07 iyul 2017 19:43
3322

“Made in Azerbaijan” brendinin dünyaya səs salması davamlı və təkmil islahatların nəticəsidir

Prezident İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsində diqqət çəkən məqamlardan biri  günümüzün başlıca tələbi olan “Made in Azerbaijan” brendinin dünyada tanıdılması oldu. Avropa iqtisadiyyatının ayrılmaz parçası olan Azərbaycanda gedən iqtisadi proseslər, aparılan islahatlar bu hədəfi daha da aktuallaşdırır. “Made in Azerbaijan” brendinin dünyada tanınması, şöhrət qazanması istiqamətində  ölkə rəhbərliyi tərəfindən ardıcıl işlər aparılır.

Mövzunun aktuallığını nəzərə alaraq, ümumiyyətlə, milli brend necə formalaşdırılmalıdır, onun tez tanınması məqsədilə daha hansı addımlar atılmalıdır və s. kimi suallarımızı cavablandırmaq üçün SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac marketinqi üzrə mütəxəssisi Seymur Quliyev, Paşa Bank Azərbaycanın korporativ məhsulların inkişafı üzrə baş eksperti Əli Bədəlov, BSC Consulting&Outsourcing MMC-nin Marketinq Departament rəhbəri, Marketinq Kommunikasiyaları üzrə mütəxəssis Tural Abbaslı, AzMarketinq Konsaltinq Araşdırma Şirkətinin Biznes Konsultantı Əyyub Qarabağlıya müraciət etdik.

- Milli brend necə formalaşır?

Seymur Quliyev: - Milli brend ölkə daxilində spesifik bir əraziyə yox, bütün ölkə və hətta xarici bazarlara fokuslanan dövlət brendidir. Xarici bazarlarda bazar payı əldə etmək üçün istehsal məhsullarına ehtiyac vardır. Bunun da əsas yolu milli brendlərin formalaşdırılması və xarici bazarlara ixrac etməkdir. Milli brendlər həm də istehsalçı ölkənin adını assosiasiya edir. Yeni brendin adı çəkilərkən istehsalçı ölkə düşünülür. Hətta bəzən milli brendlər beynəlxalq bazarlarda o qədər sadiqlik qazanır ki, onların loqoları bəzi ölkələrin bayrağından daha yaxşı tanınır. Milli brendin əsas məqsədi ölkənin beynəlxalq aləmdə imicini artırmaq və onun haqqında xoş təəssuratlar yaratmaqdır. Sözsüz ki, sonda bu, ölkənin iqtisadi mənfəətinə xidmət edir. Brendləşməyə ayrılan vəsaitin mənbəyi normal brendlərdən fərqli olaraq vətəndaşların ödədikləri vergilərlə formalaşan dövlət büdcəsidir. Bu isə həmin pullardan necə və hansı dərəcədə brendləşmə üçün istifadə edilməsi məsələsini gündəmə gətirir.  Eyni zamanda, sosial və siyasi amillərin milli brendin qurulmasında xüsusi rol oynaması da əsas şərtlərdən biridir. Ona görə də hər hansı bir modeli tətbiq edən zaman yuxarıda qeyd olunan milli brendə məxsus xüsusiyyətlər nəzərə alınmalıdır.

Əli Bədəlov: - İlk öncə gəlin baxaq görək brend dedikdə nə başa düşürük, onu necə təsəvvür edirik. Sonra isə məsələyə milli aspektdən yanaşaq. Brend hər bir ölkənin, şirkətin qeyri-maddi aktividir. O insanların təxəyyülündə formalaşır və ictimai rəyə təsir edir, rəqabətdə fərqlilik yaradır. Milli brend isə deyilənlərə əlavə olaraq milli və mədəni çalarları özündə ehtiva edir. Fikrimcə, milli brendimiz özünəməxsus fərqli ştrixlərlə, qeyd etdiyim milli-mədəni çalarla formalaşmalıdır. Onun formalaşmasına gedən yol isə milli məhsul və xidmətlərimizin dünya bazarlarına çıxışından, beynəlxalq ictimai rəyin formalaşmasından və dünya insanının təxəyyülünə pozitiv xüsusiyyətlərlə, göstəricilərlə həkk olunmasından keçir.

