16 fevral 2016 14:51
1677

Azərbaycanda sıxılmış təbii qazın mühərrik yanacağı kimi tətbiqi genişləndirilir

Mütəxəssislərin hesablamalarına görə, STQ ilə işləyən avtomobillərin yanacaq sərfiyyatı hər 10 min kilometr məsafə üçün 600 manat vəsaitə qənaət etməyə imkan verə bilər

Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və  Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Bu baxımdan iqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması   istiqamətində atılan addımlardan biri də sıxılmış təbii qazın (STQ - beynəlxalq miqyasında “CNG”, yəni “Compressed Natural Gas”)  istehsalını, satışını və istifadəsini həyata keçirən “SOCAR-CNG” MMC-nin yaradılmasıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “Məişət Maye Qaz” QSC-nin qərarına əsasən, 21 oktyabr 2013-cü ildə yaradılmış “SOCAR-CNG” MMC  Azərbaycanın enerji bazarına yeni alternativ mühərrik yanacaq növünü gətirməklə yanacaq bazarının növbəti inkişaf mərhələsinə keçidini təmin edib.

Belə ki, ənənəvi neft yanacaq növlərindən fərqli olaraq STQ neft əsasında yox, təbii qaz əsasında istehsal olunur. Təhlükəsiz və ekoloji baxımdan təmiz STQ yanacağı ənənəvi yanacaq növlərindən qiymət baxımından daha sərfəlidir. Mütəxəssislərin hesablamalarına görə, STQ ilə işləyən avtomobillərin yanacaq sərfiyyatı  hər 10 min kilometr məsafə üçün 600 manat vəsaitə qənaət etməyə imkan verə bilər. STQ-yə keçid xərclərini nəzərə alanda, bu, xüsusilə böyük avtomobil parkına sahib olan şirkətlər üçün daha aktualdır. Nəticədə bununla ölkədaxili daşınma məsrəflərinin ümumi xərclərdəki payını azaltmaq mümkündür. Eyni zamanda, ölkəmizin böyük həcmdə olan təbii qaz ehtiyatları STQ-nin yaxın gələcəkdə alternativ mühərrik yanacaq növü olaraq daha geniş tətbiqinə şərait yaradır.

STQ,  həmçinin yanacağın ənənəvi növlərindən zəhərli tullantılarının miqdarının daha az olması ilə fərqlənir. STQ-nin istifadəsi zamanı dəm qazının miqdarı 90 faiz, karbon dioksid isə təxminən 24 faiz daha azdır. STQ-nin tərkibində azot və kükürd olmadığı üçün müvafiq təhlükəli tullantıları da yoxdur.

STQ yanacağı mürəkkəb emal prosesi olmadan istehsal olunduğundan qiymət baxımından daha əlverişlidir. STQ-nin əsas texniki göstəricilərində təzyiq 200-250 bara, tərkibində metanın təxmini miqdarı 90-95 faizə, oktan rəqəmi isə 105-125-ə bərabərdir.

Hazırda dünya miqyasında STQ digər yanacaq növləri ilə müqayisədə yeni mühərrik yanacaq növü kimi olduqca fəal tətbiq olunmaqdadır. Beynəlxalq təcrübəyə nəzər salsaq  STQ-nın ən çox istifadə edildiyi ölkələrin sırasında İran, Çin, Hindistan, Rusiya, İtaliya, Avstriya, Almaniya və digər Avropa ölkələrini görmək olar. Hazırda dünyada təbii qazla işləyən nəqliyyat vasitələrinin sayı 20 milyona yaxın, yanacaqdoldurma stansiyalarının sayı isə 20 mindən çoxdur. “Təbii Qaz Nəqliyyat Vasitələrinin Beynəlxalq Assosiasiyası”nın son illəri əhatə edən hesabatına görə, təbii qaz istifadə edən nəqliyyat vasitələrinin bazarı iki rəqəm əmsalı ilə artıb.

Təqdirəlayiq haldır ki, hazırda Bakı şəhərində ictimai nəqliyyat fəaliyyəti göstərən “Baku-Bus” MMC-yə məxsus “IVECO” markalı müasir tipli nəqliyyat növü olan avtobuslar “SOCAR-CNG” MMC-nin Zığ-Hövsan Terminal stansiyasında istehsal olunmuş STQ ilə işləyirlər. “SOCAR-CNG” MMC-nin Zığ-Hövsan Terminal stansiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2015-ci il iyun ayının 3-də istifadəyə verilib. Zığ-Hövsan Terminal stansiyasının tikinti-quraşdırma işlərində dünyanın ən müasir və təhlükəsiz texnologiyalarından, əsasən də İtaliya, İsveç və Almaniya istehsalı olan avadanlıqlardan istifadə edilib.

Qeyd edək ki, Zığ-Hövsan Terminal stansiyasında istehsal olunan STQ Azərbaycan Respublikasında qüvvədə olan “QOST 27577-2000” tələblərinə tam cavab verməklə bərabər, ən yüksək beynəlxalq standartlara uyğunluğu müstəqil xarici ekspertlər tərəfindən də təsdiqlənib.  Beləliklə, SOCAR-ın törəmə müəssisəsi “SOCAR-CNG” MMC Zığ-Hövsan STQ Terminal stansiyası artıq səkkiz aydır ki, uğurlu fəaliyyət göstərməkdədir.

? Ceyhun Piriyev,

“İki sahil”