Müasir dövrümüzün əsas tələblərindən və ölkələrin iqtisadi inkişafı, dövlətlərarası əməkdaşlığın möhkəmlənməsində başlıca hədəflərdən olan enerji təhlükəsizliyi regional sabitliyi, xalqların rifahını təmin edən şərtlərdəndir. Dünya enerji bazarında özünəməxsus yeri, qlobal layihələrin reallaşmasında xüsusi rolu olan Azərbaycanın bu sahədəki xidmətləri qarşıdakı bir neçə onilliklər üçün də əhəmiyyətlidir.
Ölkəmizin dünya birliyində sayılıb-seçilən dövlət kimi tanınmasında əvəzsiz rolu olan neft strategiyasının həyata keçirilməsi ilə yaranan qarşılıqlı əməkdaşlıq münasibətləri, bölgədə sabitliyin təminatındakı rolu ən yüksək səviyyələrdə belə qeyd olunur. Bu etimadın qazanılması isə heç də asan olmamışdır.
...Ötən əsrin 90-cı illərinin ağır dövründə ölkəmizə edilən təsir və təzyiqlərə baxmayaraq Azərbaycan xalqının yenilməzliyinə, birliyinə, cəsarətinə güvənərək qətiyyətli öndər kimi neft strategiyasını müdrikcəsinə həyata keçirən ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu və uzaqgörən siyasəti nəticəsində imzalanan “Əsrin müqaviləsi”nin nəticəsidir ki, Azərbaycan dünya birliyində siyasi, iqtisadi qüdrəti ilə fərqlənir, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, seçilir, beynəlxalq əməkdaşlıq arenasında inam və etibarı artır.
Neft sənayemizin tarixinə qızıl hərflərlə yazılmış anlar çox olsa da, onların arasında əhəmiyyəti ilə fərqlənən 20 sentyabr 1994-cü ilin və 13 iyul 2006-cı ilin xüsusi önəmi var. Birinci tarix ümummilli lider Heydər Əliyevin müdrikcəsinə hazırladığı “Əsrin müqaviləsi”nin imzalanmasına təsadüf edirsə, ikinci əlamətdar hadisə gərgin zəhmət bahasına başa gələn kontraktın reallaşdığı günün başlanğıcıdır. “1994-cü ildə imzalanmış “Əsrin kontraktı” tarixi layihədir. Əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə investisiyalar, “Şahdəniz” yatağına heç bir sərmayə qoyulmazdı. Əgər neft-qaz kəmərləri tikilməsəydi, bu gün “Cənub Qaz Dəhlizi” icra edilə bilməzdi. Əgər nəqliyyat layihələri icra olunmasa idi, - bu gün Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi reallaşır, - heç kim heç vaxt bu layihəyə vəsait qoymazdı. Özü də nəzərə alsaq ki, Azərbaycan bu layihəyə 1 milyarda yaxın vəsait qoyub. Bizim pulumuz olmasaydı, əlbəttə ki, heç kim bu layihəyə vəsait qoymazdı. Ona görə “Əsrin kontraktı”nın Azərbaycan dövlətinin inkişafında müstəsna yeri var. Bu kontraktın uğurla icra edilməsi imkan verdi ki, biz neftdən əldə edilən vəsaiti insan kapitalına, qeyri-neft sektoruna, infrastruktur layihələrinə yönəldək və ölkəmizi inkişaf etdirək.” Prezident İlham Əliyevin bu sözləri ulu öndər Heydər Əliyevin müdrikliyinə verilən dəyər, neft strategiyasının bölgə üçün əhəmiyyətini göstərən qiymətdir. Ermənistanın ölkəmizə elan olunmamış müharibəsi nəticəsində torpaqlarımızın işğalının, region dövlətləri arasında Xəzərin hüquqi statusu ilə bağlı gərginliyin davam etdiyi bir zamanda belə qlobal layihənin reallığına inam yaratmaq hər siyasətçinin, dövlət başçısının öhdəsindən gələ biləcəyi iş deyildi. Lakin prinsipiallığı, qətiyyəti ilə belə məsuliyyətli işin öhdəsindən gəlməyi bacaran Ulu Öndər bir daha dünya siyasətçiləri arasında