Tural Abbaslı: - Bir brendin formalaşması ümumilikdə mürəkkəb prosesdir. Burada məhsulun lazım olan standartlara cavab verməsi mütləqdir. Yəni istər məhsulun növü, istər keyfiyyəti, istər qiyməti, istərsə də məhsul və marka haqqında informativ alətlər tam olaraq sinerji yaratmalıdır. Əgər bir məhsulun istehlakçı kütəlsi genişdirsə amma o məhsul haqqında ictimai rəy yoxdursa bu zaman məhsulun adı yalnız marka olaraq qalır. Markanı brendləşdirmək isə həmin marka üzərində aparılan aktiv və praktik marketinq kommunikasiya taktikalarından asılıdır. Qısaca olaraq desək keyfiyyətli məhsul və düzgün təbliğat markanın brendləşməsinə gətirib çıxardır. Əslində bu gün ölkəmizdə formalaşmaqda olan brendlərin hər biri ayrı-ayrılıqda milli brend statusu daşıya bilər. Lakin milli brendin əsas xüsusiyyəti ölkənin imicinin formalaşmasında, tanınmasında rol sahibi olması, lokal bazarda aparılan biznes siyasətinin qlobal bazara adaptasiya olmasıdır. Burada artıq markanın milli koloritlər əsasında formalaşması, daha çox rəqabətqabliyyətli və ölkənin xarici siyasətinin daşıyıcısı olması önəmli məqamlardandır. Hesab edirəm ki, Milli Brend sahibi olmaq üçün bütün iş adamları daha çox səy göstərməli, həm ticari dövriyyələrinin artmasına həm də ölkə imicinin daha da yüksək formalaşdırılması üçün fəaliyyətlərinin genişləndirməlidirlər.

Əyyub Qarabağlı: - Milli brend yalnız ölkə içində deyil,eyni zamanda ölkəni dünyada tanıda biləcək bir gücə malik olmalıdır. Milli brend o demək deyil ki,yalnız ölkənin milli adət-ənənələri, yerləşdiyi coğrafi məkan, tarixi və.s bu kimi amillər bu brenddə əks olunmalıdır. Keyfiyyət, innovasiya, dünya bazarı, seqmentlər, innovasiyalar və digər məsələlər nəzərə alınmalıdır.  Milli brendin beylnəxalq imici sözsüz ki, ölkənin siyasi və maddi maraqlarına xidmət edir.

- Azərbaycan milli brend strategiyasında daha çox nəyə önəm verir ?

 Seymur Quliyev: - Milli brendin necə qurulması ilə əlaqədar hamı tərəfindən qəbul olunan konkret bir model yoxdur. İqtisadi ədəbiyyatda məhsul, servis və korporativ brendlərin qurulması üçün müxtəlif modellər var və bəzi konsultantlar korporativ brend qurulması modelinin ölkə brendlənməsinə də tətbiq edilməsini təklif edirlər. Bunun əsas səbəbi korporativ brendlə milli brend arasında daha çox oxşarlıq olmasıdır. Məsələn, məhsul brendinin qurulması zamanı müştərilər əsas götürülürdüsə, korporativ və milli brendləşmə zamanı bu auditoriya daha da genişlənir. Eyni zamanda korporativ və milli brendləmə zamanı məhsul brendlərində olduğu kimi, sadəcə, loqo və adın vizual təqdimatı deyil, həmçinin tarix, dəyərlər və insanların da vizual təqdimatı gedir. Azərbaycan milli brendin strategiyasında tarixin zənginliyinə, incəsənətin, dəyərlərin, mədəniyyət və davranışların incəliyinə, siyasi və iqtisadi amillərin varlığına əhəmiyyət verir.

Əli Bədəlov:-  Ərazilərin marketinqini (marketinqdə bu istiqamət belə adlanır) uğurla həyata keçirmək üçün bəlli kriteriyalara cavab verməlisən. Məhz bu kriteriyalara önəm verməyin səni milli brendin formalaşdırılması istiqamətində uğurlu edəcək. Məsələn, Anholt milli brend indeksi ölkələrə əsasən insan resurslarının keyfiyyətinə, həyat səviyyəsinə, ölkədə idarəetmə ilə bağlı ictimai rəyə, ixrac qabiliyyətinə, turizmin, idmanın inkişafına və s. kimi kriteriyalara görə reytinq verir. Sadalananlara nəzər yetirsəniz məncə, siz də asanlıqla sualınıza cavab tapa bilərsiniz. Qeyd edim ki, ölkəmizdə bu kriteriyaların yüksəldilməsi istiqamətində çox işlər görülüb və görülməkdədir. İstər beynəlxalq idman yarışlarının, istər mədəni və siyasi tədbirlərin ölkəmizdə təşkili beynəlxalq ictimaiyyətə bir mesajdır. Bütün bunların məntiqi nəticəsi olaraq ölkəmizdə turizmin inkişafına töhfə verilir  ki, bu da iqtisadiyyatın güclənməsi və insanların həyat tərzinin yaxşılaşmasına səbəb olur. Son dövrlər ixracyönümlü siyasət və bu siyasətdən doğan tədbirlər də artıq göz qabağındadır. 

