28 fevral 2017 19:36
2878

Gəncədə 14 nömrəli tam orta məktəbin açılışı olub

Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub

Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri, şagirdlər və valideynlər iştirak edib. Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin müdiri Qasımov Elnur açılış mərasimində çıxış edərək bidirib ki, 2015-2016-cı tədris ilində məktəbi 66 şagird bitirib.

Onlardan 60 faizi ali məktəblərə daxil olub. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Təhsil ocağının işçilərinin sayı ümumilikdə 119 nəfərdir. Onlardan 98 nəfəri pedaqoji heyətdir. Məktəbin 8-ci sinif şagirdi Tacirə Qurbanzadə təhsil ocağının əsaslı şəkildə təmir edilərək istifadəyə verildiyi üçün ölkə rəhbəri İlham Əliyevə məktəb yoldaşları adından minnətdarlığını bildirib. Tacirə Qurbanzadə onlara göstərilən diqqət və qayğının qarşılığında dəsrlərini müvəffəqiyyətlə oxuyacaqlarına və Vətənə layiqli olacaqlarına söz verib. Məktəbin Valideyn komitəsinin sədri Gülnar Nəsirova ölkə rəhbəri İlham Əliyevə fidan balalar üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Gülnar Nəsirova qeyd edib ki, valideynlərin əsas arzusu övladlarının təhsil alaraq ölkəyə yararlı vətəndaş olmalarıdır. Elmar Vəliyev əlamətdar gün münasibətilə təhsil işçilərini, məktəbliləri, valideynləri təbrik edib. Ölkə Prezidenti İlham Əliyevin, birinci vitse prezident Mehriban Əliyevanın təhsilə və təsil işçilərinə çox böyük diqqət, qayğı göstərdiklərini, Gəncə şəhərinin də bu qayğıdan bəhrələnərək ilbəil öz nailiyyətlərini artırdığını vurğulayıb. İcra başçısı bildirib ki, gündən-günə gözəlləşən və inkişaf edən Gəncədə aparılan genişmiqyaslı tədbirlər, Nizami yurdunda baş verən inkişaf Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısının bariz nümunəsidir. Elmar Vəliyev vurğulayıb ki, dövlət proqramına uyğun olaraq Gəncədə 1 nömrəli orta məktəb, 1 və 2 nömrəli peşə məktəbi, 1saylı peşə litseyinin əsaslı şəkildə təmirdən sonra açılışı olacaq.

Elmar Vəliyev məktəbin tikilişində iştirak edən işçi heyətinə təşəkkürnamə və hədiyyələr verib. Sonra şagirdlərin iştirakı ilə məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra şəhər rəhbəri məktəb şagirdləri üçün yaradılan şərait və dərs prosesi ilə tanış olub. Məlumat verilib ki, Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəb 1975-ci ildən fəalliyyət göstərir. Məktəb 1076 şagird yerlikdir və hər bir şagird üçün bütün lazımi şərait yaradılıb. Ümümtəhsil ocağı 3 mərtəbəli olmaqla 2 korpusdan ibarətdir, 54 sinif otağı var.

Qeyd edək ki, uzun illər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri aparılmayıb. Məktəbin əsaslı təmirinə 2016-cı ilin may ayından başlanılıb. Məktəbin hər 2 korpusunda aparılan əsaslı təmir işləri nəticəsində məktəbin dam örtüyü dəyişdirilib, iclas və idman zalları, 54 sinif otağı, o cümlədən 2 informatika, 3 laboratoriya (kimya, fizika, biologiya) otağı müasir avadanlıqlarla təchiz edilib.

Zamin Məmmədov, “İki sahil”