SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.Fevralın 13-də və 15-də Ağsu və Ağcabədi rayonlarının daha 3 kəndinə təbii qazın verilişi bərpa edilmişdir. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Ağsu rayonunda keçirilən tədbirdə bildirilmişdir ki, ümumilikdə 189 abonenti olan Hacıuşağı və Cəfərli kəndlərinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 29378 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Fevralın 15-də Ağcabədi rayonunun Təzəkənd kəndinə təbii qazın verilişi bərpa edilmişdir. Bu münasibətlə keçirilmiş mərasimdə qeyd olunmuşdur ki, 623 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 28337 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.