Tural Abbaslı: -  Təbii ki, milli brend olaraq bizi dünyaya tanıdan ən böyük vasitə neftdir. Məhz qara qızılın marka adından asılı olmayaraq o ən tez brendləşən bir marka olacağına indi də şübhəmiz yoxdu. Bu gün isə vəziyyət başqadır. Ölkə olaraq təkcə neft ölkəsi kimi deyil, eyni zamanda digər sahələr üzrə tanınmaq, öz məhsullarımızı xarici bazara çıxarmaq əsas prioritet istiqamət hesab olunur. Buna görədir ki, artıq kənd təsərrüfatı məhsullarımız, inşaat sənaye sektoru məhsullarımız, mebel sektorunda istehsal olunan məhsullarımız xarici bazarlarda yer tutmağa başlamışdır. Burada əsas məqsəd ölkəmizdəki yerli istehsalın gücünü göstərmək, yerli sahibkarların potensialından maksimum yararlanmaq və eyni zamanda yerli istehsal metodlarımızın daha da müasirləşərək rəqabətə davamlı hala gətirilməsidir. Təbii ki, bütün bunların məntiqi sonluğu kimi keyfiyyətli Azərbaycan Malı anlayışı daha çox yayılacaq, inam və etibar qazanacaqdır.

Əyyub Qarabağlı: - Milli brendin dünya biznes ədəbiyyatlarında xüsusi yol xəritəsi yoxdur. Sadəcə olaraq milli brendin yaradılması və inkişaf xəttinə sıradan bir məhsulun və ya özəl sahibkarın istəklərinin cəmi kimi baxmaq da düzgün deyil. Söhbət konkret olaraq Azərbaycanın Milli brendindən gedirsə, təbii ki, burada əsas amil olaraq, ölkənin tarixi, musiqisi, mədəniyyəti amilləri qabardıla bilər. Məsələn, Mercedes Almanların milli brendidir və Mercedes deyildikdə ağıla ilk gələn keyfiyyət və komfortdur. Bugün Mercedes avtomobil seqmentindən, sonra təyyarə istehsal etsə eyni rəğbət ona da formalaşa bilər. Hesab edirəm ki, bizim almanları işlərində dəqiq, vicdanlı, məsuliyyətli tanımağımıza məhz onların dünyaya bəxş etdikləri milli brendlər əsas yaradır. Milli brend həmin ölkənin mədəni-ictimai həyatı barəsində fikir formalaşdırmalıdır.

- Dünyaya səs salan “Made in Azerbaijan” brendinə gedən yola baxış keçirərdiniz...

Seymur Quliyev:- Hazırda dünya şöhrətli brendlərin əksəriyyəti bir neçə ölkənin payına düşür və bu ölkələrin adları brendlərlə assosiasiya olunur. Güclü brendlər ölkələr üçün güclü imic deməkdir. Güclü brend uzunmüddətli tarixi, mədəni, siyasi və iqtisadi inkişafın nəticəsidir. Məhz bu amilləri nəzərə alaraq Azərbaycan da bu marketinq alətinə əl atdı və “Made in Azerbaijan” proqramını həyata keçirməyə başladı. “Country Branding” adlanan ölkənin brendləşdirilməsi zamanı müxtəlif faktorlar nəzərə alınır və əsasən ixrac təşviq olunur. Bu yolda uğurlu addım atan ölkə rəhbərliyi ölkənin dünya ölkələri arasında rəqabətədavamlı imicə sahib olması üçün milli brendin yaradılmasına qərar verdi.

