80 yaşın zirvəsindən arxaya baxdıqda illərini xoş anlarla zənginləşdirməsində həyat amalı seçdiyi bu prinsipin rolunu yüksək dəyərləndirən T.Əliyev bildirir ki, yaşanan ömrü geri qaytarmaq mümkün olmadığı üçün ötən illərin, ayların, günlərin, ən əsası saniyələrin belə hər biri insan üçün əziz və doğma olmalıdır
«Xoşbəxtlik» sözünün özündə əks etdirdiyi məna hər kəs tərəfindən müxtəlif şəkildə dərk olunsa da, onun yaratdığı sevincin miqyası hamı üçün genişdir, sanki bir anda 100 illik bir ömrün yaşanmasıdır. Yaşadığımız ömür payında bu anların çox, yaxud az olması «alın yazısı» kimi dəyərləndirilsə də, özümüzdən hərəkətin bir tələb olduğunu da unutmamalıyıq. Bu mənada xoşbəxtlik zəhmət və iradənin, əmək və səyin nəticəsidir. Eyni zamanda o da sirr deyil ki, başqalarının xoşbəxtliyinə cəhd etdikdə öz xoşbəxtliyimizi tapırıq. Xoşbəxtliyin açarı kimi 4 element önə çəkilir- əsli pak, ürəyi pak, əli pak, rəyi doğru.
Bu kimi keyfiyyətlərə malik olaraq arxada qalan illərini daha çox xoş anlarla zənginləşdirən, yaşının hər bir dövründə özünü sağlam, gənc, ən əsası xoşbəxt hiss edən Telman müəllimlə söhbətimizdə də bu məqamlara geniş yer ayırdıq. Telman Əliyevin təqdimatına keçmədən öncə deyək ki, 1936-cı il 13 fevralda Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Yengicə kəndində anadan olmuş, bu gün səkkizinci on illiyin sevincini yaşayan bu müdrik insan hər kəsə Allahın bəxş etdiyi ömrü daha mənalı yaşamağı, hər zaman insanlara dəstək olmağı, bu ruhda hər gününü ötən gündən daha gözəl, xoşbəxt hiss etməsini və onu həyat tarixçəsinə fəxrlə yazmağı arzulayır. Telman müəllim bildirir ki, yaşanan ömrü geri qaytarmaq mümkün olmadığı üçün ötən illərin, ayların, günlərin, ən əsası saniyələrin belə hər biri insan üçün əziz və doğma olmalıdır. «Səkkizinci onilliyin zirvəsindən geri baxdıqda daha çox hansı anlara qayıtmaq istərdiniz» sualımıza cavab olaraq T.Əliyev bildirdi ki, sözsüz ki, orta məktəb illərinə. O illər ki, bir növ həyata hazırlıq dövrü hesab olunur. Həmin dövrün bu gün də yaddaşımda qalan və məni özünə cəlb edən maraqlı hadisələri olub. Amma tale belədir ki, yaşanan ömrü geriyə qaytarmaq mümkün deyil. Bu baxımdan ömrümün ötən hər biri günü - uğurlu, uğursuz, sevincli, kədərli olmasından asılı olmayaraq mənim üçün yaddaqalandır. Çünki bu, mənim taleyimdir, qismətimdir. İnsanlar var ki, sevincli anlarını dəyərləndirir, kədərli anlarını xatırlamaq belə istəmir. Bu, mümkün deyil. İnsan ömrü ilin fəsillərinə bənzəyir. Yəni qarlı qışın güllü-çiçəkli, təravətli baharı olduğu kimi, insan taleyinin də qəmli, kədərli, sevincli anları biri-birini əvəz edir. Bir sözlə, insan ömrünün mənası sevinc- kədər qidası ilə tənzimlənir.
Həmsöhbətim, 80 illik yolun bələdçisi Telman Əliyevin təqdimatı biri-birinə calanan suallara cavab əsasında ortaya çıxacaq, bir daha bu şəxsin vətənpərvərlik hissindən qaynaqlanan addımlarının şahidinə çevriləcəyik. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin əməkdaşı Telman Əliyev səkkizinci onilliyin sevincini bizimlə bölüşür.
