03 mart 2016 15:01
3697

Neft-qaz sənayesi üçün peşəkar kadrlar hazırlanır

Son illərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, regionların inkişafında müsbət dəyişikliklər, ölkəmizdə bütün sahələrdə müşahidə olunan iqtisadi tərəqqi təhsil müəssisələri qarşısında yeni tələblər qoyur. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. Qeyd etməliyik ki, son illərdə tədris mərkəzləri və komplekslərinin yaradılmasında, onların infrastrukturunun inkişafı sahəsində dövlətimiz çox böyük işlər görür.

Məhz bu işlərin məntiqi nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının inkişafında əhəmiyyətli rolu olan SOCAR dövlətimizin başçısı cənab İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” devizini əsas götürərək hər sahədə olduğu kimi, yeni texnologiyaların sənayedə tətbiq olunması ilə əlaqədar müasir biliklərə və vərdişlərə yiyələnən kadrların hazırlanmasına da xüsusi diqqət yetirir. Azərbaycana müasir texnologiyaların gətirilməsi, neft sənayesinin infrastrukturunun yenidən qurulması üçün ölkədə yüksək peşəkar milli kadrların hazırlanması ilə əlaqədar SOCAR prezidenti Rövnəq Abdullayevin 30 iyun 2011-ci il tarixli əmri ilə Şirkətin birbaşa nəzdində fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) yaradıldı. Hələ 2005-ci ildən təhsilin inkişafına, təlim-tədrisin müasir metodlarla idarə olunmasına ciddi önəm verən SOCAR bu müəssisənin maddi-texniki bazasının, kadr ehtiyatı bazasının inkişafına mühüm yer ayırmışdır. TTSİ-nin fəaliyyətinin əsasını təlim, tədris prosesində, həmçinin sertifikatlaşdırma sistemində yeniliklərin Şirkətin müəssisələrində, həmçinin Azərbaycanın digər sənaye müəssisələrində tətbiq olunması tutur. İdarə ayrı-ayrı peşələr üzrə yeni kadrların hazırlanması ilə yanaşı, yenidən hazırlanma, 2-ci peşəyə yiyələnmə, təlimatlandırma, maarifləndirmə və ixtisasartırma kurslarını da təşkil edir.

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən beynəlxalq standartların SOCAR-ın müvafiq strukturlarında çalışan kadrlara öyrədilməsi və beynəlxalq sistemlərin müəssisələrdə qurularaq müvafiq sertifikatlara malik olmaları istiqamətində işlər görülür. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi iki Təlim Mərkəzinə rəhbərlik etməklə fəaliyyətə başlasa da, hazırda öz strukturunda beş Təlim Mərkəzi və bir Qaynaq Mərkəzini birləşdirir.

TTSİ-nin nəzdində fəaliyyət göstərən Kadr Hazırlığının Təşkili Mərkəzinin başlıca vəzifələrindən biri neft sənayesi üçün kadr hazırlığı işinin təkmilləşdirilməsi və onun məzmununun müasir tələblər səviyyəsində yeniləşdirilməsidir. TTSİ-nin Kadr Hazırlığının Təşkili Mərkəzində dinləyicilərə altı müxtəlif istiqamətdə - ixtisasartırma, yenidən hazırlanma, ikinci peşəyə yiyələnmə, maarifləndirmə, təlimatlandırma kursları və yeni fəhlə kadrlarının hazırlanması üzrə təlim kursları təklif olunur. Kadr Hazırlığının Təşkili Mərkəzində keçirilən kurslarda praktiki məşğələ dərsin əsas hissəsini təşkil edir. Bu təlim mərkəzində hazırda 300-ə qədər ixtisaslar üzrə kurslar təşkil olunur.