liderlik qətiyyətini sübut etdi. 20 sentyabr 1994-cü ildə Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə müasir tariximizə “Əsrin müqaviləsi” adı ilə qızıl hərflərlə yazılan kontrakt imzalandı. “Üç dəniz əfsanəsi” reallaşdı, bu kontraktla bağlı neft şirkətləri ilə bağlanan müqavilələr əsasında Azərbaycana investisiya axınının təməli qoyuldu. Xəzər neftini dünya enerji bazarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişi ilə bağlı Azərbaycan, Gürcüstan, və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən Trabzon , İstanbul, Ankara görüşlərin məntiqi nəticəsi olaraq 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlandı, əsas ixrac boru kəmərinin təməlqoyma mərasimi keçirildi, layihənin maliyyələşdirilməsi ilə bağlı sənədlər imzalandı. 13 iyul 2006-cı ildə Heydər Əliyev adına BTC-nin tam bir sistem kimi işə düşməsi münasibətilə Türkiyənin Ceyhan şəhərində təntənəli mərasim təşkil olundu. Hazırda bu kəmərlə Ceyhan limanından Avropa ölkələrinə daşınan neftə marağın çoxalması, Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbatın artması ölkəmizin dünya enerji bazarında rolunu daha da möhkəmləndirir. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və dünya üçün iqtisadi, siyasi, enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olduğunu artıq sübut etmişdir.
Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə regionda sabitliyin yaranması üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev ilk növbədə enerji layihələrinin reallaşması üçün arxada qalan mərhələləri , aparılan danışıqları xatırlatdı: “Bütün bu mühüm mərhələlər Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində olduqca əhəmiyyətli idi. Biz Gürcüstan və Türkiyədəki tərəfdaşlarımızla birgə qarşımızda duran bütün məqsədlərə və hədəflərə nail olduq. Bu, həmçinin məhsuldar regional əməkdaşlığın gözəl nümunəsi idi. Bu halda bir-birini dəstəkləyən və bir-biri ilə əməkdaşlıq edən üç ölkə çox iddialı məqsədlərə nail oldu. Lakin bu, demək lazımdır ki, planlarımızın yalnız başlanğıcı idi. Çünki nəhəng “Şahdəniz” yatağı və Azərbaycanın digər qaz yataqları təbii qazı Azərbaycandan beynəlxalq bazara nəql edəcək “Cənub Qaz Dəhlizi”nin çəkilməsinin zəruriliyini diktə edirdi.” Beləliklə neft diyarı kimi tanınan Azərbaycan enerji bazarında təbii qaz ixrac edən ölkə kimi də mövqeyini möhkəmləndirdi.
Bakı-Tbilisi-Ərzurum kəmərindən sonra 2012-ci ildə Transanadolu - TANAP qaz boru layihəsinin tikintisi ilə əlaqədar Azərbaycan ilə Türkiyə arasında imzalanan saziş güclü dəstək qazanmaqla “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində mühüm rol oynadı. Amma bu da son olmadı. Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanının olduğunu təsdiqlədi.
Neft strategiyasının uğurlu həllində, beynəlxalq səviyyədə müzakirə edilən enerji resurslarının şaxələndirilməsində, alternativ mənbələrin, marşrutların axtarılmasında Azərbaycan əsas tərəfdaş kimi hər zaman etibarlı tərəfdaş rolunu və əhəmiyyətini saxlayır. Enerji layihələri ilə bağlı müzakirələr də göstərir ki, Xəzər dənizindən hasil olunan Azərbaycan qazı gələcəkdə də Avropa istehlakçıları üçün yeganə mənbə olacaq.
