İyulun 31-də SOCAR Tower-də ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnard ilə görüş keçirilmişdir.
Qonağı səmimi salamlayan SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov 2013-cü ildən SOCAR və Arizona ştatının biznes qurumları arasında sıx əlaqələrin qurulduğunu qeyd etmişdir. O, Azərbaycanda həyata keçirilən irihəcmli enerji layihələri çərçivəsində qazanılmış uğurlar, ölkəmizin, bütövlükdə regionun sosial-iqtisadi inkişafında bu layihələrin rolu haqqında qonağa ətraflı məlumat vermişdir. Azərbaycanın qədim neft diyarı olduğunu nəzərə çatdıran SOCAR-ın vitse-prezidenti 1846-cı ildə dünyada sənaye üsulu ilə ilk neft quyusunun qazılması və 1949-cu ildə açıq dənizdə neft hasilatına başlanılmasının, dünya neft sənayesi tarixində mühüm yer tutan digər proseslərin Bakı neftçiləri tərəfindən həyata keçirildiyini söyləmiş, qeyd etmişdir ki, neftin boru kəməri ilə nəqlinin təməli də məhz Bakıda qoyulmuşdur. Azərbaycanın hələ qədim dövrlərdən Avropanın neft təchizatında əhəmiyyətli rol oynadığı, həmin ənənənin bu gün də uğurla davam etdirildiyi vurğulanmışdır. ABŞ-ın Azərbaycanda həyata keçirilən enerji layihələrinə göstərdiyi dəstək və Amerika şirkətlərinin bu layihələrdə iştirak etməsi görüşdə diqqət mərkəzində olmuş, Azəri-Çıraq-Günəşli layihəsində “ExxonMobil” şirkətinin iştirak etdiyi qeyd olunmuşdur. 2016-cı ildə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “ExxonMobil” şirkətinin eks-prezidenti, hazırda ABŞ-ın Dövlət Katibi Reks Tillersonla görüşündə Xəzərin Azərbaycan sektorunda həyata keçirilən layihələr haqqında fikir mübadiləsi aparıldığı bildirilmişdir. Qeyd olunmuşdur ki, Amerika enerji layihələrinin inkişafına dəstəyini bu gün də əsirgəmir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinə böyük önəm verir. SOCAR-ın İBM və digər nüfuzlu Amerika şirkətləri ilə əməkdaşlıq əlaqələri diqqətə çatdırılmışdır.
Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnard 2013-cü ildə ştatın qanunverici orqanında Xocalı soyqırımı, ötən il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin müzakirə və qəbul olunmasında iştirak etdiyini nəzərə çatdırmışdır. Bakıya səfərdən məmnun olduğunu deyən qonaq Azərbaycanda hasil edilən enerji daşıyıcılarının Avropaya nəqlinin önəmli məsələ kimi gündəmdə olduğunu vurğulamış və bildirmişdir ki, Bakıda keçirdiyi görüşlərdə Arizona ilə münasibətlərə böyük əhəmiyyət verildiyinə şahid olmuşdur. Cavan Mesnard Arizona ştatının bir sıra istiqamətlərdə, o cümlədən iqtisadi sahədə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulamış, ölkəsinə döndükdən sonra Azərbaycanda gördüyü inkişaf barədə Nümayəndələr Palatası üzvlərinə məlumat verəcəyini bildirmişdir. Qonaq Arizona və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə, SOCAR-ın bu əlaqələrin dərinləşməsinə daha böyük töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.