14 fevral 2017 23:39
1394

Professor Adil Əliyev: Palçıq vulkanları milli sərvətimizdir

Son illərdə mətbuatda gedən yazılarda və televiziya verilişlərində palçıq vulkanlarının fəaliyyəti ilə əlaqədar düzgün məlumat verilmir. Məsələn, Azərbaycanda və dünyadakı palçıq vulkanlarının sayı 30-40 il bundan əvvəlki məlumatlara əsasən qeyd edilir. Eləcə də vulkanların və onların püskürmələrinin sayı, təhlükəsi, tullantı məhsullarının əhəmiyyəti, onlardan istifadə olunması və digər məsələlər barədə yanlış məlumatlar verilir. Fevralın 6-da Abşeron yarımadasındakı “Otman Bozdağ” palçıq vulkanının püskürməsi barədə də belə yanlış məlumatlar səslənib.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri, Əməkdar Elm Xadimi, professor Adil Əliyev deyib. Onun sözlərinə görə, 2015-ci ildə ilk dəfə “Dünya palçıq vulkanlarının atlası” Azərbaycan, ingilis və rus dillərində Bakıda hazırlanaraq İtaliyada nəşr olunub. Dünyada 2 min 500 palçıq vulkanı var ki, onların da 350-si Şərqi Azərbaycanda və onunla həmsərhəd olan Cənubi Xəzərin akvatoriyasındadır. Son 200 ildə Azərbaycanda 93 palçıq vulkanında 400-dən çox püskürmə baş verib. Palçıq vulkanları 50 ildən artıqdır ki, Geologiya və Geofizika İnstitutunda hərtərəfli öyrənilir.

A.Əliyev vurğulayıb ki, palçıq vulkanları milli sərvətimizdir. Vulkanlar çox dərin təbii kəşfiyyat quyusu adlanır, yerin dərin qatlarında yerləşən neft və qaz yataqlarının axtarışında neftçi geoloqlara kömək edir. Vulkan tullantılarındakı müxtəlif süxurlar lazımlı mikroelementlərlə (bor, manqan, vanadium, mis, litium və s.), vulkan suları isə yod, bor və bromla zəngindir. Vulkan palçığı müalicəvi preparatdır, geniş istifadə olunur. Vulkan gili keyfiyyətli keramzit xammal kimi tikintidə istifadə olunur. Gillərdən silikat kərpic də hazırlanır. Möhtəşəm görünüşlü, aktiv fəaliyyətdə olan palçıq vulkanları, həm də ekoturizm obyektidir. Nəhayət, palçıq vulkanlarının fəaliyyəti zəlzələlərlə genetik əlaqədardır. Böyük dərinliklərdən çıxan, ekoloji təmiz vulkan palçığı biostimuliyalacı təsirə malik kimyəvi mikroelementlər və üzvi maddələrlə zəngindir. A.Əliyev deyib: “Biz keçən əsrin 70-80-ci illərində tibb elmləri doktoru Fəridə Əfəndiyeva və başqa mütəxəssislərlə birgə tədqiqatlar apararaq vulkan palçığının balneoloji xassələri və geokimyəvi xüsusiyyətlərini öyrənib ölkənin 15-dən çox tibb müəssisəsində vulkan palçığı ilə müalicə praktikasını tətbiq etmişik. Vulkan palçığı özünün müstəsna yüksək balneoloji xassələrinə görə bir çox xəstəliklərin müalicəsində, xüsusilə kosmetologiyada istifadə oluna bilər. Çox təəssüf ki, hazırda palçıqdan bu məqsədlərlə istifadə edilmir”.

Ölkəmizdəki palçıq vulkanlarının beynəlxalq turizmə cəlb olunmamasına toxunan şöbə müdiri qeyd edib ki, Azərbaycanda möhtəşəm, görkəmli, aktiv fəaliyyətli vulkanlar çoxdur və əcnəbi turistlərin bir qismi onları görmək istəyir.

Qeyd edək ki, A.Əliyevin 2008-ci ildə Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş “Azərbaycanın palçıq vulkanları” kitabçasında 25 vulkanın turist marşrutları verilib. Həmin bələdçi kitabçası ilə yanaşı, ayrıca altı turist marşrutu Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Bu ildən Geologiya və Geofizika İnstitutu tərəfindən Azərbaycanın palçıq vulkanları brekçiyasında aksessor minerallaşmanın öyrənilməsinə başlanılıb. Vulkan brekçiyasında aşkarlanacaq bəzi nadir kimyəvi elementlər vulkanların mənşəyi haqqında yeni, daha dolğun fikir söyləməyə imkan verəcək.