Əli Bədəlov: - Azərbaycanın brendə çevrilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl işlər aparılır. Nəzərə alaq ki, bu işlər təkcə iqtisadi  deyil, eyni zamanda siyasi müstəvidə də davam etdirilir. Müasir dünyada ölkə brendi beynəlxalq bazarlarda siyasi dəstək almadan uğurlu ola bilməz. Bildiyiniz kimi, yaxın keçmişdə də siyasi səbəblərdən bəzi ölkələrin məhsullarının baykot edilməsi, embarqo tətbiq edilməsi və ya həmin ölkələrlə istər mədəni, istərsə də idman əlaqələrinin zəifləməsi  göz qabağında idi. Bunun əksinə olaraq isə Azərbaycanın bütün ölkələrlə balanslı siyasəti ona bir brend olaraq çevik davranmağa imkanlar yaradır. Ölkəmiz əvvəllər əgər təkcə neft ölkəsi olaraq möhürünü vurmuşdusa, son 10 ildə qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafı  göz qabağındadır. Bunun üçün müvafiq infrastruktur yaradıldı, xarici ölkələrə müxtəlif  mesajlar verildi və hər il yeni-yeni bir-birindən möhtəşəm tədbirlər təşkil edildi və edilməkdədir. Deyərdim ki, yeni brend bu il daha çox hiss edilməyə başlandı ki, bu da ixracyönümlü məhsul və xidmətlərin artırılmasıdır. Düşünürəm ki, yaxın 10 il ərzində biz milli məhsul brendlərimizi xarici bazarlarda gördükdə artıq təəccüblənməyəcəyik. Bunun üçün ölkəmizin müvafiq resursları var və dövlətimizin iradəsi bu prosesləri daha da sürətləndirəcək.  

Tural Abbaslı: - Çox həssas eyni zamanda məsuliyyətli və şərəfli bir yoldur. Şəxsən mən “Made in Azerbaijan” brendinin təbliğatında rol sahibi olan hər bir insanı ölkənin səfiri, təbliğatçısı, lobbi dəstəkçisi kimi görürəm. Məsələn: hər zaman öz ipəyi, öz saxsı qabları və qədim şərq təbabəti ilə yadda qalan Çin Xalq Respublikasının son illərdə qazanmış olduğu neqativ “Çin malı” imici. İstər geyimdə, istər avtomobil istehsalında, istər gündəlik məişət əşyalarında hər birimizin qarşılaşdığı və qarşılaşdığımız zaman yan keçmək istədiyimiz Çin istehsalı olan əşyalar haqqında hər birimiz məlumatlıyıq. Məhz buna görə “Made in Azerbaijan” brendi çox həssasdır, məsuliyyətlidir və şərəfli bir yoldur. İstehsalımızı, təbliğatımızı nə qədər sağlam etsək bir o qədər də mənfi imic qazanmaqdan uzaq olarıq. İş adamlarımız lokal bazarda müəyyən nöqsanlara yol verdikdə bu, onların yalnız öz bizneslərinə təsir edə bilər, lakin qlobal bazardakı yalnışlıqlar daha böyük fəsadlar verər və ölkəmizə xələl gətirə bilər. Tam əminliklə deyə bilərik ki, yüksək standartlara cavab verməklə istehsal olunan məhsullarımız və “Made in Azerbaijan” brendi istiqamətində aparılan təbliğat işlərimiz daha da genişlənsə və bu bir milli ruh, milli əqidə halında cəmiyyətimizə daha çox aşılansa biz yaxın zamanlarda həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda daha çox Azərbaycan məhsullarının görə biləcəyik.  

Əyyub Qarabağlı: - Mən hesab edirdim ki, ilk bu barədə təklif bizim sahibkarlardan gələcəkdir. Doğrudur təklifə qədər, az-çox bu zəmində işlər görülürdü. Amma bir dəstək, dövlətin kölgəsinə açıq-aşkar ehtiyac var idi. Nəhayət dövlət “Milli Brend”in yaradılması, onun inkişafı ilə bağlı qərar qəbul etdi. Bu təcrübə bir çox ölkələrdə uğurla həyata keçməkdədir. İnanıram ki, Azərbaycan da uğurlu Brend anlayışını düzgün istiqamətdə dünya biznes aləminə çıxara biləcəkdir. Bunun üçün hər tərəfli kifayət qədər potensial var.

- Milli brendimizin tanıdılması istiqamətində daha hansı işləri görməliyik?

