24 noyabr 2026 17:30
70

Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Ənənəvi dostluqdan strateji tərəfdaşlığa

Dövlət başçısı İlham Əliyevin Vyetnama rəsmi səfəri və Vyetnam Xəbər Agentliyinə müsahibəsi dərin tarixi köklərə əsaslanan ikitərəfli münasibətlərin ənənələrə sadiq qalaraq uğurla inkişaf etdiyini təsdiqlədi

Xarici siyasətində müxtəlif dövlətlərlə iki tərəfli və çoxtərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın tərəfdaşlarının coğrafiyası günbəgün genişlənir. Ölkəmizin dəyişməz xarici siyasət prinsipləri bir tərəfdən yeni dostlar qazandırırsa, digər tərəfdən ənənəvi tərəfdaşlarla əlaqələrin yeni prioritetlər üzrə inkişafına geniş imkanlar açır. Bu gün Azərbaycan-Vyetnam münasibətləri fonunda qarşılıqlı etimad mühitinin qorunması ilə ənənəvi dostluqdan strateji tərəfdaşlığa uzanan yolun uğurlarını daha aydın görürük. Dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadı əsas amil kimi bəyan edən Azərbaycan bu mövqeyini real addımları ilə təsdiqləyir.

Prezident İlham Əliyevin 19-21 noyabr tarixlərində Vyetnama rəsmi səfəri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Səfər gündəliyinin zənginliyi keçirilən yüksəksəviyyəli görüşlərdə, imzalanan sənədlərdə və gələcək üçün müəyyənləşdirilən hədəflərdə özünün aydın ifadəsini tapdı.

Zamanın sınaqlarından uğurla çıxan dostluq

Təxminən yetmiş illik tarixə söykənən bu əməkdaşlıq zamanın sınaqlarından uğurla çıxmış siyasi etimad, ortaq tarixi yaddaş və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulub. Əlaqələrin bugünkü inkişaf səviyyəsindən bəhs edərkən onun zəngin tarixi köklərinə nəzər salmaq zəruridir. Azərbaycan-Vyetnam münasibətlərinin təməli hələ XX əsrin ortalarında iki xalqın liderlərinin uzaqgörənliyi ilə qoyulub. 1959-cu il iyulun 23-də Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri təkcə rəmzi dostluq mesajı deyil, həm də rəsmi Hanoyun gələcək enerji sənayesinin yol xəritəsi idi. Ho Şi Minin Vyetnamın dəniz neftinin hasilatında azərbaycanlı mütəxəssislərə ümid bəslədiyini ifadə etməsi sonrakı onilliklərdə reallığa çevrildi. 1981-ci ildə Vyetnamın Sovet İttifaqı ilə birgə “Vietsovpetro” müəssisəsinin yaradılmasında 2 minədək azərbaycanlı neftçi mühüm rol oynadı. 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini qismində Vyetnama səkkizgünlük səfəri və ölkənin əsas bölgələrini əhatə edən dirçəliş təşəbbüsləri bu prosesə güclü təkan verdi.

Dövlətimizin başçısı İlham Əliyev səfər ərəfəsində Vyetnam Xəbər Agentliyinə müsahibəsində, eləcə də səfər zamanı keçirilən görüşlərdə iki ölkənin müxtəlif sahələr üzrə uğurla inkişaf edən əlaqələrindən geniş bəhs etdi. Bildirdi ki, zamanın sınaqlarından çıxmış möhkəm dostluğa əsaslanaraq, qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi ardıcıl şəkildə davam etdirilib. Belə ki, 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri ikitərəfli münasibətlərə yeni nəfəs verdi. Keçən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri və bu çərçivədə “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat”ın qəbul edilməsi isə dövlətlərarası münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu.

 Səfər çərçivəsində Prezident İlham Əliyevin Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü mühüm məqamlarla yadda qaldı. To Lam vurğuladı ki, Vyetnam keçmişdə milli azadlıq uğrunda mübarizədə, həmçinin hazırkı inkişaf səylərində Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirir. O, 2025-ci ilin mayında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əlaqələrin konkret layihə və proqramlarla zənginləşdirilməsinin vacibliyini qeyd etdi.

Prezident İlham Əliyev isə beynəlxalq aləmdəki güclü qarşılıqlı dəstəkdən məmnunluğunu ifadə edərək, 2020-ci il Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı nəzərdə tutulan məhdudiyyətlərin önlənməsində Vyetnamın göstərdiyi ədalətli mövqeyin heç vaxt unudulmayacağını bildirdi.

