Avqustun 8-də Beynəlxalq Ekoenergetika Akademiyası ilə “SOCAR Methanol” MMC arasında anlaşma memorandumu imzalanıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, anlaşma memorandumunu Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti professor Fəqan Əliyev və “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev imzalayıb.
Azərbaycanda qaz-kimya sahəsində ilk istehsal obyekti olan metanol zavodu ilə ekoloji və təmiz enerji mənbələrinin tədqiqində yüksək nailiyyətlər əldə etmiş akademiyanın əlaqələrini möhkəmləndirən bu memorandum iki qurum arasında elmi-texniki əməkdaşlığın yaranmasını və təkmilləşməsini əhatə edir.