19 iyul 2017 00:26
404

Anlaşma memorandumu imzalanıb

İran Milli Neft Şirkəti Yaponiyanın “Toyo” şirkətinin də daxil olduğu konsorsiumla İran körfəzindəki “Salman” yatağında qurğuları yeniləmək və qaz hasilatını bərpa etməklə bağlı anlaşma memorandumu imzalayıb.

“Oil and Gas” jurnalının araşdırmasına görə, İran və Birləşmiş Ərəb Əmirliklərinin sərhəddində yerləşən “Salman” neft və qaz yatağı 473 milyon barel neft və 5,2 milyard kubmetr təbii qaz ehtiyatına malikdir.

Xatırladaq ki, bu ayın əvvəlində İran uzun illər davam edən sanksiyaların aradan qaldırılmasının ardından ilk dəfə dünyanın ən böyük qaz yatağı olan “Cənub Pars” yatağının istismarının 11-ci fazası üzrə Fransanın “Total” şirkəti ilə müqavilə imzalamışdı.

“İki sahil” qəzeti “oilprice.com” saytına istinadən xəbər verir ki, ötən şənbə İran Milli Neft Şirkətinin rəhbəri Maniçöhri ölkə rəhbərliyinin şirkətə cari ilin sonuna qədər 10 neft və qaz müqaviləsi imzalamağı tapşırdığını açıqlamışdı.