25 iyul 2017 14:18
2573

Neft-qaz yataqlarındakı tədqiqatlar zamanı maraqlı geoloji nəticələr əldə edilib

Ötən illərdə olduğu kimi, 2017-ci ilin birinci yarısında da SOCAR-ın  Geofizika və Geologiya İdarəsinin (GGİ) əmək kollektivi Azərbaycanın quru və dəniz sahə və yataqlarında genişşaxəli, müxtəlif xarakterli tədqiqatlar aparıb və maraqlı geoloji nəticələr əldə edib.

GGİ-nin rəisi Elçin Şirinovla söhbət zamanı öyrəndik ki, İdarə və onun strukturuna daxil olan qurumlar - “Kəşfiyyatgeofizika”, “Mədəngeofizika”  və “Kompleks Mühəndisi-Axtarış” İstehsalat bölümləri öz fəaliyyətlərini SOCAR-ın Şurası tərəfindən təsdiq olunmuş iş proqramına uyğun, eləcə də yerli və xarici şirkət və firmaların sifarişləri əsasında formalaşdırıb.

E.Şirinov qeyd etdi ki, kəşfiyyat geofizikası sahəsində “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü tərəfindən Aşağı Kür NQR-in Xıdırlı-Bəndovan sahəsində 2016-cı ildə icrasına başlanılan çöl kompleks geofiziki (seysmik və qravimaqnitometrik) kəşfiyyat işləri cari ildə uğurla başa çatdırılıb: “Tədqiqat sahəsində ümumilikdə 154 kv.km sahədə üçölçülü seysmik, 550 x.km həcmində qravimaqnitometrik tədqiqatlar yerinə yetirilib. Hazırda məlumatların geoloji dəyərləndirmə işlərinə başlanılıb. Bununla yanaşı, Bölümün 2 ekspedisiyası Yevlax-Ağcabədi çökəkliyində regional profillər üzrə seysmik və qravimaqnitometrik kəşfiyyat müşahidələrinin aparılmasına başlayıb və artıq 180 x.km seysmik, 240x.km qravimaqnitometrik tədqiqatlar yerinə yetirilib.” 
İdarə rəisi bildirdi ki, 2017-ci ilin birinci yarısında Bölümün dəniz seysmik ekspedisiyası Bakı arxipelaqının Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə sahəsində ikiölçülü seysmik kəşfiyyat işlərinə başlayıb və hazırda 300 x.km iş həcmi yerinə yetirilib: “Tədqiqat sahəsi estakadaların və platformaların sıxlığı, müxtəlif təyinatlı gəmilərin hərəkətinin intensivliyi ilə xarakterizə olunduğundan seysmik kəşfiyyat işlərinə başlamazdan əvvəl, dənizdibi relyef öyrənilib, dənizin dərinliyinin dəqiq təyini üzrə tədqiqatlar aparılıb və digər köməkçi işlər yerinə yetirilib. Bölümün tərkibində fəaliyyət göstərən Gefiziki məlumatların emal və interpretasiyası ekpedisiyası cari ilin birinci yarısında Bulla-dəniz sahəsində yerinə yetirilən seysmik kəşfiyyat işləri geoloji dəyərləndirilib. Nəticədə Bulla-dəniz strukturunun geoloji quruluşu və tektonikası dəqiqləşdirilib, çöküntülərin litofasial tərkibi öyrənilib və kollektorluq xüsusiyyətləri proqnozlaşdırılıb.” 

Hazırda Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə sahəsində yerinə yetirilən ikiölçülu, eləcə də Xıdırlı-Bəndovan sahəsində yerinə yetirilən üçölçülu seysmik kəşfiyyat işlərinin emal və interpretasiyasının və nəzərdə tutulan digər işlərin plana uyğun davam etdirildiyini söyləyən E.Şirinov vurğuladı ki, həmişə olduğu kimi, 2017-ci ilin birinci yarısında da “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü xarici firma və şirkətlərlə əməkdaşlıq edib. Bölümün əməkdaşları BP şirkətinin sifarişi əsasında Şamaxı-Qobustan NQR-in cənub-qərbində  (Şıxıqaya, Miəcik, Çeyilaxtarma, Nardaranaxtarma və s. sahələrdə) işlənmiş 180 x.km həcmində 2D seysmik məlumatları emal və interpretasiyasını başa çatdırıblar. 

Geofizika və Geologiya İdarəsinin digər strukturu olan “Mədəngeofizika” İstehsalat Bölümünün mütəxəssisləri də cari ilin birinci yarısında Azərbaycanın quru və dəniz ərazilərində qazmada olan quyularda kompleks mədən-geofiziki tədqiqat işləri və qazmaya geoloji-texnoloji, geokimyəvi nəzarət, qazma vaxtı karotaj, quyuların qazılmasının istiqamətlənməsi, eləcə də istismar quyularında perforasiya-atma, quyuların texniki vəziyyətinə və işlənməsinə nəzarət məqsədilə geofiziki tədqiqat işlərini uğurla davam etdirməkdədirlər. GGİ-nin rəisi  məlumat verdi ki, cari ilin 6 ayı ərzində quyularda yerinə yetirilmiş sifarişlərin ümumi sayı 1600 olub ki, bunların da 602-si açıq lülədə, 998-i isə kəmər daxilində yerinə yetirilib: “Bundan əlavə, mürəkkəb geoloji quruluşu ilə səciyyələnən yataqlarda layihələndirilmiş quyularda qazmanın uğurla başa çatdırılmasında bölümün tərkibində fəaliyyət göstərən Quyuların qazılmasına geoloji-texnoloji nəzarət ekspedisiyası”nın əməkdaşları böyük əmək sərf ediblər ki, bu da sifarişçilərdə onların işi haqqında müsbət rəy formalaşdırıb. Quyularda aparılan ölçü işləri əsasında neftli-qazlı intervalların seçilməsi zamanı mütəxəssislər tərəfindən verilən rəylərə diqqət bir qədər də artırılıb və bunun nəticəsində verilmiş rəylərin 95%-i sonrakı perforasiya və sınaq-yoxlama işləri nəticəsində təsdiqlənib ki, bu da çox böyük göstəricidir. Buna quyuların kəsilişindən və quruluşundan asılı olaraq müxtəlif spesifikasiyalı perferatorların tətbiqi də öz dəyərli təsirini edib və alınan nəticələrin səmərəliliyini xeyli artıb.”

E.Şirinov Geofizika və Geologiya İdarəsinin əsas fəaliyyət istiqamətlərindən biri olan “Kompleks Mühəndisi-Axtarış” İstehsalat Bölümü tərəfindən görülən işlərdən də ətraflı bəhs etdi: “Bölüm tərəfindən 2017-ci ildə quruda və dənizdə həyata keçirilən mühəndisi-geoloji və struktur xəritəalma qazması, batimetriya, fasiləsiz seysmoakustik profilləmə (FSAP), sonar planalma, süxur nümunələrinin götürülməsi və onların kompleks fiziki-mexaniki xüsusiyyətlərinin təyini, sualtı kəşfiyyat video sistemi vasitəsilə hidrotexniki qurğuların, eləcə də müxtəlif kommunikasiya xətlərinin texniki vəziyyətlərinin vizual öyrənilməsi, qaz-geokimyəvi tədqiqat və s. işlərin yerinə yetirilməsi də davam etdirilib. Belə ki, cari ilin birinci yarısında bu bölüm  tərəfindən “Azneft” İB-nin sifarişi əsasında dənizdə 2055 metr mühəndisi geoloji qazma işləri yerinə yetirilib.”

Geofizika və Geologiya İdarəsinin rəisi bildirdi ki, Bölüm tərəfindən quruda - Yevlax-Ağcabədi çökəkliyində regional profillər üzrə 2D seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi üçün ümumi dərinliyi 2007 metr təşkil edən 40-dan artıq müxtəlif dərinlikli partlayış-atma quyuları qazılıb. Hazırda qazma işləri həm dənizdə, həm də quruda müvəffəqiyyətlə davam etdirilir. 

Bununla yanaşı, “Bulla dəniz”, “Səngəçal-dəniz”, “Günəşli”, “Qarabağ”, “Neft Daşları” və “Qərbi Abşeron” yataqlarında 672.9 x.km sonar planalma, 1352 x.km batimetriya, Səngəçal-dəniz, Duvannı-dəniz, Xərə-Zirə  dəniz, Günəşli və Qarabağ sahələrində 940.5 x.km fasiləsiz seysmoakustik profilləmə işləri yerinə yetirilib. Mühəndisi-geoloji qazıma işləri zamanı dəniz və quru sahələrdən götürülən 957 ədəd süxur nümunəsinin fiziki-mexaniki, petrofiziki, geokimyəvi, paleontoloji və s. xüsusiyyətləri Bölümün mərkəzi mühəndisi laboratoriyasında tədqiq olunub. Bundan başqa, laboratoriyada “Neftçi” MTK tərəfindən Kürdəxanı qəsəbəsində yaşayış binalarının tikintisi aparılan ərazidə mühəndisi-geoloji quyulardan götürülən 2478 ədəd süxurda laboratoriya sınaqları aparılıb.”

Elçin Şirinov sonda qeyd etdi ki, Geofizika və Geologiya İdarəsinin əmək kollektivi bütün səy və bacarığını 2017-ci ildə qarşısında duran plan və tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsinə yönəldəcək. 

Orxan Vahidoğlu, “İki sahil”