2012-ci ilin sonu 2013-cü ilin əvvəlindən etibarən SOCAR üzrə yeni işə götürülən insanların hər biri TTSİ-nin təlim mərkəzlərində müvafiq təlimatlandırma kursu keçdikdən sonra işlə təmin olunur. Bununla əlaqədar olaraq yeni işə qəbul edilən işçilər üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 2015-ci ildə 20 qrupda 230 nəfər üçün ilkin təlimatlandırma kursları təşkil olunmuşdur. İşlə təmin olunma sistemində şəffaflığın təmin olunması məqsədilə TTSİ-nin təlim mərkəzlərində peşə sınaqlarının aparılması üçün bütün lazımi şərait yaradılmışdır. 2015-ci il ərzində 51 nəfər peşə sınağında iştirak etmiş və bunlardan ən layiqliləri SOCAR-da işlə təmin olunmuşlar.

2015-ci ildə TTSİ-nin təlim mərkəzlərində OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, İSO 9001 “Keyfiyyət idarəetmə sistemi”, İSO 14001 Ekologiya idarəetmə sistemi”, İSO 50001:2009 “Beynəlxalq enerji idarəetmə sistemi”, İSO/İEC 27001:2005 “İnformasiya təhlükəsizliyi”, İSO 17024 “Personal sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar” və İSO 17025 “Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi şərtlər” beynəlxalq standartları üzrə kurslar təşkil olunmuşdur.

2015-ci ildə Kadr Hazırlığının Təşkili Mərkəzində Azərbaycan dilində yerli mütəxəssislərin iştirakı ilə SOCAR-ın müəssisə və təşkilatlarında çalışan təxribatsız müayinə personalları üçün “Qeyri-distruktiv müayinə-ultrasəs müayinə metodu”, “Qeyri-distruktiv müayinə-Penetrant müayinə metodu”,”Qeyri-distruktiv müayinə-rentgen müayinə metodu” və həmçinin “Qeyri-distruktiv müayinə-maqnit müayinə metodu” beynəlxalq standartı üzrə kurslar təşkil olunmuşdur. Bu kurslar Azərbaycan dilində 3-cü dərəcəli təxribatsız müayinə üzrə mütəxəssis, TTSİ-nin əməkdaşı tərəfindən SNT -TC-1 A beynəlxalq standartının tələb və şərtlərinə uyğun olaraq keçirilmişdir.

2015-ci ildə daimi kurslarla yanaşı, TTSİ-nin nəzdində olan Kadr Hazırlığının Təşkili Mərkəzində SOCAR-ın idarə və təşkilatlarından verilən sifarişlərə əsasən “Tullantıların idarə olunması”, “Qazma işləri aparılan zaman ətraf mühitə təsir edən tullantıların idarə olunması”, “SOCAR-ın ekoloji siyasəti”, “Qazma işləri aparılan zaman tullantıların idarə olunması” üzrə təlimatlandırma kursları təşkil olunmuşdur. Bu kursların təşkil olunmasında əsas məqsəd bu sahədə çalışan müvafiq qurumların və işçilərin tullantıların idarə edilməsi sahəsində ekoloji biliklərini artırmaqla, təhlükəli tullantıların zərərsizləşdirilməsi, ekoloji maarifləndirmə məsələlərini və dünyada ekoloji problemlərin yaranmasının səbəblərini və aradan qaldırılması yollarını onlarla birlikdə həll etməkdir.

2015-ci ildə Bakı Ali Neft Məktəbinin bütün tələbələrinə idarəetmə sisteminin düzgün qurulması, liderliyin müasir konsepsiyası, rəhbərin özünə inamının artırılması, planlaşdırma, özünü qiymətləndirmə, komandada işləmə bacarığı, fəaliyyətin monitorinqi, təşəbbüskarlıq və novatorluq bacarığı, işçi heyəti ilə ünsiyyətin düzgün qurulması məqsədilə “liderlik” kursları təşkil olunmuşdur. 2015-ci ildə SOCAR-ın müvafiq məktubuna əsasən, “Azneft” İstehsalat Birliyində çalışan gənc mütəxəssislərin biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Liderlik”, “İngilis dili”, “Risklərin qiymətləndirilməsi”, “Peşə etikası”, “Rus dili” kursları təşkil olunmuşdur. Ümumiyyətlə, 2015-ci ildə KHTM-də 5533 nəfər müxtəlif təyinatlı kurslara cəlb olunmuşdur.

