14 iyul 2017 15:42
541

Yanvar-iyun aylarında 46024 yeni abonent “mavi yanacaq”la təmin olunub

“Azəriqaz” İstehsalat Birliyi SOCAR-ın böyük bir strukturu kimi, əhalinin təbii qazla fasiləsiz və təhlükəsiz təmin edilməsini prioritet məsələ kimi qiymətləndirərək ötən illər ərzində önəmli işlər həyata keçirmişdir. Belə ki, ötən illərdə olduğu kimi, 2017-ci ilin 6 ayı ərzində də əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilmişdir. İlk növbədə qazlaşdırma və qaz təminatının bərpası işləri genişmiqyaslı xarakter almış və ölkənin bütün bölgələrini əhatə etmişdir.

2017-ci ilin birinci yarısında vüsət almış yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq Goranboy, Ağcabədi, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz və Masallı rayonları üzrə 35 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilmişdir. İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2017-ci ilin iyul  ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 050 664-ə çatmışdır.

Qeyd edək ki, 01 iyul 2017-ci il tarixə qeydiyyata alınmış abonentlərin 27 016-sı qeyri-əhali abonentidir. Ümumilikdə, cari ilin 1 iyul tarixinədək mövcud olan 2 023 648 əhali abonentindən 46 024-ü bu ilin 6 ayı ərzində yeni qeydiyyata alınmış abonentdir ki, bunun da 21 705-i Bakı, Abşeron, Sumqayıt, 24 319-ü isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır.

 2017-ci ildə Birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 204 çoxmərtəbəli binanın qazının açılması təmin olunmuşdur. Bu isə ümumilikdə, 10 139 mənzili əhatə edir. Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

Bir faktı da qeyd edək ki, ötən il şəbəkənin qaz nəqletmə imkanlarının artırılması, yaşayış məntəqələrinin qazlaşdırılması üçün 954.3 km yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 98.1 km qaz kəməri əsaslı təmir olunmuşdur.

 Bundan əlavə  Bakı RQİD, RQİİ-lər və Sumqayıt QİS tərəfindən daxili imkanlar hesabına 2017-ci ilin yanvar-iyun aylarında 156,8 km uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilərək yenisi ilə əvəz edilmiş, 645 ədəd qaz tənzimləyici və 141 ədəd siyirtmə quraşdırılmışdır. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına ciddi zəmin yaradır.

Xidmət ərazilərində əhali abonentlərinin, sənaye müəssisələrinin və təşkilatlarının qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə normativ-texniki sənədlərə uyğun yeni qaz ölçü qovşaqlarının tikintisi işləri aparılır və istismara verilir. Magistral qaz kəmərləri arasında axın qaz xromotoqrafları quraşdırılaraq istismara verilmişdir. Təhvil-qəbul nöqtələrində quraşdırılmış ölçü hesablayıcı avadanlıqlar üzərində quraşdırılmış daxili MVS 205P tipli çoxparametrli sensorlar uzun müddət istismar olunduğundan fiziki və mənəvi cəhətdən köhnəldiyinə və istismar müddətləri başa çatdığına görə yenisi ilə əvəz olunur. Təhvil və qəbul olunan təbii qazın kimyəvi parametrlərinin “on line” rejimində sərfölçən cihazların yaddaşına daxil edilməsi imkanı yaranmışdır.

Bununla yanaşı, respublika ərazisində yaşayış evlərində, digər sahələrdə qaz təsərrüfatı sisteminin təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə təbii qazdan düzgün istifadə edilməsi qaydalarının yerlərdə bir daha istehlakçıların nəzərinə çatdırılması, uyğunluq sertifikatı olmayan qaz cihazlarının istismardan çıxarılması, rezin boru birləşmələrinin ləğv edilməsi və zirzəmilərdə, yarımzirzəmilərdə təbii qazdan istifadə hallarının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülməkdədir.

