19 iyul 2017 17:01
566

Hasilatın artırılması üçün yeni yanaşma üsulları müzakirə olunub

SOCAR-ın Baş ofisində “Günəşli” yatağında hasilatın artırılması məqsədilə ABŞ-ın “McKinsey&Company;” şirkəti tərəfindən hazırlanmış “Mayak” layihəsinin müzakirəsi ilə bağlı iclas keçirilmişdir.

İclasda SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov, “Neftqazelmitədqiqatlayihə” institutunun direktoru Fəxrəddin İsmayılov, “McKinsey&Company;” şirkətinin layihə rəhbəri Otto van der Molen, eləcə də, hər iki şirkətin məsul mütəxəssisləri iştirak etmişlər. İclasda “McKinsey&Company;” şirkətinin hazırladığı “Mayak” layihəsi barədə ətraflı məlumat verilmiş, “Günəşli” yatağında hasilatın stabil saxlanılması və artırılması ilə bağlı təkliflər dinlənilmişdir. Layihədə yataq üzrə əməliyyat xərclərinin optimallaşdırılması öz əksini tapmışdır. “McKinsey&Company;” şirkəti tərəfindən “Günəşli” yatağında yaxın iki həftə ərzində ilkin tədqiqat işlərinin aparılması və təkliflərin verilməsi qərara alınmış, 2018-ci il üçün yataqda hasilatın ən az 7% artırılması barədə təklifin bir ay müddətinə təqdim olunması razılaşdırılmışdır.

İclasda qeyd edilmişdir ki, “Mayak” layihəsi əlavə xərclər çəkilmədən hasilatın artırılmasına xidmət edəcəkdir.