Prezident İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlı rayonunda keçirilən müşavirədə pambıqçılığın inkişafı ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar Horadiz şəhərində qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonun aidiyyəti idarə və təşkilatlarının nümayəndələri, pambıqçılıqla məşğul olan fermerlər, torpaq mülkiyyətçiləri, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, çiyid səpininə hazırlıqla əlaqədar görüləcək işlərdən danışıb.
Bildirilib ki, 2016-cı ildə rayon ərazisində 505 hektar sahədə pambıq becərilib, 530 ton məhsul tədarük edilib. Bu il isə ötən ilkindən 4 dəfə artıq - 2050 hektarda çiyid səpilməsi nəzərdə tutulur. Pambiq əkinlərinin 806 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 90 hektarı “CTS Aqro” MMC, 1154 hektarı isə “Füzuli Kənd Təsərrüfatı” MMC ilə müqavilə əsasında becəriləcək. Artıq çiyid səpiləcək sahələrdə son hazırlıq işləri aparılır. Yaxın günlərdə çiyid səpininə başlanılacaq.
Yığıncaqda pambıq emalı müəssisələrinin rəhbərlərinin, fermerlərin fikir və təklifləri dinlənilib, qarşıda duran vəzifələr müzakirə olunub.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev müşavirədə çıxış edib.