Eyni zamanda, təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər davam etdirilir. Bunun nəticəsidir ki, ötən dövr ərzində İB üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 210 əhali, 289 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunmuşdur. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 5 437 930 AZN dəyərində dəymiş ziyan hesablanmışdır.

2017-ci ilin birinci yarısında Birliyin “104 qaz qəza” və “185 qaynar xətt” xidmətləri tərəfindən qeydə alınmış müxtəlif xarakterli çağırışlar aidiyyatı üzrə ötürülərək icrasına müvafiq qaydada nəzarət edilmişdir. Bu istiqamətdə icra olunan işlərin səmərəli təşkili, göstərilən xidmətin keyfiyyətinin artırılması, neqativ halların aradan qaldırılması və xidmətə nəzarətin gücləndirilməsi istiqamətində daima yeniliklər edilir.

2017-ci ilin 1-ci yarısı ərzində Birliyin idarəetmə aparatına və tabeli təşkilatlarına yeni işə qəbul edilmiş işçilərə və praktikaya göndərilmiş tələbələrə ümumilikdə 104 nəfərə giriş təlimatı keçirilərək istehsalat sahələrinə göndərilmişlər. 46 ilkin - 531 təkrar olmaqla ümumilikdə 577 işçinin biliyi yoxlanılaraq qiymətləndirilmişdir.

 Struktur bölmələrində əmək şəraiti vəziyyətinin yoxlanılması məqsədilə müvafiq əmrlə yaradılmış Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın (DFK) 2017-ci il üçün tərtib edilmiş iş planı əsasında 1-ci yarımillikdə  Birliyin 14 tabeli təşkilatında yoxlama keçirilmiş, 138 aşkar edilmiş nöqsan və çatışmazlığın aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülmüş və yerlərdə aidiyyəti mütəxəssislərə lazımi metodiki köməklik göstərilmişdir.

Birlikdə əmək və icra intizamının yüksəldilməsi, əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına nəzarətin gücləndirilməsi məqsədilə müvafiq əmrlə təsdiq olunmuş kart sisteminə uyğun olaraq 2017-ci ilin ötən dövrü ərzində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarını və icra intizamını pozmuş ayrı-ayrı struktur bölmələrdə işləyən 48 əməkdaşa xəbərdarlıq kartları təqdim olunmuşdur.

SOCAR-ın TİOP-nin icrası olaraq 2017-ci ilin ilk 6 ayı ərzində  “Tullantıların təhvil verilməsi haqqında qəbz”lər struktur təşkilatlarda tətbiq edilərək Birliyin istehsalat sahələrində formalaşan müxtəlif növ 3,29 ton tullantı çeşidlənərək “Tullantı Mərkəzi”nə,  448,25 tona yaxın qara metal və 9,87 ton əlvan metal qırıntısı aidiyyəti üzrə təhvil verilmişdir. Uyğun olaraq Birlik üzrə formalaşan və təhvil verilən tullantılar haqqında hesabatlar SOCAR-a təqdim edilmişdir.

 “Azəriqaz” İstehsalat Birliyində tətbiq edilən  ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartlarının tələblərinə uyğun qeyd edilən standartın inkişaf etdirilməsi və istehsalat sahaləri üzrə tətbiqinin yoxlanılması məqsədilə müvafiq əmrlə yaradılmış audit qrupu tərəfindən Birliyin İdarəetmə aparatı və aidiyyəti tabeli təşkilatları da daxil olmaqla 11 struktur bölmə üzrə Daxili Audit keçirilmişdir. Audit nəticəsində Birlik üzrə 3 ədəd düzəldici-önləyici fəaliyyət açılmış və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmışdır. Eyni zamanda qeyd olunan standart üzrə Türk Standartları İnisitutunun (TSE) nümayəndələrinin iştirakı ilə xarici audit keçirilmiş və standartın tələbləri əsasında görülən işlər müsbət qiymətləndirilmişdir.

İB tərəfindən 2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN kommunal”  mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin etmişdir.

Bu dövrdə Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN kommunal” mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 58429 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunmuşdur.

Elçin Zaman, “İki sahil”