28 iyul 2017 00:07
960

Təcrübəli qazmaçının 60 illik yubileyi qeyd edildi

“SOCAR-AQŞ”-də müəssisənin Əməliyyatlar bölməsinin məsul əməkdaşı, baş qazma ustası Ələddin Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. “SOCAR-AQŞ”-nin baş direktoru Ramin İsayev yubilyarı təbrik edərək ona uzun ömür, möhkəm cansağlığı, şəxsi işlərində və peşəkar fəaliyyətində nailiyyətlər arzuladı. Ə.Əliyevlə həmkar olmağından məmnunluq ifadə edən baş direktor onun peşəkar fəaliyyətinin gənc nəsil üçün örnək olduğunu vurğuladı.

Tədbirdə iştirak edən müəssisənin digər məsul əməkdaşları da Ələddin Əliyevlə bağlı xoş təəssüratlarını bölüşərək yubilyarı təbrik etdilər. Məlumat verildi ki, baş qazma ustası Ə.Əliyev 1957-ci ildə Tovuz rayonunda dünyaya göz açıb. Alakol kənd orta məktəbini müvəffəqiyyətlə bitirən Ələddin Əliyev həmin il Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olub. O, 1987-ci ildə institutun neft-qaz quyularının qazılması fakültəsini müvəffəqiyyətlə bitirərək “Üzən Qurğularla Kəşfiyyat” qazma idarəsində işə başlayır. Ə.Əliyev həmin idarədə qazmaçı köməkçisi kimi işə başlayaraq üzən qurğunun rəisi vəzifəsinə qədər yüksələ bilib. Ə.Əliyev Rusiya, Qazaxıstan, Türkmənistan və İran şelfində süxurları öyrənmək üçün çox sayda kəşfiyyat quyuları qazıb. 2007-ci ildən etibarən Ələddin Əliyev “SOCAR- AQŞ”də qazma ustası kimi işə başlayıb. Ə.Əliyev baş qazma ustası olaraq əvvəlcə dayazsulu ‘’Günəşli’’ yatağındakı 13 saylı özüldə işə başlayıb və həmin özüldən 20-yə yaxın quyunu keyfiyyətlə qazaraq sifarişçi məmnunluğunu təmin edib. “SOCAR- AQŞ” tərəfindən 13 saylı özüldə 350 saylı horizontal quyunun yuxarı intiqallı qurğu-Top Drive vasitəsilə qazlılmasında Ə.Əliyev və onunla birgə çalışan briqada üzvlərinin özünəməxsus rolu olub. “Ümid” yatağında 1 saylı dərin dəniz stasionar özülünə baş qazma ustası təyin olunmağı isə müəssisə rəhbərliyi tərəfindən ona göstərilən etimadın bariz nümunəsidir. Respublikamız üçün xüsusi önəm daşıyan “Ümid” yatağındakı 1 saylı özüldən 14 saylı quyunun keyfiyyətlə qazılaraq sifarişçiyə təhvil verilməsində Ə.Əliyev və qazma briqadalarının böyük əməyi olub.  Bu uğura imza atmaqla Ə.Əliyev dünyanın ən mürəkkəb qaz yataqlarından biri hesab edilən “Umid”də öz peşə ustalığını bir daha nümayiş etdirə bilib.

Müəssisədə çalışdığı müddətdə Ə.Əliyev mütəmadi olaraq qazma sahəsində baş verən yeniliklərlə tanış olur, atqıya qarşı, quyuyanəzarət və quyuağzının yığılması üzrə təlimlərdə fəal iştirak edir.

Ə.Əliyev göstərilən diqqət və qayğı üçün müəssisə rəhbərliyinə minnətdarlığını bildirərək “SOCAR-AQŞ”-də işləməyin üstün tərəflərindən söz açdı: ‘’Azərbaycan qazma sənayesində özünəməxsus reputasiyası olan, yenilikçi kimi tanınan, sağlam iş mühiti ilə seçilən, səriştəli kadrları işə cəlb edən və ən nəhayət yeni texnika və texnologiyaları tətbiq edən belə bir müəssisədə çalışmaq üçün burada hər cür şərait yaradılıb. Bu imkanlardan maksimum yararlanmaq lazımdır.” Ə.Əliyev yüksək peşə ustalığının incəlikləri barəsində gənc kadrları maraqlandıran sualları cavablandıraraq 37 illik iş təcrübəsinin ən yaddaqalan xatirələrini auditoriya ilə bölüşdü. 

Sonda müəssisənin kollektivi adından baş qazma ustası Ələddin Əliyevə xatirə hədiyyələri və plaket təqdim olundu, işçi heyəti ilə birgə xatirə şəkli çəkdirildi.

Orxan Vahidoğlu, “İki sahil”