Artıq 4 milyon nəfərə qədər insan 2016-cı il oktyabrın 13-də 88 yaşında vəfat edən Tailand kralı Pumipon Adulyadet (IX Rama) ilə vidalaşıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hər gün on minlərlə insan monarxla vidalaşmaq üçün uzun növbələrə dayanır. Bir çoxları bura ailəsi ilə birgə gəlir və gecədən növbə tutur.
Kral həyəti bürosunun məlumatına əsasən, mərhum kralla vidalaşmağa gələnlər indiyə qədər 300 milyon bat (8,6 milyon dollar) ianə qoyublar. Vida mərasimində iştirak edənlərə isti yemək paylanılır və onları paytaxtın müxtəlif hissələrinə aparmaq üçün pulsuz nəqliyyat ayrılıb.
Qeyd edək ki, IX Ramanın cənazəsinin qoyulduğu örtülü sərdabə Böyük kral sarayındakı “Dusit Maxa Prasat” tac zalında yerləşir. Kral sərdabəsi keçən il oktyabrın 29-da vətəndaşların ziyarəti üçün açılıb. Yerli ənənəyə görə, kralın cənazəsi şaquli vəziyyətdə örtülü sərdabəyə yerləşdirilib. Onun 2017-ci ilin payızında paytaxtın “Sanam Luanq” meydanında kremasiya olunacağı gözlənilir. Mərasimin dəqiq vaxtı məlum deyil.