31 iyul 2017 21:49
885

Azərbaycanın neft tarixindən

Dmitri Mendeleyevin 1885-ci ildə Bakıda nəşr olunmuş broşüründən tərcümə

Dmitri Mendeleyev Neft işi

Bir il ərzində yalnız 1000 saat gecə işıqlandırması üçün təxminən 4 şamdan ibarət kerosin lampasının bir ailəyə qulluq etdiyini, habelə ailənin dörd nəfərdən ibarət olduğunu nəzərə alsaq, görərik: 1) hər lampaya ildə bir puda yaxın kerosin və ya müvafiq olaraq neft yağı sərf olunur, çünki bir girvənkə (funt) kerosin bir saat ərzində yüz şama və ya 2 saatda 50 şama kifayət edir, yaxud 25 saat ərzində işıq verən dörd şamlıq lampa yanıb qurtarır; 2) bu cür qısamüddətli və dəbdəbəli olmayan, amma ucuz işıqlandırma vasitəsindən istifadə edən əhalinin bir nəfəri üçün il ərzində 10 girvənkəyə yaxın kerosin və ya ona uyğun neft məhsulu tələb olunur. Hələlik Rusiyada 100 milyona yaxın əhali yaşayır və ona görə də onun əsas kütləsi keyfiyyətli işıqlandırma tələb etmir, ölkəni işıqlandırmaq məqsədilə bizim 25 mln. pud neft məhsuluna ehtiyacımız var. Hazırda Rusiyaya 17 mln. pud kerosin daxil olur.

Əgər bizim neftin yalnız 1/4 hissəsinin çoxundan ibarət olan kerosinin əvəzinə işıqlandırmaq üçün neftin digər növlərindən (benzin, pironaft, sürtkü yağları və s.) istifadə olunsa, yaxın illərdə işıqlandırmaq üçün neftə olan daxili tələbatı artıqlaması ilə Qafqazda hasil olunan neftin hesabına ödəmək mümkündür. Çünki ötən 1884-cü ildə orada 70 mln. puddan çox neft çıxarılmışdır. Həmin miqdarda neftdən təxminən 20 mln. pud kerosin alınır, amma Rusiya üçün asanlıqla 50 mln. pud neft məhsulu almaq mümkündür. Belə ki, nəzərə almaq lazımdır ki, yerdə qalan 30 mln. pud neft nəql edilərkən və emal olunarkən yanacaq və tullantı kimi israf olunur. İşıqlandırmaq üçün neft məhsullarının 50 mln. pudunun yalnız yarısını ölkənin daxilində hasil etmək olar. Nəzərə alaq ki, bu, o qədər də çox deyil. Çünki Rusiyaya araba, maşın və vaqonların yağlanması, həmçinin digər məqsədlər üçün təxminən 10 mln. pud müxtəlif neft məhsullarının tələb olunmasına baxmayaraq, daxili tələbatı ödəmək üçün hazırda kifayət qədər neft ehtiyatları var. Bu, son illərdə neft məhsullarının qiymətinin xeyli aşağı düşməsində özünü büruzə verir. Tsaritsindən çəlləksiz gətirilən kerosinin bir pudu 40 qəpiyə və daha ucuz qiymətə başa gəlir. Bu cür neft məhsullarının bolluğu hazırda qismən də olsa xaricə neft nəqli məsələsini gündəmə gətirir. 1878-ci ildə V.İ. Raqozin Baltik dənizi limanlarından Rusiyadakı zavodlarında istehsal olunan sürtkü yağlarını xaricə satmağa başladı. Sonradan 1882-ci ildə L.Nobel rus kerosinini Avstriya və Almaniyaya göndərməyə nail oldu. Mühüm rus işinin təşəbbüskarları kimi - 1861-ci ildə Bakıda kerosin istehsalına nail olduğu üçün V.A. Kokorevin, habelə 1866-cı ildə (Kudako) neft hasilatına görə A.N. Novoseltsevin adlarını çəkmək olar. Onların adları heç vaxt Rusiya sənayesinin inkişaf salnaməsində unudulmayacaq və Qafqaz neft işinin təbii inkişafı bizim neft yataqları geniş miqyas aldıqca, həmçinin ilkin olaraq böyük səylə istismarına başladığımız Bakı ərazisinin sərvətləri sayəsində daha gur səslə anılacaqdır. Çünki bütün Qafqaz bu cür yerlərlə əhatə olunub. Orada həddindən artıq iş çoxdur, daha doğrusu, neft çoxdur. Onunla nə etməli? Nefti çıxarmaqmı lazımdır? Qadağanedici qanunlarmı tərtib etmək lazımdır? Heç olmasa, Kolxidada gizlədilmiş qızıl yun (runo) bizə və varislərimizə çatsın. Qoy amerikalılar, hətta rumınlar Avropanı neftin ucuz olduğuna və kerosin lampalarının rahatlığına görə insanların alışdığı yüz milyonlarla pud işıqlandırıcı yağla təmin etsinlər. Biz isə guya özümüzünkünü daxili ehtiyaclarımız üçün qoruyub saxlayırıq, yəni gələcəkdə lazım ola bilər. Bu haqda ətraflı düşünmək lazımdır. Bu, əslində xəsislik və ya acgözlükdən deyil, qeyri-düzgün inkişafdan irəli gələn eybəcərlik və yaltaqcasına qulluq göstərməkdəndir. Bundan başqa, daha liberal neft tələbatı da var: daş kömürünün yerinə artıq neft məhsullarını bütövlükdə yandırmaq. Ucuzdur, münasibdir, yoxlanılıb, torfu, yaxud daş kömürü isə zəhmət çək çıxar, odun da yoxdur, olanı da qorumaq lazımdır. Əks halda Volqa dayazlaşar və onunla neft daşınması qeyri-mümkün olar. Bu məsələləri təfsilatı ilə araşdırmağa indi mənim həvəsim yoxdur və mən sonradan mübahisəyə girmədən məntiqi sıçrayış etməyə üstünlük verirəm: nə qədər mümkündürsə Qafqazdan o qədər çox neft çıxarmaq lazımdır. Rusiyanın tələbatından artıq qalan məhsulu Rusiyadan kənara əlbəttə, xam maye yanacaq kimi yox, işıqlandırma materialı, sürtkü yağı və ya benzinə, vazelinə bənzəyən başqa növ məhsul kimi satmaq lazımdır. Bakılılar qeyri-iradi olaraq neft məhsullarını xaricə satmaq tələbatını çoxdan başa düşüblər və ona görə də daha çox onlar üçün yazıram, habelə yuxarıda göstərdiyim vəziyyəti çıxış nöqtəsi kimi dəyərləndirirəm. Ona görə də hər şeydən əvvəl satış imkanlarına nə cür nail olmaq haqqında fikirləşmək, incəliklərə varmaq lazımdır. Xaricə bizim neftin satılmasının əlverişli, sərfəli və mənfəətli olması üzərində artıq dayanmağa dəyməz.