- İnsanı tanıdan, onu yaşadan əməlləri, malik olduğu keyfiyyətlər, ən əsası içində yaşatdığı vətənpərvərlik duyğularıdır. Bu gün mən 80 yaşa çatmışam. Bu, həyatın ən yüksək zirvəsidir. Bəlkə də bundan yuxarı zirvə qalır, amma ona çatmaq çətindir. 80 illik zirvə böyük qəhrəmanlıqdır. Mən bu gün 80 yaşa çatdığım üçün özümü çox xoşbəxt hiss edirəm. Həyatın ən yüksək zirvəsindəyəm. Ötən dövr ərzində ölkəmiz üçün, xalqımız üçün, övladlarım üçün əlimdən gələni etmişəm və buna görə çox xoşbəxtəm. Ən maraqlısı budur ki, mən bu gün özümü məktəb illərində hiss edir, o illəri yaşayıram. Demək, yaşından asılı olmayaraq qəlb cavandırsa, yaşamaq, yaratmaq, özündən sonra izlər qoymaq üçün daha da səylə çalışacaqsan. Məktəb illəri bu gün gözümün qarşısında bir lent kimi keçir. O illərdə çox kasıb, güzəranı aşağı olan bir ailədə böyümüşəm. Orta məktəbi 1956-cı ildə bitirmişəm. Bakıya gəlməyə imkanım olmayıb. İki il kənddə qalıb valideynlərimə kömək etmişəm. 1958-ci ildə Bakıya gəlmişəm. Yadımdadır ki, Bakıya gəlişim oktyabr ayına təsadüf edirdi. Əynimdə nə gödəkçə, nə də palto var idi. Ayağımda da yay ayaqqabısı. Məndən soruşanda ki, oktyabr ayıdır, belə soyuq havada niyə yay ayaqqabısındasan, deyirdim ki, mən bağlı, yəni payız-qış mövsümü üçün ayaqqabıları geyinəndə ayağımda problem yaranır. Düşünmürəm ki, çətinliyim, maddi imkansızlığım mənə utanclıq gətirirdi. Yox, sadəcə ayaqda durmağı bacarmağım üçün çalışırdım. Təbii ki, kənd həyatından şəhər həyatına qədəm qoyan bir gəncin Bakı şəhərində özünə yaşamaq üçün yer etməsi, iş tapması asan deyildi. Bu anları dəqiqliklə qeyd etməyi və bunları da sizin tərəfinizdən qələmə alınmağını ona görə istərdim ki, çətinlik, keçdiyim enişli-yoxuşlu günlər məni heç zaman qorxutmayıb, mənə sıxıntı gətirməyib. Hər kəsin qarşıya qoyduğu məqsədə çatmasında əsas amillərdən biri özünəinam hissinin yüksək olmasıdır. Mən düşünürdüm ki, gələcəyim daha yaxşı olmalı, yaşadığım bu çətinliklər mənə öz yolumu düzgün qurmağım üçün yolgöstərən bir mayak rolunu oynamalıdır. Əbəs yerə deyilmir ki, çətinliyi görməsən xoş günün qədrini bilməzsən. Məhz bu düşüncəm mənə dayaq oldu, yaşadığım hər günün arxada qoyduğum gündən bir az fərqli olduğunu gördükcə daha da səylə çalışdım. Bakıya ilk gəldiyim günlərdə yaşadığm yer 28 May küçəsində yerləşən Dəmiryol vağzalındakı hərbi zal, işim isə vağzalda insanların yükünün daşınmasına kömək edib, dolanışıq üçün pul qazanmağım idi.
