15 may 2017 21:48
495

Tarixin ən adios xanımının hobbisi

Deyl Karnegi yazır ki, nə iləsə məşğul olun. Çünki sevdiyin işi görmək dünyanın ən ucuz və ən effektli dərmanıdır. İnsanların gündəlik iş rejimlərinin xaricində həyatdan zövq almaq üçün məşğul olduqları  daha əyləncəli, sevindirici fəaliyyətlərinə hobbi deyilir. Hobbilər bizim həyatımıza rəng qatmaqla yanaşı, onu daha xoşbəxt və pozitiv yaşamağımıza da imkan verir. Ayrıca bu həvəskar məşğuliyyətlər insanın özünü tanımasına, özünü ifadəetmə bacarığının artmasına yardım edir. Elmi araşdırmalar sübut edib ki, hobbi sahibi olmayan 40%-a yaxın insanın həyatı çox monoton və bədbin notlar üzərində köklənərək davam edir.

Boş vaxtlarımda nə işlə məşğul ola bilərəm? Həftə sonunun necə istirahət edim? Vaxtı necə “öldürüm”? Bu suallar xüsusən də soyuq aylarda daha da aktuallaşır. İnsanlar xasiyyətcə fərli olduqları kimi, onların həyata baxışları və maraqlandıqları sahələr də müxtəlifdir. İstənilən hobbi nəinki vaxtın gözəl keçməsini təmin edir, həm də insanı stresdən uzaqlaşdırır, yeni hisslər bəxş edir, unudulmayacaq xatirələrlə yadda qalır və s.  Yuxarıda sadalananların hamısını, hətta yazılanlardan da daha artığını balıq ovuna aid etmək olar. Daha doğrusu, bunu biz yox, mütəxəssislər, psixoloqlar deyirlər. Balıq ovunun ovqat və sağlamlığa müsbət təsiri hələ qədim zamanlardan dəyərləndirilir. Assuriya daş lövhələrinin üzərində öz öyüdnaməsini yazmış müdriklərdən birinin söylədiyi kimi: “Mələklər ömür hesabına balıq ovunda keçirilmiş zamanı əlavə etmirlər”. Arxeoloqlar qədim Romada hazırlanmış və üzərində Venera və Amurun əllərində tilov tutmuş təsviri olan freska tapıblar. Şərqdə də balıq ovu heç də az sevilmirdi - bir çox qədim çin filosofları və hətta imperatorlar belə müvazinət və rahatlıq hislərini məhz balıq ovu zamanı keçirirdilər. Məsələn, tarixin ən adios fiqurlarından biri Kleopatra və onun sevgilisi Antoni vaxtlarının çoxunu birlikdə balıq ovunda keçirməyi sevirdilər.

İstirahət gününü balıq ovunda keçirərkən, özünüzü dərhal ən azı bir həftə gümrah hiss edəcəksiniz. Balıq ovu zamanı əsəblər sakitləşir. Hətta həkimlər də yorğunluq, yuxusuzluq və ya yüksək təzyiqdən əziyyət çəkən xəstələrinə balıq ovu ilə məşğul olmağı tövsiyə edirlər. Balıq tutma nəinki idman və istirahətdir, eyni zamanda qabiliyyətlərin inkişaf etdirilməsi deməkdir. Balıq tutma zamanı müşahidə etmə, səbirlilik, zirəklik, hövsələ qabiliyyətləri xeyli artır. Bu keyfiyyətlər bizə həyatda da bir çox vəziyyətlərdə kömək edir, xüsusən, gərgin iş rejimində çalışırıqsa. Balıq ovu zamanı xasiyyət möhkəmlənir, məkanın səmtini müəyyən etmək qabiliyyəti yaranır. Ovçu və ya balıqçını özündən çıxarmaq çox çətindir. Əsl balıqçılar orqanizm üçün çox faydalı olan sağlam qida hazırlaya bilir. Əsrarəngiz təbiət qoynunda, xüsusən də ətrafdakı çayın həzin şırıltısı, bulağın pıqqıltısı tamamilə rahatlaşdırıcı sükut, göz önündə isə ana təbiətin sadə və bir o qədər də göz oxşayan gözəlliyi varsa...

Uzun sözün qısası, 10-50 manat arası xərcə düşüb, balıq tutmaq üçün tilov alıb və müəyyən olunmuş prosedurlara əməl edib, son dərəcə maraqlı və faydalı hobbiyə yiyələnə bilərsiniz.

Günel Eyyubova, “İki sahil”