01 avqust 2017 23:37
4177

“Neftqaztikinti” Tresti qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir

Müsahibimiz SOCAR-ın “Neftqaztikinti” Trestinin müdiri, Əməkdar mühəndis Mirkazım Abasovdur

- Mirkazım müəllim, SOCAR-ın “Neftqaztikinti” Trestinin (NQT) fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?

- SOCAR-ın aparıcı struktur vahidlərindən biri kimi “Neftqaztikinti” Tresti bir çox sahələr üzrə podratçı fəaliyyətini həyata keçirir. Bu fəaliyyətə neft-qaz yataqlarının abadlaşdırılması və texnoloji neft-qaz-mədən avadanlıqlarının quraşdırılması və təmiri ilə bağlı bütün işlər aiddir. Həmçinin biz sualtı, yerüstü və yeraltı magistral neft-qaz-su boru kəmərlərinin çəkilməsi, asfalt-beton örtüklərinin vurulması xidmətlərini də göstəririk. Eləcə də xidmətlərimiz sırasına dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və estakadayanı meydançaların, qaz-kompressor stansiyalarının, neft rezervuarlarının və sosial obyektlərin tikintisi də daxildir.

SOCAR NQT-nin tərkibinə müxtəlif profilli 11 bölüm və Gürcüstan Nümayəndəliyi daxildir. Trest respublikamızın bütün regionlarında, habelə “Günəşli”, “Neft Daşları” və digər yataqlarda, Səngəçal-Duvannı rayonunda müxtəlif sifarişçi təşkilatlar üçün podratçı olaraq bütün növ xidmətləri təqdim edir. Belə xidmətlər eləcə də Xəzər dənizində Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digər adalar, həmçinin onların ətrafında və digər yerlərdə də göstərilir.

- 2017-ci ilin ilk yarısında görülən işləri necə qiymətləndirirsiniz?

- SOCAR-ın “Neftqaztikinti” Tresti 2017-ci ilin ilk yarısında öz fəaliyyyətini uğurla davam etdirməklə bir sıra nəticələr əldə edib. Bu dövr ərzində 119,4 milyon manatdan çox dəyəri olan kompleks tikinti-quraşdırma və təmir işləri reallaşdırılıb. Buraya 87,2 milyon manat dəyərində əsaslı tikinti, 32,2 milyon manat dəyərində isə əsaslı təmir fəaliyyəti daxildir. Görülmüş işlərin 86,6 milyon manat dəyərində olan hissəsi, yəni 73%-i sırf SOCAR NQT-nin öz gücü hesabına yerinə yetirilib.

Bu işlər çərçivəsində 12,5 min ton metal-konstruksiyaların quraşdırılması, dənizdə sualtı 10,2 km, estakada və meydançalarda 30,3 km, quruda 15,7 km boru kəmərlərinin çəkilməsi baş tutub. 5 km sualtı, 70,9 km yeraltı yüksək gərginlikli kabel, 1,3 km hava elektrik ötürücü xətləri çəkilib. 114708 m2 asfalt salınma işləri görülüb. Trest öz siyasətinə və prinsiplərinə sadiq qalaraq fəaliyyətini beynəlxalq standartların tələblərinə əsasən təhlükəsiz, ekoloji təmiz şəraitdə və tam keyfiyyəti ilə həyata keçirib. Biz öz fəaliyyətimizdə təhlükəsizlik, keyfiyyət, etimad və müasir yanaşmanı prioritet prinsiplər olaraq bəyan etmişik. Bu prinsip və dəyərlər SOCAR NQT-nin siyasətində də əksini tapıb. Xatırlatmaq istərdim ki, 2002-ci ildən başlayaraq TSE-ISO-EN 9000, TSE-ISO-EN 14000, TSE ISG-OHSAS TS 18001 və 2009-cu ildə isə TS EN ISO/IEC 17025 Beynəlxalq sertifikatlarına layiq görülmüşük. Bu nailiyyətlər keyfiyyətli fəaliyyətimizin əyani göstəricisidir. Biz bu Beynəlxalq sertifikatlarda əks olunmuş standartlara riayət olunmasını daim rəhbər tuturuq.

Biz insan resursları və kadr dövriyyəsini də daim diqqətdə saxlayırıq. Keyfiyyətli və təcrübəli kadrların “Neftqaztikinti” Trestinə cəlb olunması və mövcud əmək personalının işə yanaşma baxımından təkmilləşdirilməsi daim aktualdır. 01.07.2017-ci il tarixinə Trestin əmək personalı 3733 nəfərdən ibarət olub. Onlardan 410 nəfəri rəhbər, 299 nəfəri mütəxəssis, 2997 nəfəri fəhlə, 27 nəfəri isə digər qulluqçulardır.

