Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən XXII Dünya Neft Konqresində iştirak edib. Qardaş ölkədə reallaşan bu nüfuzlu tədbirin diqqət mərkəzində olan iştirakçılarından biri kimi Azərbaycan rəhbərinin fikirləri hər kəsin maraq dairəsində olub. Bu, həm də ölkəmizin son illərdə regionun əsas enerji mərkəzi funksiyasını öz üzərinə götürməsi ilə bağlıdır.
Konqresin işi iqtisadi əhəmiyyəti ilə yanaşı, bir sıra siyasi çalarları ilə də medianın diqqət mərkəzində olub. Burada xüsusilə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səsləndirdikləri bəyanatlar özünün siyasi yükü və mesajları ilə diqqəti cəlb edir. Hər iki liderin açıqlamaları iki cəhətdən əhəmiyyətlidir: birincisi, iki qardaş ölkənin münasibətlərinin mükəmməl olması və strateji müttəfiqliyə əsaslanması, ikincisi isə hər iki dövlətin region üçün mühüm rol oynaması baxımından. Bu, həm siyasi müstəvidə, həm də iqtisadi sahədə, əsasən də Avropanın enerji təhlükəsizliyi məsələsində özünü göstərir.
İlk növbədə onu qeyd edək ki, Azərbaycan Prezidenti Türkiyəyə getdiyi ilk axşam həmkarı R.T.Ərdoğanın şəxsi qonağı olub və Türkiyə Prezidenti bu barədə özünün “Tvitter” səhifəsində foto paylaşaraq məmnunluğunu ifadə edib. Siyasi müşahidəçilər bu faktı Ərdoğanın Azərbaycan liderinə və ölkəmizə verdiyi əhəmiyyət kimi qiymətləndirirlər. Bu, eyni zamanda, iki ölkənin münasibətlərinin hansı səviyyədə olduğu barədə bir mesaj kimi də qəbul edilir. Bu qənaəti Prezident İlham Əliyevin Konqresin açılışında Türkiyə və Prezident Ərdoğan haqqında söylədiyi fikirlər də gücləndirir. “Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam. Fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına sülh, rifah, tərəqqi arzulayıram” deyən Azərbaycan Prezidenti qeyd edib ki, Türkiyə bu gün dünya miqyasında böyük güc, dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malik olan dövlətdir. Azərbaycan lideri qardaş ölkənin dünya siyasətində oynadığı təsirli roldan səmimiyyət və qürurla danışıb: “Bütün bu uğurlar qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi altında əldə edilib. Bu gün Türkiyə sürətlə inkişaf edir, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə şərəfli bir yol keçib. Bugünkü toplantı da bunun təzahürüdür. Türkiyə gücləndikcə Azərbaycan da güclənir, sevinir. Fürsətdən istifadə edərək, Türkiyə xalqına Azərbaycandan bacı və qardaşlarının salamlarını çatdırıram”. Bu, hər hansı bir dövlət başçısının başqa bir dövlət haqqında dediyi pafoslu sözlər kimi deyil, iki qardaş ölkədən birinin liderinin siyasi mesajlarla zəngin olan bəyanatı kimi qəbul edilir.
Öz növbəsində, Türkiyə Prezidenti R.T.Ərdoğan da Azərbaycanın Türkiyə və region üçün əhəmiyyətini xüsusi vurğulayaraq Prezident İlham Əliyevin apardığı siyasəti yüksək qiymətləndirib. Ərdoğan ölkəmizin əsas təşəbbüskarı və iştirakçısı olduğu böyük iqtisadi layihələrin beynəlxalq əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bu layihələrin Türkiyə üçün strateji xarakterini vurğulayıb: “Tikintisi başa çatan və inşası davam etdirilən enerji layihələri Türkiyənin strateji mövqeyini və rolunu bir daha üzə çıxardı”.
Türkiyə Prezidenti Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin önəmini xüsusi qeyd edib. Bütün bunlarla yanaşı, Ərdoğan “Cənub Qaz Dəhlizi”nin ölkəsi üçün prioritet layihə olduğunu ayrıca vurğulayıb və layihənin tarixi əhəmiyyətindən danışıb: “Bu layihənin əsas hissələrindən biri olan TANAP vasitəsilə ilkin mərhələdə Azərbaycandan Türkiyəyə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr qaz ixrac olunacaq. TANAP gələn ilin ortalarında istismara veriləcək. Gələcəkdə Xəzər, hətta Yaxın Şərq regionunun digər ölkələri də bu layihəyə qoşula bilər. Beləliklə, ölkəmizə və Avropaya əlavə həcmdə təbii qaz ixracı üçün imkanlar yaranır. TANAP-ın davamı olan TAP layihəsi isə 2020-ci ildə istismara veriləcək. Dəyərli dostum Azərbaycan Prezidenti İlham Əliyevin və “Cənub Qaz Dəhlizi”nin iştirakçısı olan digər ölkələrin və şirkətlərin siyasi iradəsi bu layihənin icrasında olduqca əhəmiyyətlidir və bu iradənin mövcudluğu məni sevindirir”.
Görünən odur ki, müəyyən dairələrin Azərbaycanın müəllifi olduğu enerji layihələrinin əhəmiyyətini gözdən salmaq istiqamətində apardıqları kampaniyalar artıq məğlubiyyətə məhkumdur. Sözügedən tədbirdə iştirak edən Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillerson da ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirib və ABŞ-ın “Cənub Qaz Dəhlizi”nə dəstəyini bir daha ifadə edib. Bütün bunlar Azərbaycanın region və bütövlükdə dünya birliyi üçün günü-gündən artan əhəmiyyətinin təzahürü kimi qiymətləndirilir.
Taleh Turqut, “İki sahil”