12 iyul 2017 15:22
448

Qlobal layihələr Azərbaycanın iradəsi ilə reallaşır

İyulun 9-da İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, TANAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi vacib layihələr sayəsində Türkiyə regionun mühüm enerji mərkəzinə çevrilir. Ərdoğan qeyd edib ki, hazırda Türkiyə üçün prioritet olan əsas layihələrdən biri “Cənub Qaz Dəhlizi”dir: “Bu layihənin əsas hissələrindən biri olan TANAP vasitəsilə ilkin mərhələdə Azərbaycandan Türkiyəyə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd kubmetr qaz ixrac olunacaq.

TANAP gələn ilin ortalarında istismara veriləcək. Gələcəkdə Xəzər, hətta Yaxın Şərq regionunun digər ölkələri də bu layihəyə qoşula bilər. Beləliklə, ölkəmizə və Avropaya əlavə həcmdə təbii qaz ixracı üçün imkanlar yaranır. TANAP-ın davamı olan TAP layihəsi isə 2020-ci ildə istismara veriləcək. Dəyərli dostum, Azərbaycan Prezidenti İlham Əliyevin və “Cənub Qaz Dəhlizi”nin iştirakçısı olan digər ölkələrin və şirkətlərin siyasi iradəsi bu layihənin icrasında olduqca əhəmiyyətlidir”.

İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu layihə 4 hissədən ibarətdir: “Birinci hissə “Şahdəniz” qaz yatağıdır. Burada “Şahdəniz 2” layihəsinin icrası artıq 93 faizə çatıbdır. Yaxın aylarda tam başa çatacaqdır. İkinici hissə Cənubi Qafqaz kəməridir, Azərbaycanı Gürcüstanla birləsdirən qaz xəttidir. Burada islər 87 faiz səviyyəsində tamamlanmısdır. Üçüncü hissə və ən əsas hissə TANAP qaz kəməridir, burada da tamamlanma səviyyəsi 77 faizdir və gələn il biz bu layihənin icrasını qeyd edəcəyik. Nəhayət, dördüncü hissə Transadriatik kəməridir, burada da icra səviyyəsi 44 faiz səviyyəsindədir. Bütün bu 4 önəmli layihə “Cənub Qaz Dəhlizi”ni təskil edir. Bu layihənin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur. Bu vəsaitin böyük hissəsi artıq qoyulubdur”.

Dövlətimizin başçısı həmçinin bildirib ki, “Cənub Qaz Dəhlizi”inin özəyi TANAP-dır.

TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək.  Bu layihə nəinki “Şahdəniz” yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir. Bu layihə Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji rol oynayır. Şübhəsiz ki, TAP təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil edir. Qitə səviyyəsində olan bu energetika əməkdaşlığının əsasını hələ XXI əsrin əvvəllərində Azərbaycan, Türkiyə və Gürcüstan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum Boru Kəməri layihələrini gerçəkləşdirməklə qoyublar. Bu formatın yardımı ilə Azərbaycan neftinin dünya bazarlarına çıxışı təmin edilib, Xəzərin şərq sahillərindəki neft hasilatçıları üçün alternativ ixrac variantı yaradılıb, həmçinin Azərbaycan qazının nəqli yolu ilə Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyi təmin edilib. Növbəti mərhələ isə Azərbaycan qazının Avropaya çatdırılması olacaq ki, bu da “Köhnə Qitə”ni alternativ enerji mənbəyi ilə təmin edəcək.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qaz TAP boru kəməri ilə isə Avropaya nəql ediləcək. Uzunluğu təxminən 878 kilometr olan TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

Xatırladaq ki, 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında “Cənub” qaz dəhlizi ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanıb, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilib, 2013-cü il dekabrın 17-də “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarı qəbul edilib və 2014-cü ildə “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimi keçirilib. 2015-ci il fevralın 12-də isə, qeyd edildiyi kimi, Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilib və “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Əvvəlcə bu boru kəməri ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Zahid Rza, “İki sahil”