- Trest tərəfindən hansı əsaslı tikinti və təmir, həmçinin yenidənqurma işləri görülüb?

- “Neftqaztikinti” Tresti tərəfindən podrat işləri proqramı ilə yanaşı, bir sıra dövlət əhəmiyyətli obyektlərdə də nəhəng tikinti və yenidənqurma işləri aparılıb. Bu işlər SOCAR rəhbərliyinin iştirakı ilə keçirilmiş texniki müşavirələrdə verilmiş tapşırıqlara və SOCAR-ın Tədbirlər proqramına əsasən görülüb. Bir çox yataqlarda neft və qaz hasilatının artırılması məqsədilə platformalar Trest tərəfindən genişləndirilib və ya yenidən qurulub. Quyuların qazılması üçün əlavə şaxtaların buraxılması, mövcud texnoloji yığım və nəql sistemlərinin təkmilləşdirilməsi həyata keçirilib. Çıxarılan qazın sahilə itkisiz nəqli məqsədilə müvafiq texnoloji sistemin qurulması işləri uğurla yerinə yetirilib. Bu proqramın icrası zamanı müasir avadanlıqlar və texnologiyalardan, həmçinin professional kadr potensialından maksimum istifadə edilməsi prosesin tam keyfiyyətlə həyata keçməsini təmin edib.

SOCAR NQT tərəfindən ötən müddətdə bir neçə istehsalat əhəmiyyətli obyektlərin tikintisi, yenidən qurulması və təmiri həyata keçirilib. Belə ki, əsaslı tikinti ilə bağlı bir çox layihələr icra olunub və sifarişçiyə təhvil verilib.

Bunların sırasında “28 May” NQÇİ-nin “Günəşli” yatağında həyata keçirilən layihələri qeyd etmək olar. 20 istismar quyusunun qazılması üçün “Günəşli” yatağındakı 7 saylı Dərin Dəniz Özülünün (DDÖ) tikintisi başa çatdırılıb və təhvil verilib. Yataqdakı 14 saylı DDÖ-də əlavə 2 quyunun, 11 saylı DDÖ-də isə əlavə 4 quyunun qazılması üçün yenidənqurma işləri həyata keçirilib. “Günəşli” yatağında istismarda olan dərin dəniz platformalarında köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sisteminin yaradılması layihəsi uğurla reallaşdırılıb. Həmçinin yataqdakı 2, 3, 8 və 13 saylı DDÖ-də yeni nasosxanaların tikintisi həyata keçirilib.

“Neft Daşları” NQÇİ-nin “Neft Daşları” yatağında görülmüş işlərə də toxunmaq istərdim. 8 ədəd istismar quyusunun qazılması üçün 620A saylı Stasionar Dəniz Özülünün, 14 ədəd istismar quyusunun qazılması üçün 1541A saylı SDÖ-nün tikintisini yekunlaşdırıb istismara təhvil vermişik. Neft Daşlarında 2A saylı Neft Yığım məntəqəsinin, 1637-1956 saylı meydançalar arası yeni estakadanın tikintisi, 1887 saylı SDÖ-də quyuların manifold və atqı xətlərinin yenidən qurulması, 602A saylı estakadayanı meydançanın qazmadan sonra abadlaşdırılması uğurla həyata keçirilib.

N.Nərimanov adına NQÇİ-nin “Bulla-dəniz” yatağında 2A saylı Qaz Yığım Məntəqəsinin, 122 saylı SDÖ-nün tikintisi layihəsi icra olunub, NQÇİ üzrə qaz paylama sistemləri yenidən qurulub. “Bulla-Dəniz” yatağında 4 ədəd istismar quyusunun qazılması üçün 6 saylı SDÖ-nün, 5 ədəd istismar quyusunun qazılması üçün 12 saylı SDÖ-nün tikintisi başa çatdırılıb.

“Abşeronneft” NQÇİ-nin 1150 saylı meydançası (quru), “Darvin bankası” yatağında 740, 670, 20 saylı SDÖ-lər qazmadan sonra abadlaşdırılıb. Bir sıra tikinti layihələri reallaşdırılıb ki, bu sırada “Darvin bankası” yatağındakı 730 saylı SDÖ-nün, “Qərbi Abşeron” yatağındakı 54 və 10 saylı SDÖ-nün tikintisi layihələrini qeyd edə bilərəm.

