10 fevral 2017 20:32
377

“Elektron məhkəmə” informasiya sisteminin tətbiqi sənədlərin işlənməsini sürətləndirib

Fevralın 10-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Ali Məhkəmənin sədri ötən il Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycanda ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılıb. Azərbaycan Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 2014-cü il 13 fevral tarixli Sərəncamının icrası və elektron məhkəməyə keçidin təmin olunması məqsədilə Ali Məhkəmədə yeni elektron sənəd dövriyyəsinin, kassasiya müraciətlərinin və işlərin elektron qaydada bölüşdürülməsi sistemi yenilənib. “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi məhkəmə ilə tərəflərin əlaqələrinin asanlaşdırılmasını, sənədlərin işlənməsinin sürətləndirilməsini və işlərin prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə baxılmasını təmin edir. Ali Məhkəməyə daxil olan kassasiya şikayətlərinin, ərizə, şikayət və digər sənədlərin elektron qeydiyyatı aparılır, məhkəmə prosesləri audio, video və digər texniki vasitələrdən istifadə etməklə qeydə alınır, məhkəmə protokolları və qərarlar Ali Məhkəmənin elektron arxivinə inteqrasiya edilir. Həmçinin “Elektron hökumət” portalı vasitəsilə məhkəmə fəaliyyəti ilə bağlı bütün dövlət rüsumları elektron qaydada ödənilir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2017-ci il yanvarın 1-dən Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyası öz fəaliyyətini elektron qaydalar əsasında həyata keçirir.

Ali Məhkəmənin sədri vurğulayıb ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ mütəmadi olaraq müzakirə edilir, hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir.

Bildirilib ki, əvvəlki illərlə müqayisədə 2016-cı il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib. Ali Məhkəməyə daxil olan işlərin sayı 25,7 faiz artıb, baxılan işlərin keyfiyyəti yaxşılaşıb. Ümumiyyətlə, 2015-ci ildə Ali Məhkəmədə 9404 işə baxılmışdısa, ötən il bu rəqəm 10 min 530 olub. Bu, işlərin sayının 12 faiz artdığını göstərir. Baxılan işlərin sayının artmasına baxmayaraq, ləğv olunan məhkəmə qərarlarının sayında 1,5 faiz azalma müşahidə edilir. Baxılan işlərdə mülki kollegiyada 10,4 faiz, inzibati-iqtisadi kollegiyada 28,8 faiz, cinayət kollegiyasında 1,6 faiz artma müşahidə olunub. Hərbi kollegiyada isə baxılan işlərin sayı 9,6 faiz azalıb.

Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2016-cı ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib. Həmin məlumatlarla əlaqədar geniş müzakirələr və təhlillər aparılıb.

Məruzə edən kollegiya sədrləri 2016-cı ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd ediblər. Bildirilib ki, mülki kollegiyada 2015-ci ildə 5657 işə baxılmışdısa, ötən il bu rəqəm 6246 olub. Bu da baxılan işlərin sayının ötən ilə nisbətən 10,4 faiz artdığını göstərir. Baxılmış işlərin sayının artmasına baxmayaraq, ləğv edilmiş işlərin sayı 1,5 faiz azalıb. Bu da ədalət mühakiməsinin düzgün həyata keçirildiyini göstərir. Ötən il bəzi kateqoriyalardan olan işlərin (ailə münasibətləri, əmək, mənzil, bank-kredit mübahisələri) sayı artıb. Bu, əsasən ailə münasibətləri üzrə mübahisələrə dair işlərdə 71,9 faiz, əmək mübahisələrində iki dəfə, mənzil mübahisələrində 39,8 faiz, bank-kredit mübahisələrində 93,6 faiz təşkil edir.

Diqqətə çatdırılıb ki, ötən il inzibati-iqtisadi kollegiyanın icraatında baxılmış 2247 işdə müxtəlif inzibati orqanlar və onların struktur qurumları tərəf qismində iştirak edib. Baxılmış işlərdə inzibati orqanların fəaliyyəti zamanı qəbul etdiyi qərarlar və hərəkətlərdən olan şikayətlər üzrə yaranmış mübahisələr olub. İnzibati məhkəmələrin fəaliyyətə başladığı dövrdən - 2011-ci il yanvarın 1-dən etibarən vətəndaşların inzibati orqanlara olan iddialarının 82-84 faizi təmin edilib.

Keçən il cinayət kollegiyasının icraatında olan 2671 nəfər haqqında 2409 işdən 2126 nəfər haqqında 1886 işə baxılıb (2015-ci illə müqayisədə müvafiq olaraq 1,6 faiz və 0,8 faiz çox).

Kassasiya qaydasında baxılmış işlər üzrə talama cinayətlərinə, bu cinayətlərin sırasında da dələduzluğa (Cinayət Məcəlləsinin 178-ci maddəsi) görə məhkum edilmiş şəxslər çoxluq təşkil edib.

Hərbi kollegiyanın icraatına daxil olmuş 181 nəfər haqqında 154 işdən 146 nəfər haqqında 122 işə baxılıb (2015-ci illə müqayisədə müvafiq olaraq 3,3 faiz və 9,6 faiz az). Hərbi kollegiyada kassasiya qaydasında baxılmış işlərin təhlili göstərir ki, hərbi məhkəmələr tərəfindən baxılmış işlər üzrə şəxslər, əsasən həyat və sağlamlıq əleyhinə (41 nəfər), hərbi xidmət əleyhinə (27 nəfər), mülkiyyət əleyhinə (22 nəfər) olan cinayətləri törətdiklərinə görə məhkum olunublar.

Əvvəlki illərdən fərqli olaraq 2016-cı ildə həyat və sağlamlıq əleyhinə olan cinayətlərə dair işlər kassasiya qaydasında baxılmış işlər sırasında çoxluq təşkil edib. Bununla belə, 2015-ci illə müqayisədə ötən il mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərbi xidmət əleyhinə olan cinayətlərin törədilməsinə görə məhkum olunmuş şəxslərin sayında azalma müşahidə olunub. Lakin hərbi qulluqçuların başqa cinayətlərə - həyat və sağlamlıq, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlərə görə məhkum olunmalarına dair kassasiya qaydasında baxılan işlərin sayı artıb. Müsbət hal kimi qeyd edilməlidir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, idarəetmə qaydası əleyhinə olan cinayətlərə dair işlərə hərbi kollegiyada 2016-cı il ərzində kassasiya qaydasında baxılmayıb.

Bildirilib ki, ötən il Ali Məhkəmənin Plenumunun altı iclası keçirilib, 29 qərar qəbul edilib. Konkret işlərə baxılmasına dair qərarlarla yanaşı, Plenum tərəfindən “Nikahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında”, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verilməsi haqqında” qərarlar qəbul edilib.

Hesabat ilində Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, habelə digər müraciətlərinə baxılaraq, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verildiyi qeyd edilib.

Plenumda Ali Məhkəmənin 2017-ci ilin birinci yarısına dair iş planı təsdiq olunub. Həmçinin Plenumda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.