İyulun 17-də SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmasinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.Görüşdə Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Gerald Gerstbauer, Avstriya federal nazirinin kabinet rəisi Maria Han-Blaybtroy, federal nazirin kabinetinin Avropa İttifaqı və beynəlxalq əlaqələr üzrə əməkdaşı Ştefani Qnesda və başqa rəsmi şəxslər də iştirak etmişlər.
SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə qonaqları salamlayaraq, Azərbaycanın qədim neft diyarı olduğunu söyləmiş, dənizdə neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını bildirmişdir. Qonaqlara son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında ətraflı məlumat verilmiş, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən söz açılmışdır. Görüşdə Azərbaycan qazını Avropa ölkələrinə nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinin beynəlxalq dəstək qazandığı vurğulanmışdır. R.Hüseynzadə eyni zamanda Azərbaycanda ekoloji hərəkatın dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini qeyd etmişdir. O, son illərdə SOCAR tərəfindən həyata keçirilmiş uğurlu ekoloji layihələr, bu sahədə BMT, Dünya Bankı ilə həyata keçirilmiş beynəlxalq əməkdaşlıq, eləcə də planlaşdırılan işlər haqqında qonaqlara geniş məlumat vermiş, bildirmişdir ki, SOCAR atmosferə atılan qaz həcmlərinin azaldılması istiqamətində BP və Dünya Bankı ilə birlikdə bir sıra uğurlu layihələrə imza atmışdır. SOCAR tərəfindən gənclər üçün həyata keçirilən kadr hazırlığı proqramlarından və kadr siyasətində gender bərabərliyindən bəhs edən R.Hüseynzadə Azərbaycanda bu məsələlərə böyük önəm verildiyini söyləmişdir.
Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmasin qəbul üçün təşəkkürünü bildirmiş, Azərbaycan və Avstriya arasında ikitərəfli əlaqələrin getdikcə genişləndiyini vurğulamışdır. S.Karmasin və nümayəndə heyətinin üzvləri iki ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə etmiş, Azərbaycanda sosial və iqtisadi sahədə aparılan islahatları, habelə sosial-iqtisadi inkişaf proseslərində qadınların kişilərlə bərabərhüquqlu iştirakının təmin olunması, gənclərin məşğulluğu istiqamətində görülən işləri yüksək dəyərləndirmişlər. S.Karmasin Avstriyanın ali məktəblərinin SOCAR-ın təsis etdiyi BANM ilə əməkdaşlığa açıq olduqlarını söyləmişdir.