Seymur Quliyev: -Milli brendin yaradılması və ya mövcud brendin gücləndirilməsi bu ölkələrdə gözlənilən beynəlxalq tədbirlər ərəfəsində daha da aktual olur. Məhz bu səbəbdən ölkəmizdə təşkil olunan  Formula- 1, futbol üzrə dünya çempionatının oyunları kimi böyük beynəlxalq tədbirlərin milli brendimizin yaradılmasında və tanıdılmasında rolu danılmazdır. “Real Time Marketing” olaraq bilinən münbit şərait olan zaman milli brendin tanıtım fəaliyyətlərinin başlanması brendimizin formalaşmasına olduqca faydalı olacaqdır. Bu işin başlanması Azərbaycanın gələcək inkişafı, beynəlxalq imici və milli mənafeyi baxımından dövlət və xalqımız qarşısında dayanan vacib məsələdir. Çünki 26 illik dövlət müstəqilliyi olan Azərbaycan  bütün dünyanın diqqətini yenidən özünə yönəldəcək.

Bütün bunlarla yanaşı, milli brendin tanıdılması üçün brendin istehsalçısının xarici ölkələrdə dövlət tərəfindən maddi və mənəvi cəhətdən dəstəklənməsi olduqca vacibdir. Yalnız bir təşkilat ilə kifayətlənməyib, aparıcı marketinq mütəxəssislərini də bu proqrama cəlb etmək və onların elmi və praktiki aktivlərindən istifadə etmək lazımdır. Yerli şirkətlərin xarici sərgilərdə iştirakını dəstəkləmək, şirkətlərin xarici bazarlara giriş prosedurlarına iqtisadi və siyasi cəhətdən kömək etmək lazımdır. Azərbaycan malı imicinin yaxşılaşdırılması, yüksək dizaynlı brendlərin ixrac imkanlarının artırılması, Bakının qlobal alış-veriş, sərgi və dəb mərkəzinə çevrilməsi, ixracatçı müəssisələrə təlimlərin verilməsində dövlət dəstək olmalıdır. Eyni zamanda bu kimi şirkətlərin ölkə xaricində filial, brend və reklam fəaliyyətlərinə tanıtım dəstəyi verilməlidir.

Əli Bədəlov: - “Made in Azerbaijan” brendinə tələb formalaşdırmalıyıq. Bunun üçün dünya ölkələri sırasında özümüzü brend olaraq mövqeləndirməliyik. Çünki hər bir brend öz seqmentini hədəfləyir və bu seqmentdə özünü mövqeləndirir. Uğurlu mövqeləndirmə brendimizin məşhurlaşmasına gətirib çıxaracaq. Həmçinin ölkəmizdə innovativ brendlər ardıqca ölkənin tanınması da sürətlənəcək. Brendlərin tanıtma texnologiyasını isə marketinq kommunikasiyalarına həvalə edək, yetər ki, istehlakçının ehtiyacına uyğun məhsul, xidmət təqdim edə bilək.

Tural Abbaslı: - Milli brendin tanınması üçün bir çox yollar var. Lakin ən əsası bu brendi ruhən sevməkdir. Bilirsiniz, heç bir hiss vətənpərvərlik hissindən üstün deyil. Bu gün biz vətənimizə, torpağımıza görə döyüşməyə hazırıqsa deməli həqiqətən bu hiss hər şeydən üstündür. Milli brend də bu vətənin məhsuludur. İlk növbədə dünyadakı bütün azərbaycanlılara bu hissi çatdırmalıyıq. Milli brendlərimizi onlar üçün qürur mənbəyi etməliyik və onların sayəsində dünyada yaşayan hər kəsə informasiyalar ötürülməlidir. Bu məsələnin duyğusal istiqamətdən həlli idi. Metodiki və praktiki olaraq isə xarici bazarlar düzgün araşdırılmalı, istəklər və zövqlər bəlli edilməli, yalnız bundan sonra istehalı reallaşdırıb məhsullarımızı xarici bazarlara çıxarmalıyıq. Burada tək İqtisadiyyat Nazirliyi deyil, eyni zamanda Xarici işlər nazirliyi, Mədəniyyət və Turizm nazirliyi, Diaspora komitəsi vahid koalisiya olaraq bir başa koordinasiyalı iş aparmalıdır. Əgər bir məhsulu çıxarıb təbliğatını aparmasan və ya əksinə təbliğatı aparıb məhsulu təqdim etməsək effektiv nəticə ala bilməyəcəyik. Məsələn: Yarpaq dolması. Biz bu yeməyin təbliğatını aparırıq, bu qədim Azərbaycan yeməyidir. Bunu hər kəs bildi. Amma bu təbliğatı apardığımız yerdə desək ki, bu Azərbaycan yeməyidir və bunun bişirilmə qaydası budur. Sizə təqdim etdiyimiz bu broşurlarla ən yaxın marketə daxil olub Azərbaycan istehsalı olan filan markalı tənək yarpaqlarını almağa dəvət edirik. Bu zaman həm milli adətin təbliği, həm də markanın təbliği baş verir. Burada starteji marketinq və əmaliyyat marketinqi öz funksianallığını və yuxarıda qeyd etdiyim qurumların vahid koalisiya kimi fəaliyyəti öz önəmini göstərir.

