09 iyun 2017 23:32
2988

Torpaqların məhsuldarlığını necə artırmalı?

Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi kənd təsərrüfatı üçün yararlı torpaqlarına yeni investisiyaların cəlbini tələb edir. İnvestorlar üçün sərmayə qoyacaqları ərazilərin xüsusiyyətləri, ilk növbədə bu torpaqların keyfiyyət göstəriciləri barədə məlumatlar böyük maraq kəsb edir. Torpaqların keyfiyyətinə dair uçotu kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaqların sağlamlaşdırılması, onların rekultivasiyası, konservasiyası, səmərəli istifadəsi, mühafizəsi üçün vacibdir. Modern cihaz və avadanlıqlarla təchiz olunmuş Torpaq və Bitki Laboratoriyası məhz bu məqsədə xidmət edir. Həmin laboratoriyada torpaqların tərkibi, nəmliyi, ümumi humusun və azotun miqdarı, şorlaşma və ya eroziyaya uğrama dərəcəsi kimi məlumatlar öyrənilir ki, bu da əkin sahələrində məhsuldarlığın artırılması üçün vacib amillərdəndir.

Əmlak Məsələləri Dövlət Komitəsinin nəzdində “Kadastr və Yerquruluşu Layihə Təqdqiqat Mərkəzi” MMC-nin Geobotaniya sektorunun müdiri, kənd təsərrüfatı elmləri namizədi Divanxan Əhədov bildirib ki, əkinçilik və bitkiçiliklə məşğul olan hər bir kənd təsərrüfatı məhsulları istehsalçısı əkib-becərdiyi torpağın keyfiyyət göstəricilərini öyrənmək üçün bu laboratoriayaya müraciət edə bilər: “İstər fərdi torpaq sahibləri, istərsə də iri fermerlər mülkiyyətində olan torpaq sahəsində hər hansı dəyişiklik baş verərsə “Kadastr və Yerquruluşu Layihə Təqdqiqat Mərkəzi” MMC-yə müraciət edib torpağın keyfiyyət göstəricilərinin analiz edilməsi barədə müqavilə bağlaya bilər. Laboratoriyada torpaqların tərkibi bütün göstəricilər üzrə analiz olunur. Yəni bu torpaqlarda şoranlaşma, şorkətləşmə, eroziyaya uğramaq, torpağın deqredasiyası və digər amillər öyrənildikdən sonra həmin əraziyə aid torpağın xəritəsi çəkilir. Bundan sonra mülkiyyətçiyə onun torpağının keyfiyyət göstəriciləri tam şəkildə aydın olur”.

İndiyədək aparılan analizlərin nəticələrinə gəlincə, sektor müdiri bildirib ki, bir çox ərazilərdə torpaqlar fosfor və kaliumla zəif təmin olunub. Lakin onun sözlərinə görə, torpaqlar kifayət qədər karbonatlıdır. Bunu müsbət hal kimi dəyərləndirən Divanxan Əhədov bildirib ki, analiz olunan torpaqlarda ümumi azot ehtiyatı orta səviyyədədir: “Həmin azot bitki tərəfindən tədricən, yəni minerallaşdıqca mənimsənilir. Ona görə də torpaq sahiblərinə illik azot normasının verilməsi tövsiyə edilir. Xüsusilə Mərkəzi Aran bölgəsində drenaj-kollektor kanallarının çəkilməsi, mövcud kanalların təmizlənməsi, torpaqların yüksək su norması ilə yuyulması, orada duza davamlı bitkilərin əkilməsi son dərəcə əhəmiyyətlidir. Bitki üçün vacib maddələrin torpaqdakı ehtiyatını və çatışmayan hissəsini bilmək üçün torpaqların aqrokimyəvi xüsusiyyətlərini öyrənmək vacibdir. Bu, həm fermerlərin yetişdirdikləri bitkilərin məhsuldarlığını artırır, həm də onları lazımsız gübrələrə çəkilən xərclərdən azad edir”.

Xatırladaq ki,  Torpaq və Geobotanik Tədqiqatlar Laboratoriyasında 1961-ci ildə ekspedisiya yaradılıb. O vaxtdan bəri Azərbaycanın bütün ərazilərində torpaqların keyfiyyət göstəriciləri ilə bağlı hər 5 ildən bir analizlər üçün təqdiqatlar aparılır.  2015-ci ildən isə bu laboratoriya Əmlak Məsələləri Dövlət Komitəsinin nəzdində “Kadastr və Yerquruluşu Layihə Təqdqiqat Mərkəzi” MMC-nin tərkibində fəaliyət göstərir. Burada torpağın tərkibində olan bütün keyfiyyət göstəriciləri təyin olunur. Bu analizlərin nəticələri  torpağın keyfiyyəti, münbitliyi baxımından təsərrüfat sahibinə tam təfsilatlı ilə lazımi məlumatlar verir. Yəni torpaq sahəsinin keyfiyyət göstəricilərini laborator qaydada analizdən keçirən fermer bilir ki, onun torpaq sahəsi keyfiyyətinə və məhsuldarlıq göstəricilərinə hansı səviyyədədir. Hətta torpaq sahəsini laborator müayinələrdən keçirən fermer hansı bitkini əksə daha çox məhsuldarlıq əldə edə biləcəyinə dair əvvəlcədən məlumatlı ola bilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Fərmanına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların keyfiyyətinin daha dəqiq və operativ müəyyən edilməsi üçün Mobil laboratoriyalar da istifadəyə verib. Ölkəmizdə ilk dəfə tətbiq olunan laboratoriyaların köməyi ilə fermerlər torpaqlarının əkinə yararlı olub-olmadığını, burada hansı növ bitkilərin əkilməsinin daha sərfəli olduğunu əvvəlcədən müəyyənləşdirə bilir. Nəticədə fermerlər əvvəlcədən müəyyənləşdirə bilirlər ki, torpaqların keyfiyyətini və məhsuldarlığını artırmaq üçün onlara necə qulluq etmək və hansı gübrələri vermək lazımdır.

Sektor müdiri bildirib ki, 2019-cu ilin sonunadək ölkə ərazisində mövcud olan kənd təsərrüfatı təyinatlı bütün torpaqlarında kəmiyyət göstəricilərinə görə uçot işinin yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin kadastr işlərinin aparılması qaydalarına uyğun olaraq, kənd təsərrüfatı üçün yararlı torpaqlarda torpaq və geobotaniki tədqiqat işlərinin icrası planlaşdırılır. Onun sözlərinə görə, torpaqların keyfiyyət göstəricilərinin uçotu üzrə vahid məlumat bankının olması kənd təsərrüfatı torpaqlarının elmi əsaslarla idarə edilməsinə də zəmin yaradır: “Bu məlumat bankı torpaqlarda məhsuldarlığın artırılması ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi üçün etibarlı mənbə olacaq”.

Elxan Salahov, “İki sahil”