22 noyabr 2026 10:56
204

İnsan hüquqları, yoxsa Azərbaycana qarşı siyasi qərəz?

ABŞ Konqresindəki bəzi qruplar Azərbaycana açıq şəkildə hörmətsizlik nümayiş etdirməkdə davam edirlər. Bunun növbəti nümunəsi noyabrın 18-də ABŞ Konqresinin Tom Lantos adına İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələr zamanı özünü göstərib. Bəri başdan qeyd edək ki, erməni diasporu tərəfindən maliyyələşdirilən, dezinformasiyalara əsaslanan bu qurumun dinləmələr zamanı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur. Görünən odur ki, müəyyən dairələr insan hüquqları kimi həssas bir mövzunu obyektiv araşdırmaq əvəzinə onu siyasi təzyiq vasitəsinə çevirməkdə maraqlıdırlar.

Yeri gəlmişkən, bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb. Bəyanatda bildirilir ki, sözügedən tədbirdə Azərbaycan əleyhinə ittihamların səsləndirilməsi, bunun müqabilində Ermənistandan zorla qovulmuş Qərbi azərbaycanlıların hüquqlarına, onların doğma yurdlarına qayıdışı məsələsinə, eləcə də dağıdılmış mədəni və dini irsinə yer ayrılmaması açıq-aşkar ikili standartların təzahürüdür. İcma haqlı olaraq vurğulayır ki, məsələlərin tarixi ədalət və beynəlxalq hüquq əsasında deyil, dini təəssübkeşlik baxımından təqdim edilməsi, insan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərdiyini iddia edən qurumun obyektivliyini sual altına qoyur.

Bəli, Qərbi Azərbaycan İcması tamamilə haqlıdır. Sual olunur: niyə indiyədək Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşı törədilmiş genişmiqyaslı etnik təmizləmə və qətliamlar, eləcə də Azərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi ABŞ Konqresinin Tom Lantos adına İnsan Hüquqları Komissiyasının diqqətini cəlb etməyib? Niyə Azərbaycanın şəhər və kəndlərinin dağıdılması, məscidlərin, qəbiristanlıqların və digər dini-mədəni abidələrin məhv edilməsi ilə bağlı bir dəfə də olsun prinsipial mövqe nümayiş etdirilməyib? Daha bir sual: Ermənistandan zorla deportasiya edilmiş yüz minlərlə azərbaycanlının hüquqları, onların tarixi torpaqlarına qayıtmaq istəyi nə üçün bu qurumun gündəliyində yer almır? Məgər insan hüquqları yalnız müəyyən dairələrin maraqlarına uyğun gələndə müdafiə olunmalıdır? Doğma yurdlarından didərgin salınmış azərbaycanlıların hüquqları, dağıdılmış evləri, məhv edilmiş dini və mədəni irsi beynəlxalq müdafiəyə layiq deyil? Halbuki insan hüquqlarının müdafiəsi siyasi və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsə şamil edilməli olan universal prinsipdir.

Şübhəsiz, onların bu kimi məsələlərdə susmaları daşıdıqları funksiyanın üstündən xətt çəkərək siyasi oyunların iştirakçısına çevrildiklərini, Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqedə dayandıqlarını göstərir. Bir sözlə, ölkəmizə qarşı bu cür kampaniyaların arxasında obyektiv araşdırmadan daha çox siyasi maraqlar dayanır. Amma bu qurum unutmasın ki, nə qədər belə hədyanlar yağdırsalar da, beynəlxalq aləmdə haqqımızda mənfi rəy yaratmağa çalışsalar da, rəsmi Bakını tutduğu yoldan və mövqeyindən döndərə bilməyəcəklər. Azərbaycan dövləti  bundan sonra da beynəlxalq hüququn prinsiplərini, milli maraqlarını və regionda davamlı sülhün təmin olunmasını əsas götürən siyasətini qətiyyətlə davam etdirəcək.

Digər tərəfdən belə dinləmələrin hansı siyasi məqsədlərə xidmət etdiyi də düşündürücüdür. Xüsusilə Cənubi Qafqazda sülh və əməkdaşlıq imkanlarının genişləndiyi, regionda yeni reallıqların formalaşdığı bir vaxtda Azərbaycana qarşı qərəzli kampaniyaların aparılması konstruktiv dialoqa xidmət etmir. Əksinə, bu cür addımlar etimad mühitinə zərbə vurmaqla yanaşı, Prezident Donald Tramp administrasiyasının regionda təşviq etdiyi sülh gündəliyinə də ziddir. Çünki ikili standartlar, tarixi faktların təhrif olunması və selektiv insan hüquqları yanaşması  sülhə deyil, qarşıdurmaya xidmət edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”