21 aprel 2017 16:45
355

Gökhan Ege: Xarici ölkə vətəndaşlarının Azərbaycana səfərlərinin artırılması üçün çalışacağıq

Bütün dünyada olduğu kimi ölkəmizdə də turizm gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilməkdədir. Ölkəmizin geniş turizm potensialı var. Azərbaycanda turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün həmin imkanlardan kifayət qədər istifadə edilir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən Dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur. Ölkəmizə turist axını ildən-ilə artır. Bu da xarici ölkə vətəndaşlarının və turizm şirkətlərinin Azərbaycana marağının yaranmasına səbəb olur.

Belə şirkətlərdən biri də Türkiyənin “Eref Travel” şirkətidir. Şirkətin direktoru Gökhan Ege AZƏRTAC-a müsahibəsində şirkət, onun fəaliyyəti, azərbaycanlı turistlərin Türkiyəyə turist səfərləri, həmçinin həm Türkiyə, həm də xarici ölkə vətəndaşlarının ölkəmizə marağının artırılması istiqamətində təmsil etdiyi qurumun gördüyü işlər barədə geniş məlumat verib.

- “Eref Travel” şirkəti haqqında məlumat verərdiniz?

- “Eref Travel” təcrübəli heyəti ilə turizm sektorunda texnoloji inkişafı izləyən, agentliklərimizin ehtiyaclarını dərindən bilən və bu bilgiləri tamamilə istifadəçilərinin ən yaxşı tərəfdaşı olaraq hazırlamış bir onlayn sistemdir. Mənzil qərargahı İstanbulda yerləşən şirkətimiz məhsullar və müştəri bazarında beynəlxalq səviyyədə xidmət göstərir.

İstifadəçilərimizə onlayn olaraq otel, təyyarə, tur, transfer xidmətləri göstəririk. İstifadəçilərimiz əsasən offlayn və onlayn səyahət agentlikləri, turoperatorları, qlobal və yerli otel təchizatçılarıdır. Texnoloji tərəfdaşlarımızla birlikdə hazırladığımız “Eref Travel” sayəsində turizm və texnologiyanı bir araya gətirən, turizm agentlərinin işini asanlaşdıran bir sistem yaratmışıq. www.ereftravel.com saytında qeydiyyatdan keçən agentliklərimiz tək bir sistem üzərindən bu xidmətləri həyata keçirirlər. Əlavə olaraq məhsullarımızı XML (aktiv bir çox web-proqramı tərəfindən istifadə olunan məlumat bazası) ilə əlaqə saxlayaraq onlayn turizm agentliklərinə təqdim edirik. Sistem istifadəçilərin tələblərinə uyğun olaraq türk, ərəb, Çin, rus, ingilis və fars dillərində xidmət göstərir. İstifadəçilər onlayn olaraq rezervasiya etdikdən sonra vouçer ala və yekunlaşdırdıqları bir rezervasiyaya dəyişiklik edə bilərlər. Bir sözlə, “Eref Travel” Türkiyə, Orta Şərq, Avropa, Yaponiya, Çin və Amerika qitəsini hədəfə almış, bu böyük hədəflər istiqamətində dizayn edilmiş və bu istəklər üzərində idarə olunan beynəlxalq bir şirkətdir. Hazırda şirkətə məxsus olan beynəlxalq sistemə 450 min otel qoşulub.

- Azərbaycanlı müştərilər tur paketlərini necə ala bilər və onlarda maraq yaratmaq üçün hansı işlər görülür?

- Azərbaycan haqqında danışırıqsa deyə bilərik ki, bölgədə təmsilçilərimiz var. Onlar agentliklərimizlə əlaqədədirlər. Agentliklərimiz www.ereftravel.com vasitəsilə qeydiyyata düşə və sistemimizdən asanlıqla istifadə edə bilərlər. Buradakı qardaşlarımıza daha sürətli və səmərəli xidmət göstərmək üçün əməkdaşlığı ən yüksək səviyyədə həyata keçiririk.

- Türkiyə yeni mövsümə necə hazırlaşır?

- Əvvəlcə onu qeyd edək ki, mərkəzi İstanbulda yerləşən “Eref Travel” beynəlxalq xidmət göstərən onlayn məhsul təchizatçısıdır. Lakin dünyada gedən inkişaf proseslərini yaxından izləyirik. Ötən mövsümdə baş verən və ölkəmizin alışmış olmadığı turizmin geriləməsi sonrası istər hava yolları, otellər, istərsə də ölkə daxilində xidmət göstərən agentliklər qiymət siyasətini bu vəziyyətə uyğunlaşdırmağa çalışdılar. 2017-ci ildə turizm sənayesindən gözləntilər müsbət qiymətləndirilir. İstər tərəfdaşlarımızla, istərsə də öz planlaşdırmalarımızla nəticələri qarşılaşdırdığımızda bu nəticələrin ilin ilk üç ayında bəlli olacağı görünür. Aprel ayından daha da artmağa başlayan turist səfərləri ilə bu mövsümdə turizmin vəziyyətini aydın şəkildə görməyimizə imkan yaradacaq.

