27 yanvar 2017 21:30
425

Təkbaşına Cənub qütbünə çatan ilk polşalı qadın

Malqojata Voytaçka təkbaşına Cənub qütbünə çatmış ilk polşalı qadındır

Polşanın Vrotslav şəhərinin sakini, 51 yaşlı Malqojata Voytaçka 100 kiloqramlıq xizəyi arxasınca sürüyərək, Antarktidada 1300 kilometr uzunluğunda məsafəni 69 günə qət edib. O, Cənub qütbünə təkbaşına çatmış dünyada sayı çox olmayan qadınlardan biri və buna nail olmuş ilk polyak qadındır.

Malqojata Voytaçka noyabrın 18-də qitənin sahilindən yola düşüb və yanvarın 25-də Polşa vaxtı ilə saat 12:30-da Cənub qütbünə çatıb.

Səyyahın sözlərinə görə, marşrut boyu hava şəraiti gündən-günə pisləşib, şiddətli külək, güclü qar və mənfi 34 dərəcəyə düşən temperatur ona mane olub. Bundan əlavə, son günlər yeməyə qənaət etmək məcburiyyətində qalıb. Malqojata Voytaçka rekordun müəyyən olunması şərtlərini pozmamaq üçün amerikalı turistlərin köməyindən imtina edib.