Əyyub Qarabağlı: - Bugün ölkəmizdə keçirilən beynəlxalq yarışlar, konfranslar, musiqi tədbirləri birmənalı şəkildə ölkəyə turist axını yaradır. Bu milli brend üçün vaxtında atılmış uğurlu addımdır. Dünya milli brendlərimiz ilə ilk növbədə ölkəmizdə tanış olur. Bu bir növ bir bazar araşdırması kimi də qəbul oluna bilər.Turistlər ən çox nəyi sevirlər? Nar, çaxır, lavaş, milli mətbəx, milli geyimlər, badamlı, sirab, quru meyvələr və.s. Hesab edirəm ki, bir məhsulu dünya bazarına çıxarmaq üçün o məhsulun hekayəsini sevdirmək lazımdır. Biz gələn qonaqlara ölkəmiz haqqında nə qədər düzgün və dolğun informasiya versək, tariximizi, mədəniyyətimizi onlara sevdirə bilsək, məhsulumuzu da sevdirmək yolunda böyük addımlar ata bilərik.

-Güclü brendlərin uğurlarının əsas səbəbi  nədədir?

 Seymur Quliyev: -Brendlərin əsas hədəfi insanlardır və milli brendlərin də hədəfi qlobal arenadır. Brend formalaşan zaman hədəf  kütlələr müəyyən olunur. Daxili və xarici audit həyata keçirilir. Milli brend üçün də eyni proseduralar izlənilir. Ölkə daxili və ölkə xarici makro və mikroiqtisadi, siyasi, mədəni amillər incələnir. İstehsal olunan məhsulların xitab etdiyi kütlə bu faktorlara görə analiz edilir və milli brend üçün strategiyalar hazırlanır. Elmi və nəzəri fundamenti güclü olan brendlər qlobal və lokal arenaya çıxarkən daha uğurlu olur, çünkü qlobal və lokal arenanın istəyi nəzərə alınır və ya gizli istəklər brendlərlə ortaya çıxarılır. Digər bir nüans isə brendlərin assosiasiya təsirinin güclü olması və insanların emosiyalarına xitab edə bilməsidir. İnsanlar brend məhsullar alarkən iki cür istehlak mövcud olur: fiziki olaraq məhsulun istehlakı və emosional olaraq brendin yaratdığı gözəgörünməz assosiasiyanın, imicin və təmtarağın zehni olaraq istehlakı. Bütün bunları nəzərə alan istehsalçılar uğurlu bir brend yaratmağa nail ola bilirlər.

Əli Bədəlov: - Səbəblər müxtəlifdir və sadalamaqla fərqli marketinq gedişlərini göstərmək olar. Məsələn, hamının çox yaxşı bildiyi nümunəni göstərmək istərdim. Almaniya dedikdə ilk ağla gələn alman texnologiyasının, maşınlarının keyfiyyəti və dözümlülüyüdür. Bu ölkənin qeyd edilən kimi mövqelənməsində “Mercedes Benz” brendinin rolu böyükdür. Yəni, hansısa brendlər məhsulun keyfiyyətinə və xüsusiyyətlərinə, digərləri qiymətinə və ya xidmətinə, başqa biriləri sürətli çatdırılma və yerləşdirilməsinə, çeşidinə və s. vurğu edərək uğur qazanırlar. Yəni, ölkənin əsas strateji məhsul və xidmətləri onun uğur hekayəsinə çevrilir və dünyada onu təmsil edir. Eləcə də ölkəmiz, əsas strateji məhsulları enerji daşıyıcıları olduqca ancaq dünya enerji xəritəsində Azərbaycan daha çox görünəcək. Enerji istehlak edən ölkələr seqmentindən kənar seqmentlərə nüfuz edə bilməyəcək, çünki beynəlxalq bazarda rəqabət qabiliyyətli digər məhsulları yoxdur. Bu səbəbdəndir ki, qeyri-neft sektorunun inkişafına investisiya yatırılır və ölkə iqtisadiyyatının diversifikasiyası gündəmə gəlir.