- Şirkətinizə müraciət edən potensial turistlərin səyahəti necə təşkil olunur?

- Bildiyiniz kimi, otellər və təyyarə biletlərinin qiyməti səyahət tarixinə, seçilən otel, adam sayına görə dəyişilir. Bu vəziyyətdə biz birbaşa müqavilələrimizin olduğu güclü təchizatçılar ilə anlaşaraq onların məhsullarını da sistemimizdə yerləşdiririk. Belə olduqda istifadəçi səyahət agentindən hansı oteli tələb etsə, ona ən uyğun qiymət təklif olunur. Qurduğumuz sistemin ən gözəl tərəfi bütün dünyada mövcud olan və turistlərin səfəri üçün zəruri olan bütün xidmətləri, o cümlədən, otelləri, aviabiletləri, transfer, avtomobil və bələdçi, eləcə də digər xidmətləri qısa müddətdə təqdim edə bilməsidir.

- Əməkdaşlıq etdiyiniz aviaşirkətlər haqqında məlumat verərdiniz.

- Dünya üzrə 200-dən çox aviaşirkət ilə işləyirik. İstifadəçinin hara səyahət etmək istədiyi və istədikləri məhsulu əldə edə bilməsi haqqında sualları cavablandırırıq. Bununla yanaşı, dünyada mövcud olan 4 beynəlxalq səyahət axtarış sistemindən biri olan “Travel Fusion” ilə anlaşmamız mövcuddur. Seçimlərimiz də genişdir. Azərbaycan Hava Yolları (AZAL) ilə danışıqlar aparırıq. Hazırda Türk Hava Yolları (THY) ilə əməkdaşlıq edirik. İstifadəçilərimizin dünyanın dörd bir yanından olduğunu nəzərə alsaq, nə qədər çox variant varsa, deməli bir o qədər də nəticə vardır.

- Dünyada baş verən iqtisadi böhran və turizmin geriləməsinə necə baxırsınız?

- Əvvəlcə bu vəziyyəti ölkələr üzrə dəyərləndirmək lazımdır. Əslində dövlətlərin siyasi fəaliyyəti fərqli bir gündəmdir. Xüsusilə texnologiyanın inkişafı, uçuş saylarının artması və dünyanın hər bir bölgəsinin daha əlçatan olması turizm dünyasını da daha fərqli bir nöqtəyə gətirmişdir. Bütün bunlara baxmayaraq, insanlar öz təbiətindən gələn günlük iş həyatından uzaqlaşma, istirahət etmə istəyi ilə mütləq bir yerə səyahət edir. Belə olan halda biz də əlimizdəki məhsulu istifadəçilərə təqdim etmək imkanı qazanırıq. Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı olaraq turist səfərləri etməli, mütləq bu xoşbəxtliyi yaşamalıdırlar.

- Azərbaycanlıların Türkiyəni seçməsində dil faktorunun da önəmi var...

- Bölgədə olduğumuz müddətdə gördüyümüz bu yaxın maraq, istilik, qonaqpərvərlik qardaşlıq bağlarının nə qədər güclü olduğunu bir daha göstərir. Azərbaycan bizim üçün qardaş ölkədir və daha çox investisiyaların qoyulmasının əsas səbəbi də elə budur. Son illərdə daha da güclənən əməkdaşlıq səviyyəsi bunun bariz göstəricisidir. Biz bir türk şirkəti olaraq Azərbaycanın da dünyada daha da tanınması, ölkənin reklamını etmək istiqamətində çalışmaq istəyirik və bununla özümüzü xoşbəxt hiss edirik. Həmişə söylədiyimiz kimi, biz bir millət, iki dövlətik! Əlaqələrimizin və birliyimizin daha da artacağına inamımız güclüdür.

- Türkiyə vətəndaşlarının Azərbaycana marağı necədir?

- Şübhəsiz ki, iki qardaş ölkə arasında inkişaf edən əməkdaşlıq, Azərbaycanda, xüsusilə Bakıda yaşanan inkişaf buraya səyahət edən insanlarımızın sayını da artırmaqdadır. Bunu yalnız Türkiyə ilə məhdudlaşdırmaq doğru olmaz. Bu artımda bizim də payımızın olması üçün əlimizdən gələni edirik. İstər Avropa, istər Orta Şərq, istərsə də Türkiyə vətəndaşlarının səfərlərinin artırılması üçün bundan sonra da çalışacağıq. Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirlər, idman yarışları, eləcə də insanların qonaqpərvərliyi bu inkişafa ən böyük töhfə verməlidir. Təsadüfi deyil ki, şirkətin fəaliyyəti ilə bağlı ilk təqdimat məhz Bakıda keçirilən “AİTF 2017” Beynəlxalq Turizm Sərgisində olub.

Maraqlı müsahibəyə görə çox sağ olun.