Görüşlərdə SOCAR ilə “PetroVietnam” arasında əlaqələrin dərinləşdirilməsi, həmçinin Azərbaycanın külək və Günəş enerjisi sahəsindəki böyük potensialından birgə istifadə, Şərq-Qərb, Şimal-Cənub və Trans-Xəzər Beynəlxalq Nəqliyyat marşrutları üzrə infrastruktur layihələrində əməkdaşlıq, hər iki ölkənin üzləşdiyi mina problemindən irəli gələrək minatəmizləmə sahəsində təcrübə mübadiləsi, müdafiə sənayesi, turizm, aviasiya və mədəniyyət əlaqələrinin inkişafı, BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində əməkdaşlıq, Vyetnamın Cənubi Qafqaz və Xəzər regionuna çıxışında Azərbaycanın dəstəyi, eləcə də Azərbaycan-ASEAN əlaqələrinin genişləndirilməsi və digər əsas istiqamətlər üzrə geniş fikir mübadiləsi aparıldı.

Azərbaycanda Vyetnam səfirliyi açılacaq

Prezident İlham Əliyevin Vyetnam Milli Assambleyasının sədri Çan Tan Man və Baş nazir Le Minh Hunq ilə görüşlərində də ikitərəfli münasibətlərin gələcək perspektivləri müzakirə olundu. Çan Tan Man ilə görüşdə parlamentlərarası dialoqun nəticəyönümlü olduğu, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində birgə fəaliyyətin və Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əlaqələrin önəmi vurğulandı. Baş nazir Le Minh Hunq ilə görüşdə isə diplomatik münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində mühüm yenilik səsləndirildi. Baş nazir tezliklə Azərbaycanda Vyetnam səfirliyinin açılacağını bəyan etdi. Azərbaycanın Vyetnamda səfirliyinin uzun müddətdir fəaliyyət göstərdiyini xatırladan Prezident İlham Əliyev rəsmi Hanoyun bu qərarını yüksək qiymətləndirdi və tam formatlı diplomatik fəaliyyətin ikitərəfli əlaqələrə ciddi təkan verəcəyini bildirdi.

Tarixi köklər üzərində qurulan Azərbaycan-Vyetnam münasibətləri müasir dövrdə yüksəksəviyyəli siyasi dialoq sayəsində yeni inkişaf dinamikası qazanıb. İndiyədək iki ölkə arasında 30-dan çox sənəd imzalanıb. Energetika, nəqliyyat və investisiyalardan tutmuş müdafiə, elm və təhsilə qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq İqtisadi, ticari, elmi, texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, XİN-lərarası siyasi məsləhətləşmələr və parlamentlərarası dostluq qrupları vasitəsilə dəstəklənir. Hakim partiyalar – Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında 2013-cü il Anlaşma Memorandumu və 2023-cü il Əməkdaşlıq Sazişi əsasında qarşılıqlı səfərlər təşkil olunur.

Siyasi dialoqun növbəti mühüm mərhələsi kimi dəyərləndirilən Prezident İlham Əliyevin Vyetnama səfəri zamanı dövlət başçıları Birgə Bəyanat qəbul etdilər və müxtəlif sahələrdə davamlı inkişafa stimul verəcək sənədlər imzaladındı. Bunlara “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Vyetnam Sosialist Respublikası Prezidentinin Ofisi arasında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasında Günəş elektrik stansiyası layihəsinin və külək elektrik stansiyası layihəsinin qiymətləndirilməsinə, inkişafına və həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “ROX Group” arasında İcra Müqaviləsi” daxildir. İmzalanan hər bir sənəd ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsi üçün hüquqi baza rolunu oynayır.

Ticarət əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirmək üçün böyük potensial var

Bu sənədlərdən də göründüyü kimi, iqtisadi amil Azərbaycan-Vyetnam münasibətlərində xüsusi yer tutur və iki ölkə arasındakı iqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, qarşılıqlı ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla yanaşı, bu göstərici hələ mövcud real imkanları tam əks etdirmir; hər iki tərəf ticarət əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirmək üçün böyük potensiala malikdir. Sovet İttifaqı dövründən bəri tərəfdaşlığımızın təməlini təşkil edən neft sektoru qarşılıqlı fəaliyyətin əsas istiqaməti statusunu qoruyub saxlayır. Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində əməkdaşlığı nəzərdə tutur. Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi layihələrinin icrasında maraqlı olan “ROX Group” bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlər imzalanıb.

Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Azərbaycanın nəqliyyat-logistika infrastrukturundan Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli istifadə etmək mümkündür. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərindəki rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər yaradacaq və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək. Hər iki ölkə ticarət dövriyyəsini artırmaq, enerji, sənaye, kənd təsərrüfatı və nəqliyyat-logistika kimi aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri həyata keçirmək üçün kifayət qədər resurslara malikdir. Planauyğun birgə fəaliyyət ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək. Azərbaycan-Vyetnam münasibətlərində iqtisadi amilin mühüm rolu dövlət başçısı İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində və bu ölkəyə səfəri zamanı keçirdiyi görüşlərdə də xüsusi vurğulandı.

Vyetnam gəncləri Azərbaycanın ayırdığı təhsil qrantlarından yararlanırlar

Xalqlar arasındakı mənəvi bağlılığı təhsil, mədəniyyət və humanitar layihələr daha da möhkəmləndirir. Sovet dövründə Azərbaycanın ali məktəblərində təhsil almış 5 minə yaxın vyetnamlı mütəxəssis bu gün öz ölkələrinin dövlət idarəçiliyində, parlamentində, ordusunda və sənayesində rəhbər vəzifələr tutaraq canlı dostluq körpüsünə çevrilib. 2015-ci ildə Hanoyda yaradılmış Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası bu məzunları bir araya gətirir. Assosiasiya 2020-ci ildə COVID-19 pandemiyası zamanı öz üzvlərinin vəsaiti hesabına Azərbaycana 10 min tibbi maska hədiyyə edərək həmrəylik nümayiş etdirib. Tarixi varisliyin rəmzi olaraq 2025-ci ildə Baş katib To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ho Şi Minin anadan olmasının 135 illiyinə həsr edilmiş xatirə otağı açılıb. Bu gün də Vyetnam gəncləri Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində ayırdığı təhsil qrantlarından yararlanırlar. Eyni zamanda, 1980-ci ildə Bakı və Vunq Tau şəhərləri arasında qurulmuş qardaşlaşma əlaqələrinin nişanəsi olaraq Vunq Tauda “Bakı”, paytaxtımızın Xətai rayonunda isə “Vunq Tau” küçələri mövcuddur.

Uğurlu humanitar diplomatiya

Humanitar diplomatiyada Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Fondun 2018-ci ildə Vyetnamın Ha Giang əyalətinin Giap Trung qəsəbəsində ibtidai məktəb inşa etməsi, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri çərçivəsində görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbə və Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərməsi iki xalq arasındakı səmimi münasibətlərin bariz nümunəsidir. Səfər zamanı Leyla Əliyeva Vyetnamın vitse-prezidenti Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li, yaradıcı sənaye nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri və sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb, Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatını təqdim edib.

Səfər çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşdü. Görüşdə ölkələrimiz arasındakı münasibətlərin iki xalqın onilliklərə söykənən dostluq tarixi üzərində inkişaf etdiyi vurğulandı. Dövlət başçılarının qarşılıqlı səfərlərinin müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə və siyasi etimadın güclənməsinə xidmət etdiyi qeyd olundu. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən il Azərbaycana səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının əlaqələri yeni səviyyəyə yüksəltdiyi bildirildi. Vitse-prezident Vo Ti An Suan Azərbaycana səfərlərini, o cümlədən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakı Zirvə Görüşündə iştirak edərkən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşünü məmnunluqla xatırladı. Tərəflər xalqlararası əlaqələrin, xüsusilə qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyini diqqətə çatdırdılar. Bu xüsusda Leyla Əliyevanın ötən il Vyetnama səfəri çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə və görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbə göstərdiyi yardım iki xalq arasındakı dostluğun nümunəsi kimi yüksək qiymətləndirildi. Görüşdən sonra Mehriban Əliyevaya, Leyla Əliyevaya və Arzu Əliyevaya ənənəvi Vyetnam qəhvəsinin hazırlanma qaydası nümayiş etdirildi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində də görüşü keçirildi. Hanoyun Köhnə Məhəlləsində (Old Quarter) XIX əsrdə tikilmiş, orijinal yaşayış memarlığını və tacir həyat tərzini əks etdirən İrs Evində Mehriban Əliyevaya, Leyla Əliyevaya və Arzu Əliyevaya Vyetnam irsinə aid sənətkarlıq nümunələri haqqında məlumat verildi. Burada tarixi XI əsrə gedib çıxan və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş ənənəvi ifa sənəti – “Ca Trù” təqdim olundu. Bu sənət növü qadın ifaçının poetik oxumasını, üçsimli musiqi aləti və baraban müşayiətini özündə birləşdirir. Daha sonra Vyetnamın rəmzi milli geyimi – “Áo Dài” nümayiş etdirildi. Ənənəvi ipək parçalardan hazırlanmış və naxışlarla bəzədilmiş bu geyimlər ölkənin müxtəlif tarixi dövrlərini əks etdirir. Sonda Azərbaycanın birinci xanımına Vyetnam kalliqrafiya sənəti nümunəsi təqdim olundu.