TTSİ-nin nəzdində fəaliyyət göstərən Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinin (DİHMÜTM) əsas funksiyası Beynəlxalq Dəniz Təşkilatının (İMO) DHDNÇ - 78 Beynəlxalq Konvensiyanın və A.891 (21) Qətnaməsinin, Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının (İMCA) standartlarının və Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tələblərinə uyğun olaraq dənizçi, neftçi və dalğıcların müxtəlif kurslar üzrə (38 adda) hazırlığını, ixtisasartırmasını, təkmilləşdirilməsini və təlimatlandırılmasını, həmçinin sertifikatlaşdırılmasını təmin etməkdən ibarətdir.

DİHMÜTM-də kurslar xaricdə xüsusi təlim və hazırlıq keçmiş, beynəlxalq sertifikatlara malik peşəkar mütəxəssislər tərəfindən beynəlxalq konvensiyaların (STSW, SOLAS, LSA, ISM) tələblərinə uyğun olaraq təşkil edilir. Tədrisin nəzəri hissəsi əyani vəsait və avadanlıqlarla təmin edilmiş sinif otaqlarında, praktiki təlimlər isə uzunluğu 50 metr, eni 21 metr olan və müasir simulyatorlarla təchiz olunmuş Üstüörtülü Hovuz Təlim Kompleksində, 5 hektar əraziyə malik və müxtəlif yanğın trenajorları ilə təchiz edilmiş Təlim poliqonunda, dəniz akvatoriyasında yerləşən və müxtəlif tipli kollektiv xilasetmə vasitələrlə (sürətli və sürətli olmayan xilasedici qayıqlar) təchiz edilmiş dəniz bloklarında, o cümlədən dalğıc stansiyasında, barokamerada və dalğıc sinfindən ibarət kompleksdə keçirilir.

Əlverişsiz hava şəraitində dənizdə yerləşən xilasedici bloklarda praktiki təlimlərin keçirilməsi mümkün olmadıqda, yeni yaradılmış Üstüörtülü Hovuz Təlim Kompleksi bu təlimləri keçirməyə imkan yaradır. Bundan əlavə, mərkəzdə çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğusu quraşdırılmışdır.

2015-ci il ərzində OPİTO standartının qəbul olunması sahəsi üzrə ilkin hazırlıq işləri başa çatmış, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinin verdiyi sertifikatların dünyanın qabaqcıl dövlətlərində tanınması üçün “Occupational Traning İnternational” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə müqavilə bağlanmış, Təlim Mərkəzinin müəllimləri OPİTO standartının tələblərinə uyğun “Suya batmış helikopterdən xilas olma” (HUET) kursunu keçmişlər. Bu standartın qəbul olunması üzrə müvafiq avadanlıqlar sifariş verilərək alınmışdır.

2015-ci ildən etibarən Üstüörtülü Hovuz Təlim Kompleksində dənizdə işləyən işçilərin üzgüçülük üzrə attestasiyası həyata keçirilir. DİHMÜTM-də 2015-ci il ərzində 293 qrupda 26 ixtisas üzrə 3223 nəfər dinləyici kurslara cəlb olunmuşdur. Bu kurslar təşkil edilərkən İMO-nun Konvensiyaları, Qətnamələri və İMCA-nın standartları əsas götürülür.

TTSİ-nin nəzdində fəaliyyət göstərən Qobustan Regional Təlim Mərkəzi (RTM) 2013-cü ildən etibarən fəaliyyət göstərir. Müasir avadanlıqlarla komplektləşdirilmiş mərkəz yüksək ixtisaslı kadrların hazırlanması üçün nəzərdə tutulan fənn kabinələrinə və qaynaq emalatxanasına malikdir. Mərkəzin tədris otaqları ən yeni texniki vasitələr və alətlərlə təmin olunmuşdur.

