24 noyabr 2026 11:01
74

Qızılca niyə yenidən yayılır?

Pediatr: Hər hansı bir yoluxucu xəstəliyin tamamilə aradan qaldırılması üçün ən effektiv yol peyvəndlənmədir

Dünyada qızılca xəstəliyinin yenidən geniş yayılması yoluxucu xəstəliklərə qarşı mübarizədə əldə olunan nəticələrin qorunması, peyvəndlənmə proqramlarının davamlılığı və profilaktik tədbirlərin əhəmiyyətini bir daha gündəmə gətirir. Uzun illərdir effektiv peyvəndin mövcud olmasına baxmayaraq, müxtəlif ölkələrdə yoluxma hallarının artması immunizasiya səviyyəsinin aşağı düşməsi ilə bağlı ciddi narahatlıq doğurur. Xüsusilə COVID-19 pandemiyası dövründə peyvənd proqramlarında yaranan fasilələr, sonrakı mərhələdə peyvənddən imtina hallarının çoxalması və sosial şəbəkələrdə yayılan yanlış məlumatlar xəstəliyin yenidən yayılmasına zəmin yaradıb. Səhiyyə xərclərinin azaldılması, profilaktik tədbirlərə və əhali arasında maarifləndirmə işlərinə ayrılan resursların məhdudlaşdırılması da bu prosesə təsir göstərən amillərdəndir.

Qlobal yayılma fonunda ölkəmizdə sabit vəziyyət qorunur

Qızılcanın yenidən geniş yayılması onu göstərir ki, yoluxucu xəstəliklərə qarşı mübarizə yalnız peyvəndin mövcudluğu ilə məhdudlaşmır. Əhalinin immunizasiya ilə əhatə olunması, valideynlərin peyvəndin əhəmiyyəti barədə düzgün məlumatlandırılması və uşaqların vaxtında peyvəndlənməsi xüsusi əhəmiyyət daşıyır. Çünki yüksək yoluxuculuğa malik olan qızılca qısa müddətdə geniş yayıla, xüsusilə peyvənd olunmayan uşaqlar üçün ciddi sağlamlıq təhlükəsi yarada bilər. Xəstəliyin pnevmoniya, otit və ensefalit kimi ağırlaşmalara səbəb olması, bəzi hallarda isə uzun illər sonra ortaya çıxan və effektiv müalicəsi olmayan ağır nevroloji fəsadlarla nəticələnməsi profilaktikanın vacibliyini daha da artırır.

Azərbaycanda hazırda epidemioloji vəziyyət nəzarət altındadır. Ölkədə qızılca ilə bağlı mövcud vəziyyət əhali arasında narahatlıq yaradacaq xarakter daşımır. Bununla belə, dünyada müşahidə olunan epidemioloji mənzərə bu istiqamətdə profilaktik tədbirlərin diqqətdə saxlanılmasını, peyvəndlənmə əhatəsinin qorunmasını və valideynlərin məsuliyyətli yanaşmasını zəruri edir. Xüsusilə uşaqların milli peyvənd təqviminə uyğun olaraq vaxtında peyvənd olunması xəstəliyin yayılma riskinin azaldılmasında əsas şərtlərdən biridir.

Qızılcanın təhlükəsi ağır fəsadlarla ölçülür

Pediatr Gülnar Abdullayeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, dünyada qızılca xəstəliyinin yenidən yayılmasının əsas səbəblərindən biri peyvəndlənmə səviyyəsinin aşağı düşməsidir. Belə ki, hər hansı bir yoluxucu xəstəliyin tamamilə aradan qaldırılması üçün peyvəndlənmə mühüm şərtdir. Peyvənd xəstəliyin qarşısını almaqla yanaşı, yoluxma baş verdiyi halda onun ağırlaşma riskini də azaldır.

Onun sözlərinə görə, qızılca bir sıra ciddi fəsadlara səbəb ola bilər. Xəstəliyin kəskin dövründə pnevmoniya, otit, görmənin zəifləməsi, daha ağır hallarda isə ensefalit müşahidə edilə bilər. Ən təhlükəli ağırlaşmalardan biri isə qızılca infeksiyası keçirildikdən təxminən beş il sonra ortaya çıxa bilən SSPE - yarımkəskin sklerozlaşdırıcı panensefalitdir. Bu xəstəliyin hazırda dünyada effektiv müalicəsi mövcud deyil.

Peyvənd uşaqların sağlamlığının əsas təminatıdır

G. Abdullayeva diqqətə çatdırdı ki, qızılcanın yayılma riskini azaltmağın ən effektiv yolu peyvəndlənmədir. Peyvənddən sonra orqanizmdə xəstəliyə qarşı immunitet formalaşır. Bu da uşağın qızılcaya yoluxma ehtimalını azaldır, yoluxma baş verdikdə isə xəstəliyin daha yüngül və ağırlaşmalarsız keçməsinə kömək edir. Bununla yanaşı, uşaqların sağlamlığının qorunmasında düzgün qidalanma, normal yuxu rejimi, təmiz havada vaxt keçirmək və gündəlik rejimin düzgün təşkili də əhəmiyyətlidir.

Nigar Orucova, “İki sahil”