Burada hansı incəliklərə diqqət yetirmək vacibdir. Birincisi - kəmiyyət, ikincisi - daşınan neft məhsullarının keyfiyyəti, üçüncüsü - məhsulun qiyməti, dördüncüsü - daşınma üsulları. Bunu da nəzərdən keçirək.

Əgər keyfiyyəti və qiyməti tələbə uyğun gələrsə, bizim neft məhsullarını hansı həcmdə xaricə nəql etmək mümkündür? Bu, araşdırılması vacib olan birinci məsələdir, çünki tələb az olarsa, çox şəy göstərməyə dəyməz. Amma tələb çox olduqda buna uyğunlaşmaq və xeyli iş görmək gərəkdir. Bunun üçün isə vəsait sərt etmək lazım gələcək. Hara yol yoxdursa, hara məhsul daşınmırsa, ora dəmir yolu xətti çəkmək lazım deyil. Bəs tələbatın həcmini necə müəyyənləşdirmək mümkündür? Hətta məhsulun keyfiyyəti və qiyməti qənaətbəxş olsa belə. Bunu iki yolla - hesablamalar aparmaqla və dəqiq statistik məlumatlara əsaslanmaqla həll etmək mümkündür. Yalnız sonuncu üsul kifayət deyil. Axı, əllinci illərin əvvəlində neft yağlarına heç bir tələbat yox idi. Amma ilk neft quyuları Pensilvaniyada 1859-cu ildə qazılmışdır. Neft istehsalının mənfəətli olması haqqında birbaşa mühakimə yürütmədən yalnız statistik məlumatlara əsaslanmaq, yaxud on il ərzində neft hasilatını 40 mln. puda, iyirmi il ərzində isə 200 mln. puda çatdırmaq mümkündürmü? Statistika artıq tətbiq olunan, artmaqda olan bir prosesin inkişafı haqqında mühakimə yürütməyə kifayət edir. Ancaq söhbət inkişafdan və bərpadan yox, işin təməlini qoymaqdan gedirsə, onda əvvəlcə statistik rəqəmlər haqqında fikirləşməkdənsə, birbaşa mühakimə yürütmək lazımdır və mümkündür. Yəqin ki, adamlar yaşayış yerlərini, şəhərləri, zavodları, dükanları, teatrları və s. işıqlandırmaq istəyəcək və bunun üçün sərfəli, təhlükəsiz və ucuz vasitələr axtaracaqlar və işıqlandırma üçün maye halındakı neft məhsullarının daha əlverişli olduğunu hamı bilir. Bundan başqa, neft digər işıqlandırma vasitələrindən ucuzdur. Artıq birinci məqalədə göstərdiyim kimi, biz hətta amerikalılardan daha təhlükəsiz neft işıqlandırıcısı əldə edə bilərik, üstəlik o, müasir qiymət artımı şəraitində kerosinlə işıqlandırma mum şamlarından 15 dəfə, daşkömürü lampalarından isə təxminən 5 dəfə ucuz başa gəlir.

