11 iyul 2017 15:54
383

“Cənub Qaz Dəhlizi” qlobal enerji təhlükəsizliyini gücləndirəcək

Avropanın enerji təhlükəsizliyinin təminatında və mənbələrinin şaxələndirilməsində mühüm rol oynayan layihələr Azərbaycanın güclü siyasi iradəsi, qarşılıqlı faydalı əməkdaşlıq siyasəti və beynəlxalq maliyyə qurumlarının maliyyə dəstəyi ilə uğurla reallaşdırılır.

Prezident İlham Əliyev bu günlərdə İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışında bildirib ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” kimi meqalayihə üzərində çalışır: “Hazırda bu layihədə 7 ölkə iştirak edir. Amma gələcəkdə daha 3 Balkan ölkəsinin bu layihəyə qoşulması, layihənin miqyasının genişlənməsi mümkündür”.

ABŞ Dövlət katibi Reks Tillerson İstanbulda XXII Dünya Neft Konqresində çıxışında deyib ki, “Cənub Qaz Dəhlizi” Avropanın enerji mənbələrini şaxələndirməyə imkan verəcək və qlobal enerji təhlükəsizliyini gücləndirəcək. R.Tillerson qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.

2006-cı ildə Brüsseldə imzalanmış “Avropa ittifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” tərəflər arasında enerji əməkdaşlığının strateji xarakterini rəsmiləşdirərək bu tərəfdaşlığın daha da inkişaf etdirilməsinin konturlarını müəyyən edib. Artıq Azərbaycan yalnız diversifikasiya olunmuş təchizat marşrutu ilə deyil, eləcə də bu təchizatın diversifikasiya olunmuş mənbələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir. “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanmasına dair  2013-cü il dekabrın 17-də Bakıda keçirilmiş mərasimdə Prezident İlham Əliyev vurğulayıb ki, bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişəcək. Azərbaycanın  qarşılıqlı faydalı əməkdaşlıq, kommersiya baxımından səmərəlilik, istehlakçı və istehsalçıların maraqlarının nəzərə alınması, şəffaflıq, etibarlılıq və davamlılıq  prinsiplərinə söykənən enerji siyasəti sayəsində  uğurla reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsinin  iştirakçısı olan ölkələrin iqtisadi inkişafına, həmçinin onların arasında əməkdaşlıq və dostluq münasibətlərinin daha da güclənməsinə töhfələr verəcək.

Xatırladaq ki, “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilin əvvəllərində planlaşdırılır. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”-dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılmasına geniş imkanlar yaradır.

Zahid Rza, “İki sahil”