31 mart 2017 22:38
1407

Culfa Bayraq Meydanı - Gülüstan türbəsi istiqamətində yürüş

Gənclər Culfa Bayraq Meydanı - Gülüstan türbəsi istiqamətində yürüş ediblər

Bu il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə verilən tapşırıqların icrasına uyğun olaraq gənclərin Culfa Bayraq Meydanı - Gülüstan türbəsi istiqamətində yürüşü təşkil olunub.

AZƏRTAC xəbər verir ki, yürüşdən əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxış ediblər.

Bildirilib ki, Gənclər Fondu ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə hazırladığı qrafikə əsasən gənclərin dağlıq ərazilərə, qoruq və yasaqlıqlara yürüşünün təşkil edilməsi nəzərdə tutulub. Ayda bir dəfə olmaqla, muxtar respublikanın tarixi və təbiət abidələrinə həyata keçiriləcək yürüşlərin məqsədi Naxçıvanın turizm potensialının gənclərə tanıdılması, onların asudə vaxtının səmərəli təşkil edilməsi və bacarıqlı gənclərin üzə çıxarılmasından ibarətdir. Bu tədbirlər həm də gənclərin fiziki hazırlıqlarının möhkəmləndirilməsi və bu sahədə bacarıqlı gənclərin üzə çıxarılmasında da əhəmiyyətli rol oynayacaq.

Qeyd olunub ki, keçiriləcək yürüşlərə təkcə Naxçıvan şəhərindəki ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclər deyil, eyni zamanda, muxtar respublikanın bölgələrində yaşayan gənclər də cəlb olunacaqlar.

Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi tərəfindən təqdim olunan bədii hissədən sonra yürüşə start verilib. Gülüstan türbəsi istiqamətində 4 kilometrdən artıq məsafəni başa vuran gənclərə türbənin tarixi və onun bərpası haqqında, eyni zamanda, böyük təbiət ərazilərini və rəngarəng ekosistemi əhatə edən “Arazboyu” Dövlət Təbiət Yasaqlığı barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, 60-dan çox gəncin iştirak etdiyi yürüşə Hava və Ekstremal İdman Növləri Federasiyasının Culfa rayon bölməsinin üzvləri də qoşulublar. Yürüşdə fəal iştirak edən gənclərə təşkilatçıların fəxri fərmanları təqdim olunub.