Tural Abbaslı: - Əslində bu mövzuda bundan öncəki sualda bir az danışdım. Fikrimi qısaca bildirmək istəyirəm. Güclü brendin uğurunun iki əsas səbəbi var. Birincisi, güclü vətənpərvərlik. İkincisi Sağlam biznes strukturun yaradılması. Artıq biznes struktur dedikdə isə onun alt kateqoriyalarının sağlam formalaşması nəzərdə tutulur.

Əyyub Qarabağlı: - Brendlərin uğuru bir çox bir birindən asılı faktorlara görə hesablana bilər.Birinci növbədə güclü strateqlərə ehtiyac var.Düzgün qurulmuş marketinq strategiyası,düzgün hədəflərin seçilməsi,düzgün marketinq yanaşmaları,məhsulun keyfiyyəti,düzgün bazar təhlilləri uğurlu brendlərin ortaya çıxmasının əsas səbəblərindəndir.

- “Ölkə brend indeksi” dedikdə nə nəzərdə tutulur?

Seymur Quliyev: - Qlobal konsaltinq şirkəti olan “Future Brand” 118 ölkənin istehlakçıları ilə sorğu keçirir və brendləri müəyyən kriteriyalara görə təhlil edir. Bu təhlil nəticəsində “Ölkə Brend İndeksi” hesablanır və nəticəyə dair illik reytinq siyahısı tərtib edilir. Hər bir ölkədə turizm, mədəniyyət və mədəni irs, biznes mühitinin yaxşılığı, həyatın keyfiyyəti və dəyər sistemi ölkə brend indeksini təyin edən zaman əsas göstəricilər kimi götürülür. Ölkələrdə baş verən iqtisadi, siyasi və mədəni proseslərin dünya ölkələrində və turistlərdə yaratdığı və formalaşdırdığı düşüncələr soruşulur. Bütün bu proseslərin qlobal turizm, təhsil, investisiya və sair kimi proseslərə təsiri hesablanır və rəqabət üstünlüyünün müəyyən olunması üçün ölkənin brend indeksi  müəyyən olunur.

Əli Bədəlov: - Qısaca belə deyərdim ki, ölkənin dünya ölkələri sırasında  imicini müəyyən edən meyardır. Bəlli kriteriyalar vasitəsilə ölçülür və dəyərləndirilir.

Tural Abbaslı:- Burada investisiya mühitinin sağlamlığı, eyni zamanda ölkənin aktiv fəaliyyət sektorlarının durumudur. Əsasən həyat standartları, mədəniyyət, turizm və iqtisadi mühit ölkənin brend indeksini formalaşmasına təsir edən amillərdir. Biz nəqədər güclü brendlər formalaşdıra bilsək, bu brendlərə təlabat yarada bilsək o zaman dəyə biklərik ki, bizim brend indeksimiz yüksəkdir. Müşahidələr onu göstərirki bizim hələki yalnız bir, iki milli brendimiz var. Bunların ən uğurlusu “Made in Azerbaijan” oldu. Amma etiraf edək ki, buna kimi “Land of fire” sloqanı bu brendə sağlam mühit yarada bilmişdir. Biz öz brend indeksimizi artırmaqdan ötrü yeni –yeni unikal, uzun ömürlü və geniş auditoriyaya xidab edəcək brendlər formalaşdırmalıyıq. Bu brendlər biz də var, sadəcə onları sağlam komanda ilə irəli aparmaq lazımdır.

Əyyub Qarabağlı: -   “Future Brand”-in keçirdiyi sorğulara baxsaq ölkədəki biznes mühitinin səviyyəsi, ölkənin mədəni-sosial həyatı, yaşayış indeksi, turizmi “Ölkə brend indeksi”nə təsir edən əsas faktorlar sayılır.

Günel Eyyubova, “İki sahil”