2014/2015-ci tədris ili üzrə Qobustan RTM-də keçirilmiş qəbul imtahanlarında müvəffəqiyyət qazanmış 205 nəfər şagird SOCAR-ın idarə və müəssisələrinin sifarişinə əsasən 10 ixtisas üzrə 13 qrup olmaqla təhsilə cəlb edilmişdır. Tədris ilini müvəffəqiyyətlə bitirərək buraxılış imtahanlarından keçən şagirdlərdən 199 nəfəri peşə təhsili sertifikatlarına layiq görülmüşdür.

Bundan başqa “bp və onun tərəfdaşlarının maliyyələşdirdiyi Davamlı İnkişaf Təşəbbüsü” çərçivəsində SOCAR və bp şirkəti arasında bağlanmış təhsil memorandumuna əsasən, Qaradağ rayonundan 79 nəfər gənc 10 ixtisas üzrə peşə təhsilinə cəlb edilmiş və kursu müvəffəqiyyətlə başa vuraraq müxtəlif ixtisaslara yiyələnmişdir. Təhsil və istehsalat təcrübəsi dövründə mütəmadi olaraq təhsilin və təlimin keyfiyyətinin yoxlanılması məqsədilə 5 dəfə ikitərəfli monitorinqlər keçirilmiş və nəticələr müsbət qiymətləndirilmişdir.

2015-ci ilin yanvar ayından etibarən “BOS ŞELF” MMC-nin sifarişinə əsasən, “Quraşdırıcı çilingər” peşəsi üzrə yenidənhazırlanma kursları təşkil edilmiş (3 qrup üzrə), 51 nəfər dinləyici bu kurslarda imtahanlarda müvəffəqiyyət qazanmış və TTSİ-nin sertifikatlarına layiq görülmüşdür. Bundan başqa, oktyabr ayından etibarən “BOS ŞELF” MMC-nin yeni sifarişinə əsasən, 32 nəfər “Elektrik qaynaqçısı” yenidən hazırlanma kursu üzrə təhsilə cəlb edilmişdir.

2015-ci ildə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində Şotlandiyanın Aberdin Qazma Məktəbinin təşkilatçılığı ilə Kompleks Qazma İşləri Trestinin 3 qrupdan ibarət 29 nəfərlik mühəndis-texniki heyəti üçün “Qazma zamanı təzahür və atqıların qarşısının alınması” mövzusunda kurs keçirilmişdir. Beynəlxalq Qazma Podratçıları Assosiasiyası tərəfindən akkreditə edilmiş bu təlim kursu mühəndis-texniki heyətə zəruri bilik və vərdişlərin aşılanması yolu ilə qazma əməliyyatlarının daha təhlükəsiz və səmərəli şəkildə yerinə yetirilməsinə yönəlmişdir. Praktiki və konkret məzmunlu bu kursda mühazirə, sual-cavab, təqdimat, yazılı çalışmalar, praktiki iş və ev tapşırığından ibarət tədris metodikası daxilində təzahür və atqının səbəbləri, təzahürlərin əlamət və göstəriciləri, quyunun hermetikləşdirmə üsulları, quyunu təzyiqdən azad etmək üçün lazımi məlumatlar, atqıya qarşı avadanlıq, trenajordan istifadə qaydaları dinləyicilərin nəzərinə çatdırılmışdır.

Qəbul olunan tələbələrin arasında Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq evlərindən gəlmiş gənclər də vardır. Onlara SOCAR rəhbərliyi tərəfindən xüsusi qayğı ilə yanaşılır. İndiyə qədər 70-ə qədər uşaq evinin sakini TTSİ-nin mərkəzlərini bitirdikdən sonra iş və evlə təmin olunmuşdur. 2014/2015-ci tədris ilində 15 nəfər uşaq evinin sakini təlim mərkəzlərinə qəbul olunmuşdur. Bu şagirdlər də digər uşaq evinin sakinləri kimi, TTSİ-nin nəzdində olan “Gənc mütəxəssislər evində” yaşayırlar.

