02 fevral 2017 20:51
199

“Silk Way West Airlines” aviaşirkəti IOSA auditini uğurla keçib

“Silk Way West Airlines” aviaşirkəti İOSA auditini uğurla keçib.

“Silk Way West Airlines” aviaşirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” növbəti dəfə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) IOSA (IATA Operational Safety Audit) standartına uyğunluğu üzrə audit yoxlama prosedurunu uğurla keçib və müvafiq sertifikatı daha iki il müddətinə uzadıb.

Bu standartın tələblərinin ildən-ilə sərtləşdirildiyi nəzərə alınsa, keçirilən audit “Silk Way West Airlines” aviaşirkətini bir daha mülki aviasiyada ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı yük aviadaşıyıcı kimi təsdiqləyib.

IOSA (IATA-nın İstismar Təhlükəsizliyinin Audit proqramı) - bir neçə bölmə üzrə strukturlaşdırılan bir neçə yüz məcburi standart və tövsiyə olunan prosedurlardır. Aviaşirkət auditin keçirilməsi zamanı bu standartlara və tövsiyə olunan prosedurlara cavab verdiyini təsdiq etməlidir. Təhlükəsizlik təhlili təkcə aviaşirkətin istehsal fəaliyyətinin deyil, həm də onun təşkilati strukturunun qiymətləndirilməsini nəzərdə tutur. İnsan amili təsirindən risklərin minimallaşdırılması sistemi və düzəliş əməliyyatlarının vaxtında təmin edilməsinə imkan verən əks əlaqə sistemi nəzərdə tutulub. Aviaşirkətin hər bir əməkdaşının hərəkətləri ən xırda təfərrüatına kimi qeyd edilir ki, bu da uçuşların təhlükəsizliyinin təmin edilməsi texnologiyası haqqında danışmağa imkan verir.

Qeyd edək ki, bundan öncə IOSA-nın müvafiq sertifikatını “Azərbaycan Hava Yolları” (AZAL) milli sərnişin aviadaşıyıcısı alıb.

“Silk Way West Airlines” aviaşirkəti 2012-ci ildə fəaliyyətə başlayıb. Hazırda “Silk Way West Airlines” aviaşirkətinin hava gəmiləri parkına 4 “Вoeing 747-8F” və 2 “Вoeing 747-400F” təyyarəsi daxildir. Cari ildə daha bir “Вoeing 747-8F” təyyarəsinin gətirilməsi gözlənilir ki, bundan sonra aviaşirkətin hava gəmiləri parkındakı təyyarələrin sayı 7-ə yüksələcək. “Silk Way West Airlines” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportundan qitələri birləşdirən tranzit mərkəz kimi istifadə edərək dünyanın müxtəlif regionlarına - Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir.