25 iyul 2017 14:09
2725

Təbii qazın hasilatı kimi onun itkisiz və təhlükəsiz ixracı da önəmlidir

Bu gün Azərbaycanın neft sənayesi üçün neft və qazın istehsalı qədər digər önəmli sahə onun təhlükəsiz, itkisiz nəqlini, o cümlədən ixracını yüksək səviyyədə həyata keçirməkdir. Bu işin səmərəli və keyfiyyətli təşkili SOCAR-ın “Qaz İxrac” İdarəsinin qarşısında duran ən mühüm vəzifədir. Məhz bu vəzifənin uğurla reallaşması üçün İdarəyə məxsus ölçü qovşaqlarında, qazpaylayıcı stansiyalarda, magistral və qol qaz kəmərlərində bir çox təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib.

İdarənin rəisi Qağaməli Seyfullayevin “İki sahil” qəzetinə verdiyi məlumata görə, görülən işlərin nəticəsi olaraq 2017-ci ilin 6 ayı ərzində “Qaz İxrac” İdarəsində yüksək texniki-iqtisadi göstəricilər əldə olunmuşdur. Belə ki, bu müddət ərzində İdarə tərəfindən 7 633 milyon kubmetr qaz qəbul edilmişdir. O cümlədən ABƏŞ-dən 1 765 milyon, AQSC-dən 1 339 milyon, Əməliyyat şirkətlərindən 161 milyon, “Azneft” İB-dən  3 571 milyon, İran İslam Respublikasından 787 milyon kubmetr təşkil etmişdir. Qəbul olunan qaz həcmlərindən “Azəriqaz” İstehsalat Birliyinə 3 388 milyon kubmetr, “Azərenerji” ASC-yə 2 127 milyon kubmetr, “Azneft” İstehsalat Birliyinə və digər mənbələrə 1 225 milyon kubmetr təbii qaz həcmi nəql edilmişdir. 

İdarə rəisi bildirdi ki, bu gün də uğurla davam etdirilən neft-qaz strategiyası sayəsində Azərbaycan 2007-ci ildən etibarən qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilərək daxili bazardakı təbii qaza olan tələbatını tam ödəməklə yanaşı, dünya enerji bazarında qaz ixracatçısı kimi böyük rol oynayır. Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları təxminən 2.55 trilyon kubmetr təşkil edir. 2014-cü il üzrə Azərbaycanın təbii qaz hasilatı 29.62 milyard kubmetr, 2015-ci il üzrə 28.98 milyard kubmetr, 2016-cı il üzrə isə 29.37 milyard kubmetr təşkil etmişdir. 2017-ci ilin 6 ayı ərzində isə Azərbaycanın təbii qaz hasilatı 14.13 milyard kubmetr təşkil etmişdir. Qeyd edək ki, hazırda Azərbaycandan təbii qaz ixracı bir neçə istiqamət üzrə həyata keçirilir. 

Müvafiq alqı-satqı müqavilələri üzrə 2017-ci ilin 6 ayı ərzində Gürcüstana 691 milyon kubmetr həcmində qaz ixrac olunmuşdur. Naxçıvan MR-in təbii qaza olan tələbatını təmin etmək məqsədilə Astaradan İran İslam Respublikasına müvafiq uzunmüddətli (2025-ci ilə qədər) mübadilə (swap) müqaviləsi çərçivəsində illik təqribən 402 milyon kubmetr Azərbaycan mənşəli təbii qaz təchiz olunur ki, bunun da 350 milyon kubmetri sonradan Naxçıvana çatdırılır. Bu məqsədlə təchiz olunan təbii qazın tam həcminin dəyəri ödənişsiz və maliyyə əməliyyatları olmadan beynəlxalq “swap” şərtləri əsasında həyata keçirilir. 2016-cı ilin oktyabr ayında İran İslam Respublikası ilə bağlanmış idxal qazı müqaviləsi üzrə 151 milyon kubmetr qaz həcmi “Naxçıvanqaz” İB-yə 2017-ci ilin 6 ayı ərzində təhvil verilmişdir.

“Qaz İxrac” İdarəsinin əsas fəaliyyət istiqamətlərindən biri təbii qazla əlaqədar beynəlxalq təşkilatlarla SOCAR adından əməkdaşlıq etmək və SOCAR-ın təşviqat məqsədlərini yerinə yetirməkdən ibarətdir. Belə ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinin koordinasiya etdiyi beynəlxalq təşkilatlardan biri, 1931-ci ildə təsis olunan Beynəlxalq Qaz İttifaqıdır. SOCAR 2012-ci ildə Beynəlxalq Qaz İttifaqına üzv qəbul olunmuşdur. “Qaz İxrac” İdarəsinin koordinasiya etdiyi təşkilatlardan digəri isə Birləşmiş Millətlərin Avropa üzrə İqtisadi Komissiyasının Qaz Mərkəzidir. Mərkəz bazar əsaslı qaz sənayesinin təşviqi və inkişafı üzrə texniki əməkdaşlıq proqramıdır və məqsədi Mərkəzi və Şərqi Avropanın hökumətlərinə və qaz şirkətlərini daha da mərkəzləşmiş və bazar-əsaslı qaz sənayesinin yaradılması cəhdlərini dəstəkləməkdir. SOCAR 2011-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının Qaz Mərkəzinə üzv kimi fəaliyyətini davam etdirir. Sözügedən qurumda iştirakımızın məqsədi regionun aparıcı qaz şirkətləri ilə qaz sənayesi üzrə əməkdaşlıq, təbii qazın satış bazarlarının müəyyən olunması məqsədilə tərəfimizdən həyata keçirilən marketinq araşdırmaları zamanı daha dürüst və dəqiq məlumatları birbaşa əldə etmək,  bu şirkətlərin satış və nəql təcrübəsinə yiyələnməklə, qiymətləndirmə və tranzit tariflərinin təfərrüatlarından faydalanmaqdır. 

Ölkəmizin əməkdaşlıq etdiyi digər beynəlxalq təşkilatlardan biri də 2015-ci ilin sonlarından etibarən müşahidəçi qismində təmsil olunduğumuz Qaz İxrac Edən Ölkələrin Forumudur. Sözügedən Forumun əsas məqsədi rəqabətə davamlı, dayanıqlı, şəffaf, qlobal qaz bazarının yaradılması, tədqiqat bazasının yaradılması, regional və qlobal qaz bazarlarının inkişafı üzrə məlumat, fikir və təcrübə mübadiləsi, analitik qabiliyyətin inkişafı, qaz ixrac edən ölkələr arasında əməkdaşlığın genişləndirilməsidir. Forumda təmsil olunan ölkələrin enerji şirkətləri ilə əməkdaşlığın müəyyən olunması  istiqamətində fəal iş aparılır. 

Qağaməli Seyfullayev bildirdi ki, “Qaz İxrac” İdarəsi 3 400 km magistral və paylayıcı qaz kəmərlərinə, 206 qaz paylayıcı stansiyaya və 8 Kompressor stansiyasına xidmət göstərir. Magistral və qol qaz kəmərlərində, eləcə də qaz paylayıcı stansiyalarda zəruri texniki-texnoloji işlərin həyata keçirilməsi məqsədi ilə 2017-ci ilin 6 ayı ərzində 123 ədəd “İş planları” hazırlanmış və icrası təmin olunmuşdur. Yeraltı qaz kəmərlərində mexaniki, korroziya xarakterli zədələnmələrin qarşısını almaq məqsədi ilə istismar olunan elektro kimyəvi mühafizə qurğularına və nəzarət ölçü məntəqələrinə mütəmadi olaraq tərtib olunmuş plan qrafikə uyğun baxış keçirilir, səmərəliliyi yoxlanılır və  daima işlək vəziyyətdə olması təmin edilir. Dövri olaraq cihazlarla və ya şurfaçma yolu ilə qaz kəmərlərinin texniki vəziyyətinin müayinəsi və istismara yararlılığının təyin edilməsi işləri aparılır. Belə ki, 325 mm-lik “Pirallahı-Qala”, 530 mm-lik “Qaradağ-Sumqayıt”, 530 mm-lik “Digah-Zirə-Cənub”, 530/426 mm-lik “Qaradağ-Duvannı”, 720 mm-lik “Qaradağ-Xırdalan”, 720 mm-lik “Novxanı-Xırdalan”, 720 mm-lik “Hövsan-Digah”, 530 mm-lik “QNAS-Qaraçuxur” və digər bu kimi bir xeyli sahədə magistral qaz kəmərlərində texniki müayinə işləri aparılmış və nəticələrə uyğun olaraq istismara yararsız hissələr yenilənmişdir. 2017-ci ilin 6 ayında kapital qoyuluşu proqramı əsasında 23 651,5 p/m boru xətti çəkilmişdir.  O cümlədən, Gəncə şəhərinin təbii qaza olan tələbatının daha da yaxşılaşdırılması məqsədi ilə Qazax MQKS-yə məxsus “Gəncə QPS-in yenidənqurulması” layihəsi üzrə texnoloji avadanlıqların quraşdırılması işləri yerinə yetirilmişdir. Obyektdə tikinti-quraşdırma işləri davam etdirilir. QPS-lərdə beynəlxalq standartların tələblərinə cavab verən, modul tipli Qaz Paylayıcı Stansiyaların quraşdırılması ilə əlaqədar I buraxılış kompleksi üzrə Abşeron MQKS-yə məxsus 6 sayda QPS-də (5-ci siyirtmə QPS, Mehdiabad QPS, Maştağa QPS, Ramanı QPS, Mərdəkan bağları QPS, Bolqarıstan QPS) işlər tam yekunlaşmış, modul tipli stansiyalar istismara verilmişdir.  Abşeron MQKS-yə məxsus “Qurd qapısı” QPS magistral qaz kəməri qolunun 1,31-1,66-cı km hissəsinin köçürülməsi obyekti üzrə 550 pm D720x9 mm-lik yeni boru xətti çəkilmiş, möhkəmliyə və kipliyə sınaq olunmuşdur. Yeni çəkilmiş kəmərin mövcud sistemə qoşulması üçün hazırlıq işləri görülür. Hacıqabul MQKS-yə məxsus “Səngəçal BQ-Qaradağ” MQK-nin bərpası həyata keçirilmişdir. 22,010 km D1020 mm-lik boru kəməri demontaj olunmuş və yenidən  bərpa olunaraq I kompleks üzrə işlər yekunlaşmışdır. Kəmər möhkəmliyə və kipliyə sınaq olunaraq işlək vəziyyətə gətirilmiş və mövcud sistemə qoşulmuşdur. Bundan əlavə II kompleks üzrə “Səngəçal BQ-Qaradağ” magistral qaz kəmərinin “D” kranı ölçü qovşağının 720 mm giriş xətti ilə əlaqələndirilməsi üçün qovşağın giriş xətti üzərində üçboğaz və qısa boru birləşdirməklə 700 mm-lik yerüstü kran quraşdırıldı. Bu da Bakı şəhərinin, o çümlədən Şimal DRES-in və Sumqayıt ES-in fasiləsiz və etibarlı qaz təchizatının təmin edilməsinə xidmət edəcəkdir. Astara dövlətlərarası qaz ölçü və tənzimləmə qovşaqları yenidən qurulmuşdur. Salyan rayonu Bəydilli QPS ilə Neftçala rayonu Kür Qarabucaq kəndində quraşdırılacaq yeni QPS arası qaz kəmərinin tikintisi üzrə, uzunluğu 29.6 km 273x6 mm boru kəmərinin tikintisi başa çatdırılmış, kəmər möhkəmliyə və kipliyə yoxlanaraq işlək vəziyyətə gətirilmişdir. “Qaradağ-Digah-Şimal DRES” MQK-nın 0,8 kilometrliyində yerləşən “M” kranı meydançasında tənzimləyici qovşağın tikintisi” obyektində operator otağı, sanitar qovşağı, yanğın və içməli su hovuzları, radiorabitə qülləsi, projektor dayağı, 3 xətli tənzimləyici sistem qurulmuş və abadlıq işləri görüllərək işlər yekunlaşmışdır. Hal-hazırda tənzimləyici sistem Hacıqabul MQKS-i tərəfindən istismar olunur. Yəni bu kimi işlər bütün MQKS-də həyata keçirilmişdir.

Eyni zamanda “Qaz İxrac” İdarəsi üzrə elektrik təchizatı obyektlərində 20,9 km elektrik verilişi xətti çəkilmiş, 6 dəst KTM quraşdırılmış, 5 obyekt istismara verilmiş, 13 obyektdə işlər yekunlaşmış və obyekt  istismara hazırlanır, 5 obyektdə tikinti-quraşdırma işləri davam etdirilir.

2017-ci ilin 6 ayında Əsas fondların əsaslı təmiri proqramı üzrə cəmi 9333 p/m  müxtəlif diametrli boru xətti təmir olunmuşdur. 2016-2017-ci illərin payız-qış mövsümündə Gürcüstana 25 atmosfer təzyiqlə gündəlik 10,0 milyon kubmetr qazın ixrac edilməsi məqsədilə O1020-1220 mm-lik “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəməri üzərində Zəyəm çay, Tovuz çay, Coğaz çay keçidləri təmir olunmuş və mövcud sistemə qoşulmuşdur. II xətt magistral qaz kəməri üzərində isə Şəmkir çay, Coğaz çay və Ağsu çay keçidləri təmir olunmuş və mövcud sistemə qoşulması planlaşdırılır. İrandan qazın idxalını və ixracını təmin etmək məqsədi üçün 1220-1020 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərlərinin 52-ci kilometrliyində 320 p/m, 191.2-ci km-də 33 p/m 1020 mm-lik borularla “Neftqaztikinti” tresti tərəfindən təmir olunaraq mövcud sistemə qoşulmuşdur. Bundan əlavə, Lənkəran çay keçidində isə L=186 p/m hissə təmir olunaraq möhkəmliyə və kipliyə yoxlanılmış, mövcud sistemə qoşulması planlaşdırılır. 

2017-ci ilin birinci yarımilliyi ərzində 38 QPS və qaz kəmərləri üzərində yararsız vəziyyətdə olan kran və siyirtmələr yenisi ilə əvəz olunmuşdur. QPS-lərdə 4 dəst təzyiq tənzimləyiciləri, 4 dəst qoruyucu klapan, 3 ədəd separator, 4 ədəd filtr-separator, 10 ədəd DO-NG-MO-CT markalı odorant qurğusu texniki istismar və texniki təhlükəsizlik qaydalarına uyğun quraşdırılmışdır. “Günəşli” QPS və “Zəhmət” QTM-nin texnoloji hissələrində yenidənqurma işləri aparılmış, “Zeytun” QPS-də isə operatorların iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə operator evi tikilmişdir. “Qaz İxrac” İdarəsi üzrə ümumilikdə 153 ədəd qoruyucu klapan, 5 ədəd separator sınaq olunmuşdur. QPS və QTM-lərdə torpaqlanma bəndlərinin, nəzarət ölçü cihazlarının, ildırım ötürücülərinin saz vəziyyətdə saxlanılmasına daim nəzarət edilir. 2017-ci ilin 1-ci yarımilliyi ərzində MQK və qol qaz kəmərlərinə texniki baxış zamanı aşkarlanmış 21 sayda qaz sızmaları  qaynaq vasitəsilə aradan qaldırılmışdır.

İdarə rəisi vurğuladı ki, son illər Avropa ölkələri, o cümlədən Almaniya təbii qazı odorizasiya etmək üçün ekoloji faktorları nəzərə alaraq, insan səhhətinə təsirsiz və tərkibində kükürd birləşmələri olmayan yeni “Gasodor S-free” odorant maddəsinin istehsalına başlamışdır. Bu maddə “Etil merkaptan” odorant maddəsindən bir çox üstün xüsusiyyətlərə malikdir. Sözügedən odorant maddəsinin dünyada yeganə istehsalçısı Almaniyanın “Symrise AG” şirkəti 2015-ci ildən etibarən SOCAR-la əməkdaşlığa başlamışdır. Bu əməkdaşlıq çərçivəsində SOCAR-ın “Qaz İxrac” İdarəsinin mütəxəssisləri ilə “Symrise AG” şirkətinin mütəxəssisləri arasında dəfələrlə müxtəlif səpkidə görüşlər keçirilmişdir. Həmin görüşlərdə istehlakçılara verilən təbii qaz həcmlərinin daha mükəmməl və ekoloji təmiz odorantlaşdırılması prioritet məsələ kimi qarşıya qoyulmuşdur. Bunun nəticəsi olaraq yeni kükürdsüz “Gasodor S-free” odorant maddəsinin magistral qaz kəmərləri sahələrindən birində tətbiq edilməsi üçün pilot layihənin həyata keçirilməsi qərara alınmışdır. İki mərhələdən ibarət olan pilot layihənin reallaşması üçün Hacıqabul magistral qaz kəmərləri sahəsinə məxsus “Qobustan” qazpaylayıcı stansiyası seçilmişdir. Hər iki mərhələnin nəticələri “Qaz İxrac” İdarəsinin və “Symrise AG” şirkətinin mütəxəssisləri tərəfindən qənaətbəxş hesab olunmuşdur. 

Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunması istiqamətində görülmüş işlər barədə məlumat verən idarə rəisi dedi ki, İdarəmiz öz fəaliyyətini milli qanunvericiliyə uyğun olaraq ISO 9001, ISO 14001,ISO 50001 və OHSAS 18001 Beynəlxalq standartların tələbləri səviyyəsində qurmuşdur. 2017-ci ilin 1-ci yarısında  İdarənin obyektlərində İdarənin Daimi Fəaliyyət Komissiyası, TESİEŞ-nin işçiləri və nəzarətedici orqanlar (FHN-nin SİTGDMNDA və DYNX) tərəfindən əmək şəraitinin vəziyyəti, iş yerlərinin hazırlanması və əməyin mühafizəsinə dair sənədləşmənin vəziyyəti üzrə  yoxlamalar aparılmış, bu yoxlamalar zamanı aşkar edilən uyğunsuzluqlar görülən tədbirlər nəticəsində dərhal aradan qaldırılmışdır. Magistral Qaz Kəmərləri Sahələrində əmək şəraitinin vəziyyətinin kompleks yoxlanılması zamanı, idarə üzrə mövcud enerji növlərindən səmərəli istifadə edilməsi üzrə işçilərin maarifləndirilməsi məqsədilə “Enerji mənbələrinin təcrid edilməsi-elektrik işləri”, “Enerjinin idarə edilməsi”, “İlan sancması əleyhinə tədbirlər” və “İş yerində stress-kollektiv çağırış” mövzularında təqdimatlar keçirilmişdir. 2017-ci ilin 1-ci yarım ilində İdarənin Daimi Fəaliyyət Komissiyasi (DFK) tərəfindən 79 işçinin ƏM və TT-yə dair  biliyi yoxlanılmışdır ki, onlardan 60 nəfər qrafik üzrə, 12 nəfər yeni işə qəbulla əlaqədar (ilkin) və 7 nəfər MTİ-nin isə biliyi növbədənkənar yoxlanılmışdır. Bu dövrdə qazpaylayıcı stansiyaların çıxışında əhaliyə verilən qaz xətlərində təzyiqin tələb olunan həddən qalxıb enməsinə nəzarət üçün yeni avtomatik mühafizə və siqnalizasiya sistemləri quraşdırılaraq istismara verilmişdir. Eyni zamanda operator otaqlarında qızdırıcı sobalarda  istifadə edilən təbii qazda sızmalar yarandıqda potensial təhlükələrin qarşısını almaq məqsədilə qaz detektorları quraşdırılmışdır. Birinci yarım ildə MQKS-nin obyektlərində əmək şəraitinin yaxşılaşdırılması, sanitariya və gigiyena sahələrində də bir sıra işlər görülmüşdür. Belə ki,  MQKS-nin QPS-də yenidənqurma işləri aparılmış, yeni yanğın su hovuzları, operator evləri tikilərək və təmir edilərək istifadəyə verilmişdir. TESİEŞ-nin nəzdində yeni yaradılmış Sənaye-Sanitar laboratoriyası üçün bütün ölçü aparatlarının alınması təmin edilmiş və laboratoriya tərəfindən  İdarədə mövcud olan bütün iş yerlərində zərərli və təhlükəli istehsalat amillərinin səviyyəsinin müəyyən edilməsi üçün instrumental ölçmələr həyata keçirilmiş və müvafiq sağlamlaşdırıcı - profilaktik tədbirlər görülmüşdür. 2017-ci ilin 1-ci yarım ili ərzində keçirilən iməciliklər zamanı ağac və gül kolları əkilmişdir.  Ümumilikdə MQKS-lərin ərazilərində 2825 ədəd ağac-gül kolları əkilmiş və  əkilən ağacları suvarmaq üçün süni suvarma üsulları tətbiq edilmişdir. İl ərzində əkilmiş ağac-gül kollarına Magistral Qaz Kəmərləri  Sahələrinin  bağbanları tərəfindən mütəmadi olaraq aqrotexniki qulluq göstərilmişdir. 

Bu ilin ilk yarısında beynəlxalq standartın tətbiqi sahəsində də böyük işlər görülmüşdür. İlin əvvəlindən idarə aparatının bütün işçi personalı və Abşeron, Ağdam, Siyəzən MQKS-lərdə çalışan işçilərlə maarifləndirmə işləri həyata keçirilmiş və onlar beynəlxalq standartların əhəmiyyəti, müəssisədə tətbiqi barədə geniş məlumatlandırılmışlar. İdarənin bir qrup işçisi SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzində hər dörd standart üzrə (ISO 9001, ISO 14001, ISO 50001 və OHSAS 18001) və digər  maarifləndirmə kursunu müvəffəqiyyətlə bitirmiş və onlara müvafiq sertifikatlar verilmişdir. ISO 50001 (Enerji İdarəetmə Sistemi) Beynəlxalq Standartının tətbiqinin vəziyyətini yoxlamaq məqsədilə mart ayında “Bureau Veritas” Şirkətinin Türkiyə nümayəndəliyinin auditoru tərəfindən idarə üzrə növbədənkənar xarici audit keçirilmiş və ötən ilə nisbətən səmərəlilik müşahidə edilmişdir. 

Elçin Zaman, “İki sahil”