Qobustan Regional Təlim Mərkəzində neft və qaz quyularının qazılması üzrə qazmaçı köməkçilərinin hazırlanması məqsədilə qazma simulyasiyası, kranın idarə olunması üçün simulyasiya aparatları, karotajçıların hazırlanması üçün VEBER-1 stansiyası, kimya sahəsində laborantların hazırlanması məqsədilə kimya laboratoriyaları, qaynaqçıların təcrübəyə tam hazırlanması üçün 3-D qaynaq simulyasiya aparatı, həmçinin hazırda müəssisələrdə informasiya texnologiyalarının tətbiqi ilə bağlı olaraq PLC otağı qurulmuşdur. Mərkəzdə neft sənayesi üzrə kadrların hazırlanması ilə peşəkar və yüksək ixtisaslı müəllim heyəti məşğul olur.

Mərkəzdə ingilis dilinin tədrisinə xüsusi diqqət yetirilir. Belə ki, ümumi təhsil prosesində şagirdlərlə ingilis dilində sərbəst danışmaq, texniki vəsaitlərin və avadanlıqların spesifikasını ingilis dilində mənimsəmək məqsədilə mütəmadi fakultativ məşğələlər aparılır ki, bununla da gələcəkdə SOCAR-ın respublikamızda və xaricdə fəaliyyət göstərən müəssisələrində quraşdırılan ən müasir avadanlıqlar və texniki vəsaitlərlə sərbəst işləmək imkanlarına sahib olacaqlar. Mərkəzdə müasir informasiya texnologiyalarının öyrədilməsi məqsədilə kompyuter texnologiyasının əsasları fənninin tədrisinə önəm verilir. Burada şagirdlərə kompyuter sahəsində proqramların ən son versiyaları öyrədilir. Onların internet resurslarından səmərəli istifadə etmək bacarıqlarını artırmaq məqsədilə “İnformasiya təhlükəsizliyi” haqqında geniş izah verilir. Qobustan RTM-də fəaliyyət göstərən kitabxana və oxu zalında gələcəkdə respublikamızın neft və qazçıxarma sənayesində çalışacaq fəhlə kadrlarının müasir texniki və metodiki ədəbiyyatlardan istifadə etmələri üçün hər cür şərait var. Bu məqsədlə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən müxtəlif peşələr və fənlər üzrə metodik dərs vəsaitləri çap etdirilərək mərkəzin kitabxanasına verilmişdir.

TTSİ-nin nəzdində fəaliyyət göstərən Sumqayıt Təlim, Tədris Mərkəzi Sumqayıt şəhərində yerləşən “Azərikimya” İB-nin və SOCAR-ın digər regional müəssisələrinin kadr hazırlığına olan tələbatını ödəmək funksiyasını həyata keçirir.

Təsdiq edilmiş plan-qrafikə əsasən, 2015-ci il ərzində Sumqayıt TTM-də istehsalatdan ayrılmaqla və ya ayrılmamaqla müəssisələrin sifarişinə uyğun olaraq, 31 ixtisas üzrə 58 qrupda kurslar təşkil edilmiş və SOCAR-ın müəssisə və təşkilatlarından 484 nəfər dinləyici müvafiq kurslara cəlb edilmişdir: O cümlədən 2015-ci ildə mərkəzdə ilk dəfə olaraq “Azərikimya”nın müxtəlif istehsalat sahələrində çalışan ali təhsilli, qeyri-ixtisaslı mühəndislər üçün pilot layihə olaraq “mühəndis metroloq”, “mühəndis texnoloq” və “mühəndis energetik” ixtisasları üzrə kurslar təşkil edilmişdir. Bu kursların keçirilməsi ilə əlaqədar təşkil olunmuş tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Şirkətin rəhbərliyi, TTSİ-nin rəhbərliyi və digər qonaqlar iştirak edərək bu yeni işdə TTSİ-nin kollektivinə və dinləyicilərə müvəffəqiyyətlər arzu etmişlər.

