SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, iyulun 25-də Bərdə rayonunun Otuzikilər kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Bildirilmişdir ki, 540 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5 409 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 38 174 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirdə çıxış edən kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Hazırda Bərdə rayonunun Lənbəran və Mollalı kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Tezliklə həmin yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilməsi təmin ediləcək.