24 noyabr 2026 09:30
75

Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı ADSEA-dan açıqlama

Noyabrın 24-də bəzi media orqanlarında Hacıqabul rayonunda Namiq Babayevin açıq kanalizasiya quyusuna düşərək həyatını itirdiyi barədə məlumat yayılıb.

“İki sahil”in məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) bildirir ki, hadisənin açıq kanalizasiya quyusu ilə əlaqələndirilməsi həqiqətə uyğun deyil. Hacıqabul rayonunda kanalizasiya şəbəkəsi mövcud olmadığından hadisə yerində açıq kanalizasiya quyusunun olması barədə iddia faktiki vəziyyətlə uzlaşmır.

İlkin araşdırmaya əsasən, hadisə yaşayış evlərinin həyətyanı sahələrindən axıdılan məişət sularının keçdiyi kiçik arxın bir hissəsində baş verib. Bu tip arxların dərinliyi adətən 15–20 santimetr təşkil edir. Həmin arxın kanalizasiya infrastrukturu ilə əlaqəsi yoxdur.

İlkin məlumatlara görə, mərhumun səhhətində problemlər olub. Onun səhhəti ilə əlaqədar müvazinətini itirməsi ehtimalı istisna edilmir. Ölümün dəqiq səbəbi müvafiq araşdırmanın və tibbi ekspertizanın nəticələri əsasında müəyyən ediləcək.

Qeyd edək ki, mediada 1981-ci il təvəllüdlü Şirvan sakini Namiq Babayevin Hacıqabul şəhərində kanalizasiya quyusuna düşərək həyatını itirdiyi barədə məlumat yayılmışdı.