarının böyük əksəriyyəti gedib yeni Konstitusiyaya səs verəcək, çünki bu Konstitusiyaya səs verməklə onlar özlərinin və gələcək nəsillərinin xeyrinə səs verirlər", - Paşinyan deyib.

Baş nazir vurğulayıb ki, yeni Konstitusiya gündəliyi dövlətin gələcəyinə dair baxış və model məsələlərini əhatə edir.

"Yeni Konstitusiyanın konsepsiyası və ideologiyası "Real Ermənistan" ideologiyasına əsaslanmağı təklif edir. Ermənistan Respublikasını beynəlxalq səviyyədə tanınmış ərazisində bir dövlət kimi təsbit etmək və münaqişələr səhifəsini bağlamaq, dövləti inkişaf etdirmək və onu nəsildən-nəslə ötürmək. Söhbət bundan gedir", - Paşinyan deyib.

O vurğulayıb ki, təklif olunan yanaşmanın məqsədi sülhü və xalqın hakimiyyətini dönməz etməkdir: "Yeni Konstitusiyanın bir mesajı var: biz bütün istiqamətlər üzrə münaqişələr səhifəsini bağlayırıq və sülhü daimi edirik. Məntiq belədir. Xalqın hakimiyyətini möhkəmləndiririk".

Paşinyan bildirib ki, Ermənistanın qüvvədə olan Konstitusiyası münaqişəyə xidmət etmək məntiqi ilə formalaşıb, yeni mətn isə sülhə xidmət etmək üçün nəzərdə tutulub.