SOCAR-ın “Azneft” İstehsalat Birliyi mütəmadi olaraq istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, sosial obyektlərin inşası, estakadalarda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.
Hasilat quyularının səmərəliliyinin artırılması, texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-Dəniz-Xərə-Zirə” və “8 Mart” yataqlarında yerləşən estakadayanı meydança və stasionar dəniz özülündə əsaslı təmir işləri bu tədbirlərdəndir. Təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılmışdır.
Birliyin sifarişi əsasında “Səngəçal-Dəniz-Xərə-Zirə” yatağında yerləşən 682 saylı estakadayanı meydançada həyata keçirilmiş əsaslı təmir işləri çərçivəsində 56 ədəd möhkəmləndirici svay vurulmuş, 6 metal lövhə quraşdırılmışdır. Meydançada 148 metr uzunluğunda məhəccər çəpəri quraşdırılmış, 10 ədəd işıq dirəyi yenisi ilə əvəz olunmuşdur. Yataqdakı 566 saylı stasionar dəniz özülündə aparılmış əsaslı təmir zamanı 2 metal lövhə quraşdırılmış, 2 minik meydançası yenisi ilə əvəz olunmuşdur. Meydançada 240 metr uzunluğunda məhəccər çəpəri və 1 ədəd piyada körpüsü quraşdırılmış, 23 işıq dirəyi yenisi ilə əvəz olunmuşdur.