“Azneft“ İstehsalat Birliyində mütəmadi olaraq əməyin mühafizəsinin təkmilləşdirilməsinə dair maarifləndirici tədbirlər keçirilir.Bu istiqamətdə keçirilmiş növbəti müşavirədə Birliyin Baş direktoru Daşqın İskəndərov neft-qaz təsərrüfatında iş şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışmış, əməyin təhlükəsizliyi, mədən və özüllərdə, estakada və meydançalarda təhlükəsiz iş şəraitinin yaradılması kimi vacib məsələlərin daim diqqət mərkəzində saxlanıldığını, istehsalatda insan amilinə, neftçilərin sağlamlığının qorunmasına xüsusi diqqət yetirildiyini bildirmişdir. Baş direktorun Əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov cari ilin 6 ayında əməyin mühafizəsi sahəsində görülmüş işlər haqqında məlumat vermiş, neft və qazçıxarma sahələrində işçilərin maarifləndirilməsinin əhəmiyyətindən söz açmışdır. Qeyd olunmuşdur ki, işin icrasına başlamadan öncə mütləq təhlükəsizliyin təmin olunması üçün hazırlıq mərhələsi keçirilməli, risklər qiymətləndirilməli, bundan sonra işə icazə vərəqəsi ilə icraata başlanılmalıdır.
Sonda istehsalat sahələrində əməyin təhlükəsizliyi üzrə mütəmadi maarifləndirmə işlərinin aparılması və təlimlərinin keçirilməsinin, sahələrdə əməliyyatlar keçirən kənar təşkilatların icra işlərinə ciddi nəzarət edilməsinin vacibliyi vurğulanmışdır.