Hazırda isə mərkəzdə “Azərikimya” İB-nin və Karbamid Zavodunun sifarişləri əsasında 5 peşə üzrə (aparatçı, avtomatik idarəetmə sistemi üzrə operator, elektrik qaz qaynaqçısı, qablaşdırma üzrə operator və qazla kəsən) 65 nəfər yeni fəhlə kadrlarının hazırlığı uğurla davam etdirilir.

TTSİ-nin tədris sahəsində yerinə yetirdiyi ən böyük işlərdən biri də Təhlükəsizlik İdarəsinin sifarişi əsasında kadr hazırlığı ilə məşğul olan Qala Təlim, Tədris Mərkəzi üçün interaktiv atıcılıq tiri və idman zalının istifadəyə verilməsidir. Qala Təlim, Tədris Mərkəzində təsdiq edilmiş plan-qrafiklərə və əlavə sifarişə əsasən, 2015-ci il ərzində 7 ixtisas üzrə 1195 nəfər dinləyici kurslara cəlb olunmuşdur. Bunlardan 152 nəfəri “SOCAR Petrolium” QSC tərəfindən “Mühafizəçi” kursuna göndərilmişdir. Hazırda bu mərkəzdə “Atıcı”, “Komanda rəisi” və “Qarovul rəisi” ixtisasları üzrə kurslarla yanaşı, SOCAR prezidentinin müvafiq əmrinə əsasən, müəssisələrdə işləyən mülki müdafiə işinə cavabdeh mütəxəssislər üçün “Hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin komandir-rəis və şəxsi heyətinin hazırlığına dair” kursları da təşkil olunmuşdur.

Ümumiyyətlə, TTSİ yaranandan indiyə qədər 61000-dən çox dinləyici mərkəzlərdə müxtəlif istiqamətli təlim kurslarına cəlb olunmuşdur.

Neft-qaz sənayesinin, tikintinin və nəqliyyatın ayrı-ayrı sahələrində metal konstruksiyaların hazırlanması, boru kəmərlərin çəkilməsi üçün əsas texnoloji proseslərdən biri də qaynaq işləridir. SOCAR-da çalışan qaynaqçıların attestasiyası, sertifikatlaşdırılması, yeni işə qəbul olunacaq qaynaqçıların praktiki sınağı və s. bu kimi işlər TTSİ tərəfindən aparılır. Hazırda idarədə müxtəlif təşkilat, müəssisə və fərdi müraciətlər əsasında qaynaqçıların 7 müxtəlif metod üzrə (əllə elektrik qövs qaynağı, metal-qövs inert qaz qaynağı, metal-qövs aktiv qaz qaynağı, aktiv qoruyucu qazla bütöv tel metal qövs qaynağı, volfram inert qaz-qövs qaynağı, oksigen asetilen qaynağı və polietilen qaynağı) sertifikatlaşdırılması həyata keçirilir. Eyni zamanda, qaynaq tikişlərinin keyfiyyəti müxtəlif fiziki (radioqrafiya, ultrasəs, maqnit tozu və penetrant) və mexaniki (dartma, əymə, bərklik və zərbə özlülüyü) üsullarla yoxlanaraq müvafiq rəylər verilir.

TTSİ tərəfindən müxtəlif müəssisə və təşkilatların sifarişləri əsasında indiyədək 6000-dən çox qaynaqçının peşə bacarığı yoxlanılmışdır və bunlardan məqbul nəticə göstərən qaynaqçılara müvafiq sertifikatlar verilmişdir. Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsində 2015-ci il ərzində təsdiq edilmiş plan-qrafikə uyğun olaraq SOCAR-ın struktur bölmələrindən və digər kənar təşkilatlardan daxil olan sifarişlərə əsasən nəzərdə tutulmuş 617 nəfər plana qarşı, 650 nəfər qaynaqçı personalların peşə bacarıqları yoxlanılmışdır.