Belə bir çətin həyat keçən bir insanın illər keçdikcə ölkəsinə, xalqına dəstək olması böyük xoşbəxtlik, qürurverici amildir. O dövrdə belə qayda var idi ki, işə götürülmək üçün qeydiyyat, qeydiyyata düşmək üçün işləmək lazım idi. Bu iki amil bir-birinə uyğun gəlmirdi. Bu fikirlə bütün günü düşünürdüm. Bir gün təsadüfən bir elana rast gəldim. Həmin elanda yazılmışdı ki, Suraxanı neft mədənlərində fəhlə işə qəbul olunur və ehtiyacı olanlara yataqxana verilir. Bu elan məni o qədər sevindirdi ki, həyatım tamamilə dəyişdi. Mən dərhal Suraxanı neft mədənlərinə gəldim. Kadrlar şöbəsinə yaxınlaşıb ərizə ilə müraciət etdim və məni işə götürdülər. Qazmaçı köməkçisi kimi işə başladım. Bir il orada işlədim. Bir gün fəhlə paltarında yataqxanaya gələrkən ikinci bir elanla rastlaşdım. Həmin elanda da yazılırdı ki, Ukraynanın Xarkov şəhərində yerləşən yanğın texniki məktəbinə kursant qəbul olunur. Sonra bu elanın arxasınca getdim. Həmin vaxt hazırda işlədiyim yanğından mühafizə idarəsinə gəldim. Qeyd edim ki, 40 illik əmək fəaliyyətimin 20 ilini bu idarədə çalışmışam. İdarəyə müraciət etdim, məni Ukraynaya göndərdilər. Rus dilini bilməyən gənc üçün təbii ki, orada təhsil almaq asan deyildi. Amma o çətinliyi də yaşadım və qalib gəldim. Qəbul olundum və oranı müvəffəqiyyətlə bitirdim. Leytenant rütbəsində Azərbaycan Daxili İşlər Nazirliyinin sərəncamına gəldim. Bu gün caldışdığım təşkilatda sıravi vəzifədə- bölmə rəisi işlədim. Burada polkovnik-leytenant rütbəsinə qədər yüksəldim. Tale elə gətirdi ki, məni Naxçıvan daxili işlər nazirinin müavini vəzifəsinə təyin etdilər. Maraqlısı budur ki, həmin dövrdə o vəzifəyə başlamazdan öncə Mərkəzi Komitənin birinci katibinin görüşündə olmalı idin. Yadımdadır ki, 1977-ci il sentyabrın 15-də məni Mərkəzi Komitəyə ulu Öndər Heydər Əliyevlə görüşə dəvət etdilər. Bir gəncin dahi şəxsiyyətlə ünsiyyətdə olmasının nə qədər böyük məsuliyyət olduğunu təsəvvür etmək çətin deyildi. Vaxt gəldi, məni qəbul etdi. Ulu öndər məni çox gülərüz qarşıladı. Bu gülərüzlük məndə gərginliyi bir qədər azaltdı. Özüm haqqında xəbər aldı... Söhbət əsasında məni daha da yaxından tanıdı və işimdə uğurlar dilədi. Görüşdə mənə uzunmüddətli proqram təqdim etdi. Bu görüşdən sonra Naxçıvana yola düşdüm. Aldığım proqramla 10 il müddətində Naxçıvan daxili işlər nazirinin müavini vəzifəsində çalışdım.
- Desəm ki, qeyri-adi insanam, təvazökarlıq olar. İnsanları başa düşməyə, onlara dəstək olmağa çalışmışam. Bu xarakterdə insanları görməyəndə narahat olur, sıxıntı keçirirəm. Bəlkə də mənim bu zirvəyə gəlib çıxmağımda xarakterim əsas rol oynayıb. Xeyirxahlığı fəaliyyətimin əsası kimi qəbul etmişəm və bu gün də bu keyfiyyətimlə qürur duyuram. Hər zaman istəyirəm ki, insanlar məndən narazı olmasın.
- Xatirələr çox, onların yaratdığı hisslər ölçüyəgəlməz dərəcədə dərindir. Amma mənim üçün əsas olan bir anı qeyd etmək istərdim ki, o da məktəb illəri ilə bağlıdır. Etiraf edim ki, orta məktəb illərində bir müddət yaxşı oxudum, bir müddətdən sonra isə çox ərköyünləşdim. 6 bacının bir qardaşı olmaq, atamın da kolxoz sədri vəzifəsində çalışması məni ərköynləşdirdi desəm,- səhv etmərəm. Lakin bu ərköyünlüyüm uzun sürmədi. Bir müddət keçdikdən sonra sanki yuxudan ayıldım. Deyim ki, hətta iki il də məktəbə getməmişdim. Sonrakı dövrdə Allah-təala elə bil mənə qüvvə verdi, elmə, kitaba həvəs yaratdı. Yadımdadır ki, 5-ci sinifdə oxuyanda mənə tərifnamə veriləndə bundan necə sevindim, özümü xoşbəxt hiss etdim. Tərifnaməni aldığım günün ən böyük, eyni zamanda yadda qalan xatirə olmasına səbəb təbii ki, bugünkü uğurlarıma yol açmasıdır. Məhz o təntənəli təqdimatı gələcəyim üçün uğurlu bir yolun başlanğıcı kimi dəyərləndirirəm.