“Aydındır ki, iqtisadiyyatı olmayan ölkə heç vaxt real müstəqilliyə nail ola bilməz. Bax, bu gün bizim müstəqilliyimiz təkcə dövlət atributları ilə ölçülmür. Bizim müstəqil xarici siyasətimiz var, müstəqil daxili siyasətimiz var. Bizim güclü iqtisadiyyatımız var, maliyyə resurslarımız var. Biz öz hesabımıza yaşayırıq və buna görə də müstəqil ölkə kimi səsimizi bütün tribunalardan ucalda bilirik, mövqeyimizi müdafiə edə bilirik” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, “Əsrin kontraktı”nın imzalanması ilə vəziyyət tamamilə dəyişdi və Azərbaycan böyük həcmdə xarici sərmayəni cəlb edə bildi. Azərbaycanın inkişaf edən bölgələri, artan iqtisadi potensialı, sivilizasiyalararası dialoq mərkəzi, Şərqlə Qərbi birləşdirən körpü kimi tanınması xarici siyasətimizin, diplomatik uğurlarımızın, müəyyən mənada neft strategiyasının həyata keçirilməsi ilə yaranan maliyyə imkanlarımızın məntiqi nəticəsidir.
“Əsrin müqaviləsi”nin icrasının da uğurlu istiqamətdə davam etdiyini, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının böyük potensialı olduğunu, uzunmüddətli dayanıqlı hasilat səviyyəsini saxlamaq üçün xarici tərəfdaşlarla danışıqların davam etdiriləcəyini qeyd edən cənab İlham Əliyevin bildirdiyi kimi, “Şahdəniz” layihəsi Azərbaycanı neft, qaz hasil və ixrac edən ölkəyə çevirdi. Haqlı olaraq vurğulanır ki, “Şahdəniz” layihəsi regional əməkdaşlığın təməlidir.
Enerji təhlükəsizliyinin ölkələrin milli təhlükəsizliyi ilə eyni səviyyədə qiymətləndirildiyi indiki dövrdə inkişaf etmiş ölkələrin iqtisadi yüksəlişi də enerji mənbələri ilə bilavasitə əlaqəlidir. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr olan Azərbaycanın öz enerji təhlükəsizliyini tam təmin etməklə Avropa ölkələrinin təbii yanacağa ehtiyacını ödəməsi və inşa edilməkdə olan “Cənub Qaz Dəhlizi”nin tikintisinin plana uyğun aparılması ölkəmizin siyasi , iqtisadi uğurlarını artırır. Bir neçə ildir ki, neft-qaz kəmərləri Azərbaycanın enerji resurslarını xarici bazarlara çıxarır. Ölkəmiz regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısı rolunu bacarıqla yerinə yetirir.
Əsas bazarı Avropa olan Azərbaycanın enerji layihələrinin şaxələndirilməsi istiqamətində sadiq qaldığı siyasət, ölkəmizin təşəbbüsü ilə icra olunan layihələrin üstünlüyü ondadır ki, diqqət çəkən marşrutlar kimi mənbələr də sərfəlidir. Başlıcası odur ki, “Cənub Qaz Dəhlizi”ni tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi, maliyyə resursları var.
İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində çıxış edən Prezident İlham Əliyev strateji layihələr kimi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft- qaz kəmərlərini və TANAP layihəsini xüsusilə diqqətə çatdıraraq bildirir ki, Azərbaycan müasir dövrdə neft və qazı hasil və ixrac edən ölkəyə çevrilmişdir. “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında iştirak edən ölkələrin coğrafiyası genişlənir. Nəticədə hasilatçılar, tranzit ölkələr istehlakçılar arasında səmərəli əməkdaşlıq formatı yaradılır, ortaq maraqlar tənzimlənir. “Bu cür əməkdaşlıq isə enerji təhlükəsizliyini təmin edən əsas amillərdir. Bir çox ölkənin enerji təhlükəsizliyini təmin edən yeganə yeni qaz mənbəyi kimi maraq doğuran Azərbaycan tərəfdaş ölkələrlə birlikdə icra etdiyimiz layihələr bir çox ölkələrin enerji balanslarını və enerji təhlükəsizliyini təmin edəcək, onlara kömək edəcək. Biz bu məsuliyyəti öz üzərimizə götürərək ümid edirəm ki, yaxşı nəticələr göstəririk. Hesab edirəm ki, Azərbaycan təcrübəsi uğurludur” söyləyən Prezident İlham Əliyevin bu sözləri yeni layihələrin reallığına inamı artırır.
Xuraman İsmayılqızı, “İki sahil”
SOCAR-ın prezidenti “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru ilə görüşüb