2015-ci il üçün plan-qrafikə əsasən, TTSİ-nin təlim mərkəzlərində 10708 nəfərin kurslara cəlb olunması planlaşdırılsa da, il ərzində plan-qrafikə və əlavə sifarişlərə əsasən, TTSİ üzrə 11136 nəfər dinləyicinin kurslardan və attestasiyadan keçməsi təmin olunmuşdur ki, bu rəqəmlər də idarəmizin öz işini uğurla həyata keçirdiyini göstərir.

2015-ci ildə TTSİ-də görülmüş ən böyük işlərdən biri də bütün nəzəri dərslərin mütəxəssislər tərəfindən interaktiv şəkildə slaydlarla keçirilməsidir. TTSİ-nin Keyfiyyətə nəzarət şöbəsi tərəfindən daimi olaraq mərkəzlərdə tədrisin keyfiyyət göstəriciləri yoxlanılır və dərs keçmə metodikası ilə bağlı mütəxəssislərə tövsiyələr verilir. Ümumiyyətlə, qısa müddət ərzində imtahanların qəbulu üçün hər mərkəzdə ayrıca otaq nəzərdə tutularaq müasir kompyuterlərlə təchiz olunmuş, test bankı yaradılmış, xüsusi imtahan proqramları işlənmiş, və bütün mərkəzlərdə tətbiq edilmişdir. Bunun vasitəsilə imtahanların beynəlxalq standartlara uyğun şəkildə təşkili və qəbulu mümkün olmuşdur. Bu prosesin həyata keçirilməsi imtahan prosesində müasir texnologiyalardan istifadə vərdişləri ilə yanaşı, şəffaflığın da təmin edilməsinə zəmin yaradır.

2015-ci ildə SOCAR-ın Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinə OHSAS 18001, Kompleks Qazma İşləri Trestinə İSO 14001 və OHSAS 18001 standartları üzrə beynəlxalq sertifikatlar alınaraq təqdim olunmuş, “Azneft” İB-yə İSO 9001, İSO 14001 və OHSAS 18001, “Azərikimya” İB-yə İSO 9001, İSO 14001 və OHSAS 18001 standartları üzrə beynəlxalq sertifikatların alınması işləri uğurla davam etdirilir. 2016-cı ilin I yarısına qədər işlərin yekunlaşdırılması və müvafiq standartlar üzrə sertifikatlaşdırma işlərinin həyata keçirilməsi planlaşdırılıb.

TTSİ 2015-ci ildə bp “Exploration” (“Caspian Sea”) Limited, Avropa Təlim Fondu, “TTE-Petrofac Ltd”, “BOS Şelf” MMC, “TWI” şirkəti, Türk Standartları İnstitutu, Türk Akkreditasiya Qurumu, Aberdin Qazma Məktəbi, “Occupational Training İnstitute” şirkəti, “SEFtec” və digər xarici şirkətlərlə işgüzar münasibətlər qurmuş və bu münasibətlər idarənin kadr hazırlığının təşkili və sertifikatlaşdırma sahəsindəki fəaliyyətinə öz töhfəsini vermişdir.

2015-ci ildə SOCAR-ın yeni loqotipinin tətbiqi ilə əlaqədar “Kargüzarlığın aparılmasına dair tövsiyə xarakterli Göstərişlər” işlənib hazırlanmış və ayrı-ayrı müəssisələrdə maarifləndirici xarakterli işlər yerinə yetirilmişdir.

Bütün bu qeyd olunanlardan göründüyü kimi, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi qarşıya qoyulmuş bütün tapşırıq və öhdəlikləri layiqincə yerinə yetirmişdir.

Fuad Süleymanov,

SOCAR-ın Təlim, Tədris və 
Sertifikatlaşdırma İdarəsinin rəisi