Mənə yalnız elektrik işıqlandırılması ilə müqayisədə neftin nə qədər dəyərli olduğunu sübut etmək qalır. Bunu təfsilatı ilə müəyyənləşdirmək lazımdır ki, heç bir şübhə yeri qalmasın. Yoxsa bir nefti satmaq üçün qabaqcadan bütün hazırlıq işlərini görərik, insanlar isə birdən elektrik enerjisindən istifadəyə üz tutar. Çünki elektrikin çox dəyərli üstünlükləri var: o çox istilik vermir, amma neftlə müqayisədə yanğın təhlükəsi azdır və istifadə zamanı yaşayış yerini korlamır. Doğrudur, o indi bahadır.

Elektrik işıqlandırmasından istifadə etmək baha başa gəldiyi üçün şəhərlərdə ondan bəhrələnmək mümkün olmur və qapadılır, halbuki onu sınaqdan keçirmək üçün təsis etmişdilər. Bütün bunlar inandırıcı deyil, çünki indiki halda ixtiraçıya da, bu işi görənlərə, elektrotexniklərə də xeyli faiz ödəmək lazımdır. Doğrudur, bütün bu işlər yenidir. Mən isə başqa yol seçirəm və fikirləşirəm ki, bu daha məqbuldur. Bir çox təcrübədən məlumdur ki, əgər söhbət qismən işıqlandırmadan gedirsə (bunu yalnız qiymətləndirmək lazımdır), müəyyən at gücündə çalışan buxar maşını elektrik maşınını hərəkətə gətirir və belə bir an qurğunun verdiyi cərəyan Svanın, Edisonun, Maksimin və başqalarının quraşdırdığı kimi, 10 lampanı yandıra bilər. Onlardan hər biri qaz lampası və ya digər yaxşı lampa kimi on şam qədər işıq verir. Bu o deməkdir ki, buxar maşının gücü yüz şamın verdiyi qədər işıq verir. Buxar maşınının bir saatda gördüyü və işi götürək təsəvvür edək ki, o watt gücü ilə 8 atmosfer təzyiqi altında işləyir və 1:3 nisbətində buxar ayrılır. Yəni bu zaman buxarın istifadəsi üçün sərfəli şərait yaranır. Kiçik buxar maşınında, əlbəttə, buxar və istilik sərfi daha çox olacaq və qismən işıqlandırma üçün bu belə də olacaq. Ona görə də nisbətən daha sərfəli şəraitə üstünlük veririk. Belə maşın bir saat ərzində bir at gücündə enerji və 9 kiloqram buxar sərf edir. Bu qədər buxar almaq üçün 1 kiloqramdan çox və ya 2 kiloqramadək - orta hesabla 11/2 kiloqram daş kömürü, həmçinin iki dəfə çox quru odun və ya yaxşı qızdırıldıqda 0,75 kiloqrama yaxın neft sərf edilir. Adətən yaxşı buxar maşınında bir saat ərzində bir at gücündə enerji almaq üçün 1 kiloqrama yaxın neft sərf olunmalıdır, koksdan (50?79 %) və qatrandan (4 %-ə yaxın) başqa 11/2 kiloqram daş kömürü yandırmaq lazımdır. Ona görə də işıqlandırmaq və yandırmaq üçün kömürdən (20 % yanacaq tələb olunur) istifadə etmək lazımdır və bu zaman 500 litrə yaxın işıqlandırıcı qaz tələb olunur. Üstəlik qaz və odluq keyfiyyətli olarsa, bir saat işıqlandırma üçün 15 şamdan ibarət 5 odluq kifayətdir. Yəni 1 saat işıqlandırmaq üçün 75 şam tələb olunur. Koksun və qatranın qalığı isə karbürasiya tətbiq olunsa 25 şamdan çox (işıq) verə bilər. Ona görə də qaz hasilatı üçün istifadə olunan daş kömürü əgər qismən elektrik işıqlandırılmasında istifadə olunsa dinamo-elektrik maşınının cərəyan istehsal etməsi üçün yandırılan kömürdən heç də az işıq verməz. Əlbəttə, buxar və dinamo-elektrik maşınlarının, həmçinin qazla işıqlandırmanın da təkmilləşdirilməsinə ehtiyac var və regenerasiya olunmuş ovduqlar adi ovduqlardan fərqli olaraq, az qala çəkilən xərcləri iki dəfə azaldır, amma eyni miqdarda işıq verir. Ona görə də aydındır ki, işıqlandırmaq üçün elektrikdən və ya qazdan istifadə etməyimizdən asılı olmayaraq, daş kömürünə sərf edilən maddi xərclərlə eynidir.

Tərcümə edən:

Akif Əhmədgil,

“Azərbaycan neft təsərrüfatı"

jurnalının redaktoru