- Həmin dövrün çətinlikləri təbii ki, bu gün Hüseyn Cavidin mənəvi oğulları adının fonunda hiss olunmur. Xoşbəxtəm ki, böyük şairimiz H.Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi ulu öndər Heydər Əliyev tərəfindən 3 nəfərdən biri- mənə tapşırılmışdı. Bu, mənim həyatımın ən xoş anlarından biri idi. Ötən müsahibələrimdə bu barədə ətraflı qeyd etmişdim. Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsini arzu edənlər çox idi. Adım o siyahıda yox idi. Adımı belə çəkmək mümkün deyildi. O zaman Naxçıvan daxili işlər nazirinin müavini vəzifəsində çalışırdım. Çox adam getmək istəyirdi. Amma həmin məqam yetişəndə müxtəlif bəhanələrlə geri çəkildilər. Mənə təklif olunanda həmin vaxtı mənim də getməmək üçün səbəbim var idi. Belə ki, həmin vaxt böyük bacım ağır vəziyyətdə idi. Bunu deyə bilmədim, çünki düşündüm ki, bunu bəhanə kimi qəbul edə bilərlər. Getdim. Sən demə, Naxçıvandan Moskvaya yola düşən günü bacım rəhmətə gedib. Orada olanda Naxçıvanla əlaqə saxlayarkən məlumat verildi ki, bacım rəhmətə gedib. Bu hadisə məni məyus etsə də, Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsində iştirakım mənim üçün böyük xoşbəxtlik idi. Bu mühüm hadisə nəinki məni, bütün ailəmi tanıtdı. Həyatda bundan böyük xoşbəxtlik ola bilməz. Mən bu gün də fəxr edirəm ki, bu işi məhz biz yerinə yetirmişik. Bizdən sonra nəvələrimiz, nəticələrimiz bizim adımızla tanınacaq. Bu, hər kəsə qismət olmur.
- Azərbaycan bədii ədəbiyyatının dahilərindən olan Cavid dünyası ilə müqayisə olunacaq şeiriyyət nümunələrini bilməyən yoxdur. Bizim yazdığımız qısa şeir o zənginliklə müqayisədə «dəryada damla» misalı olsa da ulu Cavidə həsr olunduğu üçün nəzərimizdə qiymətlidir. Şeirin yaranma tarixinə gəldikdə, o da özünməxsus bir məqamla bağlıdır.
....Səfərimizin ikinci günü nahar edirdik. «Həmidin, Telmanın, Zakirin gəlib Qəbrini Sibirdən aparır sənin» bədahətən gələn bu sözləri söylədim və əlimdə olan paketdə yazdım. Həmidlə Zakirə göstərəndə «bu şeirdir ki» söylədilər. Belə qaldı...
Bütün işlərimizi görüb qurtarandan sonra yola düşdük. Yol boyunca hərəmiz bir misra qoşduq. 5 bənddən ibarət şeir əmələ gəldi. «Qayıdış» adlı bu şeirə mahnı da yazılıb. Mahnının sözləri qeyd etdiyim kimi üç qardaşın, musiqisi isə mənimdir. Mən bəstəkar deyiləm, ancaq bu, mənim ürəyimin bəstəsidir. Bu, böyük şairə olan sevgimizdir, onun qarşısındakı borcumuzdur...
-Vətəninə, xalqına, kiçik dövlət kimi dəyərləndirilən ailəyə, uşağa bağlı insanam. Bütün varlığım məhz bunlardır. Heç vaxt ulu öndər Heydər Əliyevin bu fikrini unutmuram: Mən fəxr edirəm ki, azərbaycanlıyam. Bu sadə fikir deyil. Hər bir vətəndaş öz Vətənini, xalqını sevməlidir. Mən də millətini, xalqını sevənlərdən biriyəm. Məhz bu fonda yaşadığım 80 illik ömür yolu qarşıdakı illərimə işıq salır.
- Özümə, fəaliyyətimə dəyər verənlərə minnətdaram. Mənim bir prinsipim var: insan özü ilə deyil, ətrafı, dostları ilə fəxr etməlidir. Çox xoşbəxtəm ki, fəxr edəcək belə bir ətrafı, dostları qazanmışam. Xalqımıza, millətimizə əmin-amanlıq arzulayıram. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcəyə daha böyük inamla baxmağa əsas verir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə cansağlığı, onun rəhbərliyi altında çiçəklənən, qüdrətlənən Azərbaycanımıza davamlı uğurlar, ən yüksək zirvələr arzulayıram. Azərbaycan bu gün inkişafın elə bir səviyyəsindədir ki, hər kəs belə bir ölkənin vətəndaşı olmağı ilə qürur duyur. Məni daha həvəslə çalışmağa ruhlandıran da bu günümüzün reallıqlarıdır. Xalqımıza firavan həyat arzulayıram. Mən də hər bir Azərbaycan vətəndaşı kimi, dövlətimizin uğurlu siyasəti nəticəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına əminəm.
Yeganə Əliyeva, «İki sahil»