Finlandiyanın Aland adalarının paytaxtı Mariyexamnda şəhər meriyasının binasında 500-ə yaxın iştirakçını bir yerə toplayan beynəlxalq qastronomiya festivalı keçirilib.
“İki sahil” xəbər verir ki, festivalda Azərbaycan, Türkiyə, İran, İsveç, Venesuela, Seneqal, Almaniya, Avstriya, Çin və digər ölkələrin ənənəvi yeməkləri təqdim olunub.
Tədbirdə Azərbaycanı Aland adalarında fəaliyyət göstərən “RuLex Consulting” hüquq və konsaltinq şirkətinin təsisçisi və rəhbəri, hüquqşünas və sahibkar Ruhiyyə İsayeva təmsil edib.
Peşəkar fəaliyyəti ilə yanaşı, regionun ictimai və mədəni həyatında da fəal iştirak edən R.İsayeva deyib: “Mən Aland adalarında yaşayan ilk və hazırda yeganə azərbaycanlı qadınam. Festivalın qonaqlarında milli yeməklərimizin belə böyük maraq və heyranlıq doğurması məni xüsusilə sevindirir”.
Festival çərçivəsində qonaqlar Azərbaycanın milli kulinariya ənənələri ilə tanış olublar. Tədbir iştirakçılarına plov, dolma, eləcə də şəkərbura, qoğal və paxlava kimi ənənəvi Azərbaycan şirniyyatları təqdim edilib.
Festival ziyarətçilərə müxtəlif xalqların mədəniyyəti və qastronomik ənənələri ilə tanış olmaq, milli yeməklərin dadına baxmaq və digər xalqların nümayəndələri ilə ünsiyyət qurmaq imkanı yaradıb.
Azərbaycanın zəngin mədəni irsinin və kulinariya ənənələrinin Aland adalarında tanıdılması regionda mədəniyyətlərarası əlaqələrin inkişafına və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verib.
Merts: Ukrayna NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri almalıdır