Bundan əlavə, Dalma Qurğularının Təmiri və Kirayəsi Üzrə Eksperimental İstehsalat Müəssisəsində, Qaz Anbarlarının İstismarı İdarəsinin Qalmaz Yeraltı Qazsaxlama Anbarında yenidənqurma işləri görülüb. “Qazıməmməd-Qazax”(I xətt) magistral qaz kəmərinin 0-210 km arası hissəsi yenidən qurulub, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və rekonstruksiyası layihəsi üçün müvəqqəti bina və qurğular tikilərək təhvil verilib. “Ümid” yatağının neft və qaz hasilatının nəqli sisteminin, Karbamid zavodunun texniki su təminatı və xarici qaz təminatı sisteminin tikintisi reallaşdırılıb.

Əsaslı təmir sahəsində həyata keçirdiyimiz işlərdən də qısaca bəhs etmək istərdim. “Günəşli” yatağının 3, 5, 10, 11 və 14 saylı DDÖ-lərdə kompleks əsaslı təmir layihələri icra olunub. “Neft Daşları” yatağında yerləşən 1741-239 saylı meydançalar arası estakadanın, 1778 saylı meydançanın, yataqdakı müxtəlif diametrli qaz kəmərlərinin təmiri aparılıb. “28 May” NQÇİ-nin “Günəşli” yatağındakı özüllərin elektrik təchizatının modernizasiyası layihəsi çərçivəsində 3 və 11 saylı DDÖ-lərdə əsaslı təmir işləri görülüb. “Günəşli” yatağındakı 3, 4, 5, 6, 8, 19 saylı DDÖ-lərdə seperator xətləri və texnolji boru xətləri əsaslı təmir olunub. “Neft Daşları” yatağında estakada, özül və meydançalarda korroziyya qarşı mühafizə işləri həyata keçirilib. “Palçıq-Pilpiləsi” yatağında yerləşən 1157 saylı SDÖ, 1077 saylı meydança əsaslı təmir edilib.

N.Nərimanov adına NQÇİ-nin 60, 680, 682, 698, 279a, 332, 353, 426, 410, 375, 441 saylı estakadayanı meydançalarının (EYM) əsaslı təmiri başa çatdırılıb. “Bulla-dəniz” yatağında yerləşən 56 saylı SDÖ-nün, “Darvin bankası” yatağında yerləşən 600, 500 saylı EYM-nin əsaslı təmiri həyata keçirilib. “Bibiheybətneft” NQÇİ-nin ərazisində yerləşən 40 nəfərlik inzibati bina əsaslı təmirdən sonra istifadəyə verilib.

Trest SOCAR rəhbərliyi tərəfindən ona həvalə olunmuş işlərin öhdəsindən müvəffəqiyyətlə gəlib. Xüsusilə nəzərinizə çatdırım ki, bu layihələr beynəlxalq tələblərə əsasən təhlükəsiz, ətraf mühitə ziyan vurmadan, vaxtında və yüksək keyfiyyətlə icra olunub.

- “Neftqaztikinti” Trestinin xarici əlaqələri barədə nə deyə bilərsiniz?

- 1949-cu ildən bəri fəaliyyət göstərən Trest ötən uzun dövr ərzində tikinti-quraşdırma sahəsində zəngin təcrübə əldə edib. Qeyd etməliyəm ki, bizim fəaliyyətimiz təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Zəngin təcrübə və zamanın tələblərindən irəli gələn texnologiya və metodlara dayanaraq indiyədək müxtəlif yerli və beynəlxalq tenderlərin qalibinə çevrilmişik. Saysız-hesabsız tender və sifarişlər əsasında ölkə daxilində və xaricində müxtəlif irimiqyaslı tikinti layihələri və təmir-bərpa işləri reallaşdırılıb.

Trest ötən dövrdə də beynəlxalq əməkdaşlıq istiqamətində əlaqələrini davam etdirib. Müxtəlif xarici şirkətlərlə məqsədyönlü əməkdaşlıq əlaqələri çərçivəsində öz üzərinə düşən vəzifələri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirib. BP, “Heavy Crane” FZE şirkətinin Azərbaycan filialı, “Caspian Pipe Coatings” MMC, Gürcüstan Bələdiyyə İnkişaf Fondu, “BOS Shelf” MMC və digər bu kimi beynəlxalq şirkətlərlə əməkdaşlıq davam etdirilir.

