Deyilənlərə görə qüsursuz cinayət planı yoxdur. Çox güman ki, elədir. Amma yenə də bəzi hallarda cinayətkarların şansı gətirir və onlar həbs edilmirlər. Təbii ki, bu bəzi üstü açılmamış cinayət işi və ya ədalətin bərqərar olmaması mənasına gəlir.
“Ölkə.Az” oxucularına bu gün tarixdə baş vermiş və üstü açılmamış 5 cinayət hadisəsini təqdim edir.
1. Amerika aviasiya tarixində üstü açılmayan yeganə cinayət
Bu tarixin ən məşhur qaçaqmalçılarından birinin hekayəsidir. 1971-ci ildə “Şükran günü”ndən əvvəl Amerikada Den Kuper adlı bir sərnişin Portland təyyarəsinə minir. Stüardessalar sərnişinlərə içki və yemək paylayanda əlindəki yazını onlardan birinə göstərir. Yazıda təyyarənin qaçırıldığı və bunu oxuyan şəxsin də girov götürüldüyü yazılmışdı. Bundan əlavə isə istəkləri yerinə yetirilməsə çantasındakı bombanı da partlatmaqdan çəkinməyəcəyini bildirir. 200 min dollar və 4 paraşüt istəyən hava qulduru təyyarənin istiqamətini Sitl şəhərinə doğru yönləndirir. Tələb etdiyi paraşüt və pulu aldıqdan sonra bu dəfə Meksika istiqamətində uçmağı tələb edir. Sərhədə yaxın bir yerdə 10 min fut hündürlükdən paraşütlə tullanır. O gündən etibarən Den Kuperdən bir daha xəbər alınmayıb.
2. Ekizlərin cinayət oyunu
2009-cu ildə üzlərində maska olan iki oğru Avropanın ən böyük ləl-cəvahirat dükanlarından birini soymaq üçün içəri daxil olur. Plan işləndiyi kimi gedir. Amma onlardan biri əlcəyini hadisə yerində unudur. Bu bir cinayətkarı həbs etmək üçün kifayət edən bir dəlildir. Çox keçmədən alman polisi DNA məlumatları əsasında cinayətkarı müəyyən etməyi bacarır. Əlcəyi unudan şəxsin müəyyən edilməsinə rəğmən məhkəmə bunu kifayət hesab etmir. Çünki DNA məlumatlarına əsasən cinayətkarın digər şəriki yəni ekizi ola biləcəyini göstərir. Əllərində başqa bir sübut olmadığı üçün iki şəxs bəraət alır.
3. Muzey oğrusu
1990-cı ildə Bostondakı Sent Patrik günü qeyd edilərkən Qardner muzeyindəki həyəcan siqnalı işə düşür və polis hadisə yerinə cəlb edilir. Amma bu siqnaldan muzey təhlükəsizlik xidmətinin xəbəri yoxdur. Yenə də polislərə muzeyə girməyə icazə verilir. Muzey protokoluna uyğun olmayan bu vəziyyət təhlükəsizlik xidməti əməkdaşının ən bəxtsiz günü kimi tarixə düşəcək. Çünki içəri girənlər polis yox, oğrular idi. Rahatlıqla muzeyə girən oğrular Rembrandt, Vermeer və Degas kimi çox dəyərli olan rəssamların əsərlərini oğurlayaraq qaçırlar. 300 milyon dollar dəyəri olan rəsm əsərləri tapılmayıb. Oğruların da izi-tozu o vaxtdan itib.
4. Film kimi soyğun
1968-ci ilin qış ayında Tokioda banka aid bir avtomobil 300 milyon yenalıq (yapon pul vahidi-red.) əskinasları bir yerdən başqa yerə aparır. Bankın təhlükəsizlik xidməti əməkdaşlarının nəzarəti altında hərəkət edən avtomobili motosikletli bir polis əməkdaşı saxlayır. Avtomobildə bomba ola biləcəyi barədə məlumat aldığını bildirən polis axtarış aparılmasının lazım olduğunu bildirir. Buna görə də avtomobildə olan əməkdaşlar maşını tərk edib çölə çıxırlar. Bir küncdə dayanıb axtarışların nəticələnməsini gözləyən bank əməkdaşlarının ətrafını duman çevrələyir. Əvvəlcə buna bir məna verə bilməyən bank əməkdaşları duman çəkiləndə avtomobilin yoxa çıxdığını görürlər. 110 min şübhəli və 170 min polisin istintaqa cəlb edilməsinə baxmayaraq, 1975-ci ildə sənəd arxivə atılır. Bu günə qədər iş açılmamış qalıb.
5. Tarixin ən böyük almaz soyğunu
Antverpdə dünyanın ən yaxşı mühafizə edilən sığınacağında saxlanılan almazlar oğurlanıb. Almaz Mərkəzi binasının iki mərtəbə altında giriş qapısı 100 milyondan çox ehtimalı olan kod ilə qorunan xüsusi bölmə eyni zamanda radarlarla da nəzarət altında olub. Amma hansısa variantla bu əraziyə keçməyi bacaran oğru və ya oğrular soyğunu həyata keçirirlər. Soyğun nəticəsində 100 milyon dollarlıq almaz oğurlanır. Hadisədən bir müddət sonra həbs edilən şübhəli 10 illik həbsə məhkum edilir. Azadlığa çıxdıqdan sonra müsahibə verən şəxs bu işdə qurban olduğunu, işin arxasında sığorta əməkdaşlarının olduğunu iddia edir. Aparılan bir çox araşdırmadan sonra onun haqlı olduğu üzə çıxsa da, oğrular bu günə qədər də sirri-müəmma olaraq qalıb.