Hanoyda Vyetnam Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi ziyafətdə dövlət başçıları iki ölkənin qədim dostluq tarixindən, ortaq dəyərlərdən və gələcək perspektivlərdən geniş bəhs etdilər. Prezident To Lam çıxışında “Vyetnamı və Azərbaycanı minlərlə kilometr ayırır. Hər iki ölkənin özünəməxsus coğrafi və mədəni xüsusiyyətləri var. Ölkələrdən biri Şərq dənizinin, digəri isə Xəzər dənizinin sahilində yerləşir. Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. Ölkəniz ecazkar Qafqaz dağlarını, geniş Xəzər dənizini, yüz illərlə tarixi olan qala və sarayların müasir memarlıq tikililəri ilə harmoniya içində mövcud olduğu qədim, lakin müasir paytaxt şəhəri Bakını yada salır. Bundan da heyrətamizi xalqlarımızı birləşdirən oxşar mənəvi, duyğusal və mədəni dəyərlərdir. Bunlara ana vətənə sevgi, milli qürur və məğlubedilməz iradə daxildir. Hər iki xalq sarsılmaz olmaqla yanaşı, mehriban, qonaqpərvər və sadiqdir” fikirlərinin davamı olaraq onu da qeyd etdi ki, ənənəvi dost kimi Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı nailiyyətlərlə həmişə fərəhlənib: “Tamamilə əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bundan da böyük inkişafa nail olacaq, regionda və dünyada sülh, sabitlik amallarına dəyərli töhfəsini verəcək. Azərbaycan xalqının Vyetnama milli azadlıq mübarizəsində, yenidən birləşməsində və formalaşmasında verdiyi böyük və qiymətli dəstəyi heç vaxt unutmamalıyıq. Bir çox vyetnamlı üçün Azərbaycan indi ikinci evə çevrilib. Minlərlə vyetnamlı tələbə Azərbaycandakı auditoriyalarda yetişib, burada əldə etdikləri bilikləri ata yurdunda tətbiq edib, müəllimlərinə və dostlarına səmimi hisslər bəsləyiblər. Bu bağlılıq məşhur bəstəkar Qara Qarayevin bəstələdiyi “Vyetnam süitası” əsərində və müharibələrin tüğyan etdiyi bir dövrdə sənətinə sevgisinin Vyetnama gətirdiyi, xalqımızın ilk film məktəbinin və inqilabi kinoda yer alan aktyorların qızıl nəslinin təməlini qoyan istedadlı rejissor Əjdər İbrahimovun yaradıcılığında öz əksini tapıb.”

Prezident İlham Əliyev isə səfərin nəticələrindən məmnunluğunu ifadə edərək bildirdi ki, səmərəli görüşlər keçirərək ikitərəfli əlaqələrimizin geniş spektrinə və əməkdaşlığımızın perspektivlərinə dair faydalı fikir mübadiləsi apardıq, vacib sənədlər imzalandı. Azərbaycanla Vyetnam arasında yüksəksəviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma siyasi, iqtisadi-ticari, enerji, müdafiə, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradır. Birgə səylərimizlə strateji tərəfdaşlığımızın daha da güclənməsinə nail olacağıq.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Vyetnam xalqının lideri Ho Şi Minin və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduqları tarixi həmrəylik bu gün Prezident İlham Əliyevin və Vyetnam rəhbərliyinin praqmatik siyasəti nəticəsində yeni məzmun qazanaraq uğurla davam etdirilir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Vyetnam Azərbaycan üçün dost və strateji tərəfdaşdır.

Yeganə Əliyeva, “İki sahil”