2006-cı ildən fəaliyyət göstərən Gürcüstan Nümayəndəliyimiz bu ölkədə neft-qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi, həmçinin infrastruktur layihələrinin icrası ilə məşğuldur. Hazırda Nümayəndəlik tərəfindən “Telavi-Kurdqelauri Su Təchizatı Sisteminin Bərpası” və “Kareli Su Təchizatı Sisteminin Bərpası” layihələri üzrə tikinti-quraşdırma işləri uğurla davam edir. Layihələrlə bağlı son tamamlama işləri görülür və yaxın zamanda istismara təhvil verilməsi planlaşdırılır. Eyni zamanda, bu ilin iyun ayından başlayaraq “SOCAR Georgia Gas” MMC-nin sifarişi ilə “Marneuli Bələdiyyəsinin Agmamedlo kəndinin qazlaşdırılması” layihəsi də icra olunur və bu ilin sentyabr ayında yekunlaşdırılması nəzərdə tutulur. Layihənin icrasında məqsəd 600 abonentin qazla təchiz olunmasıdır. Ötən il isə “SOCAR Georgia Gas” MMC-nin sifarişi ilə Trestin Gürcüstan Nümayəndəliyi tərəfindən bu ölkədə “Çiatura Bələdiyyəsinin Şukruti və Kalauri kəndlərinin qazlaşdırılması” layihəsi uğurla icra olunub və sifarişçiyə təhvil verilib.

- Texnoloji nailiyyətləriniz, tətbiq edilən modern texnologiyalar barədə fikirləriniz oxucularımız üçün  maraqlı olar.

- Tikinti-quraşdırma proseslərində müasir yanaşmalar əsasında son texnologiyalar və metodların tətbiqini prioritet elan etmişik. Bu yanaşma öz növbəsində müvafiq işlərin tam keyfiyyətlə, rahat və operativ yerinə yetirilməsini təmin edir. İstehsalatda Almaniya, ABŞ, İtaliya, Hollandiya, Avstriya kimi inkişaf etmiş ölkələrin texnoloji avadanlıqları tətbiq olunur.

Trest ölkənin neft-qaz sənayesində bir ilkə imza atıb. Belə ki, magistral boru kəmərlərinin tikintisi zamanı ilk dəfə olaraq yarımavtomat və avtomat qaynağı tətbiq edilməyə başlanıb. Artıq 5 ildir ki, yeni texnologiyanın tətbiqi ilə sifarişçilərə qaynaq xidmətləri göstərilir. Qaynaq işlərində bu kimi yeni texnologiyanın tətbiqi neft-qaz xətlərinin tikintisi zamanı maksimum keyfiyyətə, qaynaq materiallarının ərimə əmsalının yüksək olmasına səbəb olur. Eyni zamanda, bu yenilik qaynaq birləşmələrinin mexaniki xassələrini stabil və möhkəm edir, qaynaqçının (operator) fiziki yüklənməsini azaldır. Bu gün də uğurla istifadə olunan yarımavtomat və avtomat qaynaq üsulunun Trestin müxtəlif layihələri üzrə tətbiqi günü-gündən daha da genişləndirilir.

- “Neftqaztikinti” Trestinin fəaliyyətinin qiymətləndirilməsi və qurumun ictimaiyyətlə əlaqələri hansı səviyyədə qurulub?

- Fəaliyyətimiz bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən zaman-zaman yüksək qiymətləndirilib. Belə ki, Trest Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2010-cu ildə “Peşəkar və səmərəli fəaliyyətinə görə” Fəxri Fərmanla təltif edilib. 2011-ci ildə “Azərbaycanda və ölkə xaricində həyata keçirilən beynəlxalq neft-qaz tikinti layihələrinin icrasında əldə etdiyi nailiyyətlərə görə” “Uğur” Milli Mükafatına layiq görülüb.

“Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu” və “Caspian Energy International Media Group” tərəfindən bir neçə dəfə mükafatlara layiq görülmüşük. Belə ki, Trest 2012-ci ildə “İlin Neft və Qaz Tikinti Şirkəti”, 2014-cü ildə “Neft və Qaz Sektorunda İlin Tikinti Şirkəti”, 2015-ci ildə isə “Neft-qaz yataqlarının abadlaşdırılması sahəsində İlin Şirkəti” elan olunub. Müxtəlif illərdə qazandığı mükafatlar bir daha sübut edir ki, Trest öz fəaliyyətini beynəlxalq standartların tələblərinə əsasən yüksək keyfiyyətlə reallaşdırmaqla sifarişçi etimadının və məmnunluğunun yüksəlməsini təmin edir.

Trest tərəfindən öz səlahiyyətləri çərçivəsində media resursları vasitəsilə fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması həyata keçirilir. Mətbuat üçün press-relizlər dərc olunur, müsahibələr verilir, eyni zamanda, fəaliyyətimizi ətraflı əks etdirən korporativ jurnallarımızı çap etdiririk. İyul ayında Trestin ingilis dilində yeni korporativ jurnalı artıq işıq üzü görüb. Hazırda SOCAR NQT-nin yeni internet səhifəsinin yaradılması üzərində işlər aparılır. Yaxın aylarda saytın istifadəyə verilməsi ilə ictimai məlumatlandırma prosesi daha da aktivləşəcək.

Orxan Vahidoğlu,  “İki sahil”