SOCAR-da ödənişli istehsalat təcrübəsi proqramı üzrə test imtahanları keçirildi
İyunun 8-də SOCAR-ın İnsan Resursları Departamentində ödənişli istehsalat təcrübəsi proqramı üzrə test imtahanları keçirildi. SOCAR tərəfindən gənclərin məşğulluğunun artırılması istiqamətində ötən illərdə aparılan işlərin davamı olaraq bu ildə də ölkəmizin və xarici ölkələrin ali məktəblərində təhsil alan öyrənməyə həvəsi, şəxsi inkişafını, peşəkar vərdişlərini və təcrübi biliklərini artırmağa maraqlı olan gənc vətəndaşlara neft və qaz sənayesində ödənişli istehsalat təcrübəsi keçmək imkanı yaradılıb.
“Ödənişli İstehsalat Təcrübəsi Proqamı”nın məqsədi təhsil müəssisələrinin tələbə və məzunlarının real iş şəraiti ilə yaxından tanış olmaları, bununla da onların nəzəri biliklərinin təcrübədə tətbiq edilməsi və neft-qaz sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, ixtisas profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalar, iş üsulları və digər məsələlərlə tanış edilməsidir.
SOCAR-ın İnsan Resursları Departamentinin Testləşdirmənin təşkili şöbəsinin əməkdaşı Rauf Əhmədov bildirdi ki, proqramda ümumilikdə 1 311 nəfər iştirak edir ki, onlar 23 ixtisas üzrə imtahan verəcəklər: “Test imtahanlarının nəticələrinə əsasən, namizədlərlə müsahibə təşkil olunacaq. Seçilən namizədlər SOCAR-ın müəssisələrində seçdikləri ixtisas üzrə təcrübə keçəcəklər. Təcrübənin sonunda müvafiq müəssisələrin rəhbərləri uyğun namizədlərə ixtisaslara görə iş təklif edəcəklər”. SOCAR-ın baş ofisinin insan resursları departamentinin işə qəbul və yerləşdirmə şöbəsinin rəisi Ağaməmməd İsgəndərov bildirdi ki, təcrübə proqramının mahiyyəti namizədlərin təhsil müəssisələrində yiyələndikləri nəzəri bilikləri istehsalatda istifadə etmək, yeni texnologiyalarla tanış olmaq, SOCAR barədə biliklərini artırmaqdan ibarətdir. Onun sözlərinə görə təcrübə müddəti təqribən iki ay davam edəcək. A. İskəndərov əlavə etdi ki, təcrübə proqramında dördüncü kursda oxuyan bakalavrlar, magistraturada təhsil alanlar və təhsil müəssisəsini üç il öncə bitirənlər iştirak edə bilərlər.
İmtahan prosesi ilə bağlı suallarımızı cavablandıran QHT nümayəndəsi Elməddin Hacıyev bildirdi ki, imtahanlar operativ və şəffaf şəkildə keçirilir: “Namizədlərin müəyyən hissəsinin təhsil aldıqlarını və hazırda imtahan sessiyalarının davam etdiyini nəzərə alaraq onların test imtahanlarında sərbəst iştirakının təmin edilməsi üçün imtahanların iş günləri ilə yanaşı, həftənin qeyri-iş günləri olan şənbə və bazar günlərində də davam etdirilməsi planlaşdırılıb. Ümumilikdə, gənclərin işə həvəsinin artırılması və işlə təmin olunması məsələlərində SOCAR-ın təşkil etdiyi bu proqramlar olduqca mühüm əhəmiyyət kəsb edir .”
İmtahanda iştirak edən namizədlərin nəticələri və imtahanın gedişi barəsində fikirlərini öyrəndik.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geofizika mühəndisliyi üzrə 4-cü kurs tələbəsi Turxan Dünyamalıyev qəzetimizə açıqlamasında imtahanın normal keçdiyini və göstərdiyi nəticələrdən razı qaldığını bildirdi. Tələbə öz gələcəyini SOCAR-da gördüyü üçün məhz burada təcrübə keçmək istədiyini də diqqətə çatdırdı.
Digər namizəd - Azərbaycan Texnologiya İnstitutunda elektronika və telekommunikasiya proqramlandırma sahəsində təhsil alan İlhamə Məhbubova isə söylədi ki, imtahan çox rahat və şəffaf şəkildə keçib. O da yay təcrübəsini SOCAR-da keçirəcəyinə ümidvar olduğunu bildirdi.
Qeyd edək ki, 2018-ci ildə ödənişli istehsalat təcrübəsi proqramı üzrə mayın 16-da elan edilmiş müsabiqənin ilkin mərhələsi başa çatıb. Test imtahanları iyunun 10-dək davam etdiriləcək. Test imtahanlarda namizədlərə “ixtisas”, “məntiq”, “Azərbaycan və SOCAR-ın fəaliyyət sahəsi” və “kompüter bilikləri” blokları üzrə təqdim edilən 40 ədəd test tapşırığının cavablandırmasına 60 dəqiqə vaxt ayrılıb. Eyni zamanda, quruda ödənişli istehsalat təcrübəsi keçən gənclərə 200 manat, dəniz şəraitində istehsalat təcrübəsi keçənlərə isə 300 manat məbləğində ödəniş nəzərdə tutulub.
Şəfiqə Dadaşova,
Vüsal Cahanov (foto), “İki sahil”